Xankəndində hərbi parad uğurla baş tutdu

Azərbaycanın öz tarixinin parlaq səhifələrini yaşadığı bu günlərdə illərdir vətənimizin köksünə saplanmış xəyanət yarasının sağalması üçün göstərilən cəhdlərin möhtəşəm nəticəsi hər birimizi sevindirir. Xəyanət! İllərlə torpaqlarımızda bizimlə bərabər yaşayan, yaxşı şəraitə, ictimai mövqeyə malik olan, cəmiyyətin üstün təbəqlərində yüksək statusla və idarəetmə sahəsində yuxarı vəzifələrlə təmin olunan, bütün bu müsbət münasibətə baxmayaraq vətəndaşı olduqları dövlətə qarşı çıxan ermənilərin son 30 ildə xalqımızın başına gətirdiklərini özündə ən məkrli, qanlı və qeyri-insani xüsusları birləşdirən bu ifadədədən başqa heç bir sözlə ifadə etmək mümkün deyil. Bu gün Azərbaycan dövləti öz ərazilərində suveren hüquqlarının bərpasını fəxrlə qeyd edir.

Dövlət başçısı Prezident İlham Əliyevin Xankəndidə hərbi parad qəbul etməsi və ordumuzun güc nümayişi bizim üçün qürur yeri olmaqla bərabər həm də sülhün dayanıqlılığına əminlik yaradır. Bütün bunları izləyərkən yalnız parlaq qələbə və möhtəşəm nəticə deyil həm də 30 illik gərgin fəaliyyət, strateji planlaşdırma, bugünkü nəticəyə hesablanmış maliyyə sərfi və addım-addımməqsədə doğru gedilən yol göz önünə gəlir. Və bir anlıq təsəvvür etsək ki, 30 il əvvəl Qarabağda yaşayan ermənilər hansısa avantürist millətçilərin, onları məqsədli şəkildə tətikləyən xarici manipulyatorların planlarına alət olmasaydılar bugünkü mənzərə necə olardı göz önündə tamam fərqli tablo canlanır. Lakin tarix dəyişdirilməsi mümkün olmayan ağrılı-acılı illəri və böyük sınaqları bizə bəxş etməklə həm də öz gücümüzü və dəyanətimizi bizə göstərdi.

Bu xalqın çətin anlarında meydana atılaraq çıxılmaz hesab olunan vəziyyətlərdə müdrik siyasət yürüdən Ulu Öndər, əzm və cəsarəti ilə bütöv bir orduya nümunə olan Ali Baş Komandan yetişdirə bildiyini bütün dünyaya nümayiş etdirdiHəm 2020-ci ilin 10 noyabr tarixində Ermənistanın kapitulyasiya aktına imza çəkməsi həm də cari ilin sentyabr ayında antiterror əməliyyatının 23 saat ərzində yekunlaşması onu göstərdi ki, xalqımız ən vacib məqamlarda öz liderinin ətrafında sıx birləşməyi və ordusunun mənəvi dayağı olmağı bacarır. Əsgər və zabitlərimizin döyüş meydanında göstərdikləri şücaətin, bütün dünyanı heyrətə salan və hərb tarixinə qızıl hərflərlə yazılan əməliyyatların ruhu məhz milli birliyin və nəticəyə olan inamın sayəsində yaranmışdı. Çətin şəraitdə döyüş tapşırığını şərəflə yerinə yetirən hərbçilərimiz qanları, canları bahasına qazandıqları qələbəni onları yetişdirən xalqa ərməğan etməklə həm də dövlətimizin sözdə deyil əməldə öz iradəsini yeritməyə qadir olduğunu göstərdilər. Bu eyni zamanda uzun illər ərzində sülh danışıqlarının nəticə verməsi üçün əvəzsiz səylər göstərən dövlətimizin aciz deyil sülhsevər olduğu üçün səbr və təmkin nümayiş etdirdiyinin sübutu oldu
Vətən müharibəsinin davam etdiyi günlərdə üstün mövqeyə sahib olduğu və sürətlə irəlilədiyi bir vaxtda qarşı tərəfin müharibəni dayandırmaqla bağlı müraciətlərini nəzərə alması, ərazilərimizin geri qalan hissəsinin boşaldılmasının silahsız və qansız baş tutmasına tərəfdar çıxması Azərbaycanın mövqeyini bir daha gözlər önünə sərdi. Lakin qarşı tərəf özünə verilmiş imkanı yenə də qeyri-insani əməlləri üçün fürsətə çevirdi. Torpaqlarımızda törətdikləri meşə yanğınları, mina basdırılmaları onu göstərdi ki, zəhərlənmiş beyinlərin məhv olması şərtdir. Nəhayət 2023-cü ilin sentyabr ayında baş tutan antiterror əməliyyatı təkcə Azərbaycan xalqı üçün deyil eləcə də erməni xalqı üçün bir xilas yolu oldu. Uzun illər ərzində bölgədə qanlı əmliyyatların baş verməsinə, avantürist ideyaları ilə müharibə şəraitinin davam etdirilməsinə və hər iki tərəfdən istər insani istərsə də iqtisadi itkilərin olmasına səbəb olan cinayətkar qruplar zərərsizləşdirildi. Bu həm də Ermənistanda eyni fikirləri bölüşən qüvvələrə yaxşı bir dərs oldu. Artıq hamı bilir ki, Azərbaycan öz ərazilərinin bir qarışını belə heç kimə güzəştə getmək fikrində deyil və öz iradəsini təmin edəcək orduya malikdir. Xankəndidə keçirilən hərbi paradın məhz bu fikirləri ifadə etdiyi də şübhə doğurmur. Ölkə başçısı Prezident İlham Əliyevin çıxışı isə hər bir ifadəsi ilə dövlətimizin mövqeyini bir daha dosta da düşmənə də çatdırdı. Həmin çıxış bir daha ifadə etdi ki, dilindən, dinindən, irqindən, milli kimliyindən və sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarının haqlarına hörmətlə yanaşan Azərbaycan dövləti təkcə öz sərhədləri daxilində deyil bütün regionda sülhün və rifahın inkişafı üçün çalışmalarından vaz keçməyəcəkdir.
Səadət Məmmədova

Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}