BU GÜN FÜZULİ ŞƏHƏRİ GÜNÜDÜR

Vətən müharibəsinin 21-ci günü 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu.

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki,  Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın  gücünü görüb və bunu etiraf edib.

Azərbaycan Ordusu bu istiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirdi. Bu tarixi qələbə 44 günlük şanlı Vətən müharibəsinin gedişatında həlledici mərhələlərdən biri oldu.

2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis olunub. Dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu bu medalla təltif olundu.

Qeyd edək ki, işğaldan əvvəl Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin ərazi olub. Düşmən rayonun tarixi-mədəniyyət abidələrinin bir hissəsini vandalcasına dağıdıb. Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur, tarixi abidələri bərpa olunur. Eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı”  böyük uğurla həyata keçirilir. Müharibədən sonrakı illərdə rayon ərazisində infrastruktur yenilənir, sosial obyektlər tikilir. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayonu sakinlərinin bir hissəsi doğma yurd yerlərinə artıq qayıdıb. Artıq beş ildir ki, Füzulidə  Azərbaycanın Üçrəngli Bayrağı dalğalanır Şəhərdə aparılan böyük quruculuq işləri  sayəsində indiyədək 824 ailə, 3 min 141 sakin öz ata -baba yurduna qayıdaraq, orada yaşamağa başlayıb.  


 Zərxanım Zülfüqarova               

Suraxanı rayonu, 232 nömrəli  tam orta məktəbin Tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti