Zəngilan – Qayıdışın Ünvanı

Zəngilan şəhər günü — Azərbaycan Ordusunun zəfər nişanəsidir.

Qafqazı işğal edən qüvvələr bölgədə yüz illər ərzində formalaşmış münasibətləri sistemli şəkildə məhv edərək öz hakimiyyət mexanizmini qurdu. Bu həm də bölgədə ermənidövlətçiliyinin formalaşması prosesinə təkan verdi. 1920-ci il 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etdilər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirildi. Nəticədə qəzanın yuxarı hissəsi — Qərb Zəngəzur — Ermənistana verildi.

 Şərq Zəngəzurun rayonlarından biri olan Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər uzanır. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonları, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Dağətəyi ərazidə yerləşən Zəngilanın iqtisadiyyatı əsasən kənd təsərrüfatı yönümlü olmuş, 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatını əhatə    etmişdir.

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşlar. 25–29 oktyabr 1993-cü illərdə Zəngilan rayonunun əhali son ana qədər müqavimət göstərərək 235 nəfər şəhid və itki vermiş, Araz çayını keçərək İran İslam Respublikası ərazisi vasitəsilə Azərbaycanın  43    rayonunda müvəqqəti    məskunlaşmışdı.

 İşğal illərində Zəngilan ərazisində XVII əsrə aid İmam Hüseyn məscidi, XIX əsrə aid Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kəndlərindəki məscidlər, Xanazor və Yeməzli kəndlərindəki alban kilsələri, Məmmədbəyli kəndindəki XIV əsrə aid Səkkizgüşəli türbə, Ağkənd kəndində Ziya Baba ocağı, Bartaz kəndində Xanazur türbəsi və başqa ziyarətgahlar erməni işğalçılarına qarşı vandal hərəkətlərin    qurbanı    olmuşdur.

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Prezident cənab İlham Əliyev xalqa müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad  edildiyini    elan    etmişdir.

Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilmişdir. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu bu medal ilə təltif  olunmuşdur.

Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir Sözügedən sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən edilmişdir.

“Böyük Qayıdış” və Zəngilan rayonunun yenidən inkişafının başlanğıcı olan birinci pilot layihə Zəngilandakı Ağalı kəndində icra edilmişdir. Orada 200-dən çox müasir ev inşa edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı  təsdiq    etmişdir.

 Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşdiyi üçün Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amildir. Hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Həmçinin Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun və avtomobil yolunun inşası bölgənin nəqliyyat qovşağına çevrilməsi üçün strateji əhəmiyyət kəsb    edir.

 İşğal dövründə Zəngilan şəhərindəki tarixi məscid tövlə kimi istifadə olunmuş, XIX əsrdə inşa edilmiş memarlıq abidəsi vəziyyətini itirmişdir. Ərazilər azad olunduqdan sonra Qarabağdakı tarixi və mədəni abidələrin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdır. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilmişdir. Yeni məscid binası düzbucaqlı planlı, iki minarəli, üç nefli layihələndirilmiş, 220 və 100 nəfərlik ibadət zalları yaradılmışdır. Minarələr və günbəz kaş və kərpicdən yığılmış, interyerdə nəqqaşlıq işləri aparılmışdır. Minbər və şəbəkə elementləri təbii    ağacdan    hazırlanmışdır.

Zəngilanda pilot kənd təsərrüfatı layihələri — “Dost Aqropark” — həyata keçirilir. Bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və artıq fəaliyyət göstərir. Layihənin tam başa çatdırılması nəticəsində kompleksdə 500-dən çox iş yeri yaradılması, ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulması    nəzərdə    tutulur.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş Zəngilana ilk səfəri 23 dekabr 2020-ci ildə baş tutmuşdur. Sonrakı illərdə də dövlət başçısı dəfələrlə Zəngilana səfər etmiş, aparılan işləri dəyərləndirmiş və bir sıra təməlqoyma mərasimlərində    iştirak     etmişdir. 

İxtiyar Nəcəfov

Qaraçuxur bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti