Dünən, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də
Şuşada imzalanmış Bəyannamə iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci
il tarixində imzalanmış Qars müqaviləsinin, 9 fevral 1994-cü il tarixində imzalanmış
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli
əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə
də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin
davamıdır.
Bu bəyannamənin əhəmiyyətini anlamaq üçün Prezident İlham Əliyevin
dəfələrlə vurğuladığı “müttəfiqlik” ifadəsinə diqqət yetirilməlidir. Heç kimə sirr deyil ki,
beynəlxalq münasibətlərdə ittifaq müharibə vəziyyətində iki və ya daha çox dövlət
arasında imzalanan rəsmi müdafiə müqaviləsidir. Bu cür sazişlər müdafiə xarakteri
daşıyır, tərəflərdən birinə üçüncü dövlət və ya koalisiya tərəfindən hücuma məruz
qaldıqda, qüvvələri birləşdirmək məsuliyyətini imzalayan dövlətlərin üzərinə qoyur.
Əslində, Azərbaycanla Türkiyə əvvəldən əzəli müttəfiqdirlər, bu bəyannamə ilə
sadəcə münasibətlər rəsmiləşib. Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsi
sözügedən bəyannamədən bir il öncə baş verib. Hansı ki, Prezident İlham Əliyev “44
günlük Vətən müharibəsində Türkiyənin dəstəyi olmasaydı, müdaxilə etmək
istəyənlər çox olardı” deməklə həm əzəli müttəfiqliyimizin mövcudluğuna işarə edib,
həm də haqqında söz açdığımız Şuşa bəyannaməsinin rəsmiləşdirilməsinin zəruri
olduğunu diqqətə çatdırıb.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Beynəlxalq
müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, həmçinin
enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün
önəmi qeyd olunmuşdur. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində
əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bununla yanaşı
tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində
əməkdaşlıq məsələləri Bəyannamədə qeyd olunmuşdur. Bu bir daha göstərir ki,
Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir.
Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir,
bundan sonra da bu, belə olacaq. Azərbaycanın ərazi bütövlüyünün bərpa
edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır. Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci
bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri
xalqlarımızın nümayiş etdirdiyi vahid mövqe birliyimizin bariz nümunəsidir.
Şuşa bəyannaməsinə əsasən iki ölkə arasında yaranan rəsmi müttəfiqlik sırf
müdafiə məqsədi daşıyır və heç də üçüncü tərəfə qarşı deyil. Tərəflər milli maraq
kəsb edən regional və qlobal məsələləri müzakirə etmək üçün təhlükəsizlik şuraları
səviyyəsində birgə görüşlər keçirməyə razılaşıblar. 2007-ci ildən etibarən
Yüksəksəviyyəli Hərbi Şurada müzakirələr aparılırdı və həmin şuralara müdafiə
nazirlərinin müavinləri rəhbərlik edirdi. İndi bu toplantılar dövlət başçılarının rəhbərlik
etdiyi təhlükəsizlik şurasının birgə iclasları səviyyəsinə qaldırılıb. İkitərəfli əlaqələr
baxımından ən diqqət çəkən məsələlərdən biri müdafiə sənayesi texnologiyaları
sahəsində əməkdaşlığın artırılmasıdır. Prezident Ərdoğan bununla bağlı bildirdi ki,
Türkiyə texnologiya sahəsində biliklərini Azərbaycanla paylaşacaq və ortaq istehsal
sahələri yaradacaq. Yəni bu layihənin reallaşması ilə Azərbaycan hərbi texnologiya
idxal edən dövlətdən istehsal mərkəzinə çevriləcək. Şuşa bəyannaməsində qeyd
olunan maddələrdən biri də iki ölkənin regionda əməkdaşlıq baxımından gündəmdə
saxladığı nəqliyyat dəhlizidir. İkitərəfli əməkdaşlıq nəticəsində Bakı-Tiflis-Qarsın
başa çatdırılması regionda yeni əməkdaşlıq imkanları açıb.
Orta Asiya, Azərbaycan və Türkiyə arasında olan, Türk Şurasının dəstəklədiyi
Mərkəzi Dəhliz də Şuşa bəyannaməsinə daxil edilib. Bundan başqa, İkinci Qarabağ
müharibəsindən sonra iki qardaş ölkə arasında yeni dəhliz imkanı yaranıb.
Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulamaqla
bu siyasətlərin əslində uzunmüddətli olduğu ortaya çıxıb. Mövcud şəraitdə
Ermənistanın acınacaqlı vəziyyətdən yeganə çıxış yolu öz qonşuları ilə, ilk növbədə
Azərbaycanla normal əlaqələr qurmaq və ərazi iddialarından, düşmənçilikdən, işğal
siyasətindən əl çəkməkdir. Azərbaycan Ermənistana indiyə qədər törətdikləri bütün
mənfur əməllərinə rəğmən yenə də regionda sülhün, sabitliyin, davamlı inkişafın,
əməkdaşlıq mühitinin təmin olunması naminə bu şansı verir. Əlbəttə, biz heç nəyi
unutmamışıq və unutmayacağıq. Şuşa bəyannaməsinin imzalanması yalnız Türkiyə -
Azərbaycan əlaqələri üçün deyil, eyni zamanda bütün türk dünyasının birliyi üçün
önəmlidir. Qəribə deyil ki, tarix boyu işğalçı dövlətlər Azərbaycana və Qafqaza
hücum zamanı ilk növbədə məhz Şuşanı ələ keçirməyə cəhd ediblər və hətta bu
istəyə çatmaq üçün onlar qalanı aylarla mühasirədə saxlayırdılar. Eynilə ermənilər
də belə ediblər. Çünki hər iki qəsbkara aydın idi ki, Şuşa strateji baxımdan bölgənin
açarıdır, kim ona sahib olacaqsa, Qarabağa və bütün Qafqaza nəzarət edəcək.
Prezident Ərdoğanın “münasibətlərimizin gələcəyi üçün yol xəritəsi” olaraq
xarakterizə etdiyi bu bəyannamə, ölkələrimizin İkinci Qarabağ müharibəsindən
sonra, xüsusilə də bütün sahələrdə imkanları birləşdirərək fəaliyyətlərini davam
etdirmək səylərinin davamıdır. İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha
ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində
konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının
Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət
göstərəcəklərinə bir işarədir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa
müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir. Şuşada konsulluğun açılmasının
iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda
Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik
bir mesajdır. Bir sözlə, iki qardaş dövlət arasında formalaşan münasibətlər Şuşa
Bəyannaməsi ilə özünün məntiqi zirvəsinə yüksəlib.
Məcid Rəsulov
Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info