Azərbaycanın müstəqillik uğrunda çoxillik mübarizəsi bizim tariximizdir

28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105  il ötür.
1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilirdi. Lakin Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.
1917-ci ildə baş vermiş Fevral inqilabı nəticəsində Çar Rusiyası süqut etdi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).
1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovet İttifaqı, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Lakin istiqlal ideyası yenilmədi və 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Azərbaycan üçüncü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ənənəsinə sadiq qalaraq mayın 27-də - Müstəqillik Günü ərəfəsində Zəngilana səfər etdi. Rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı oldu. Bununla da “Böyük Qayıdış” adlanan prosesə start verildi. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir.
Bu gün Müstəqillik Günü xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur. Bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək və Müstəqillik Günündə Azərbaycan xalqı ilə bərabər olacaq. Bu isə milli bayrama xüsusi dəyər qatacaq, Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya bir daha nümayiş etdirəcək.
Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.
Fərqanə Babayeva 

Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti