8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
SSRİ rəhbəri Leonid Brejnevin 1978-ci ilin sentyabrında Azərbaycana etdiyi səfər ABŞ tərəfindən ciddi şəkildə izlənilib.
Sozcu.info bildirir ki, ABŞ Dövlət Departamentinin məxfi arxiv sənədləri bunu deməyə əsas verir.
Qeyd edək ki, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnev Azərbaycana 1978-ci ildə 22-24 sentyabr tarixlərində səfər edib. Həmin səfər zamanı o, sovet Azərbaycanına uğurlarına görə növbəti Lenin ordenini təqdim edib. Səfər bütün SSRİ-də böyük maraqla izlənib. Bakıda – Lenin sarayında çıxışı zamanı L.Brejnev ölkədaxili və xarici məsələləri ilə bağlı münasibət açıqlayıb.
Həmin görüşü dünyanın digər superdövləti olan ABŞ da izləyib. Bütün bu sənədlər ABŞ Dövlət Departamenti tərəfindən hazırlanaraq prezident Cimmi Karterə məruzə olunub. Kəşfiyyat məlumatları və rəsmi informasiyalar əsasında hazırlanan teleqramlarda SSRİ rəhbərinin Bakı səfəri barədə bir sıra maraqlı qeydlər hazırlanıb.
Dövlət Departamentinə göndərilmiş "1978MOSCOW22783_d" şifrəli məxfi teleqram 1978-ci ilin sentyabrın 22-nə aiddir. Sənəddə Bakıda olan L.Brejnevin fiziki görkəmi və sağlamlığı ilə bağlı məlumatlar yer alıb: "Sovet televiziyasında göstərilən kadrlar onu deməyə əsas verir ki, Bakıda Brejnevin bir az darıxdırıcı əhavlını baxmayaraq, xarici görkəmi yaxşı olub. Bu kadrlar onun Krımda dincəldikdən sonrakı ilk görüntüləridir”.
Daha sonra məxfi teleqramda L. Brejnevin sentyabrın 22-də sovet Azərbaycanına Lenin ordenini təqdim edərkən Bakıda etdiyi çıxış təhlil olunur: "Brejnev, əvvəl deyildiyindən fərqli olaraq, görkəmcə bir az pis təsir bağışlayır. Bir qədər sanki anlaqlı görünmür. Enerji və psixoloji halı minimumdur”.
Teleqramda göstərilir ki, L.Brejnev sentyabrın 22-də 55 dəqiqə çıxış edib.
Məlumatda bu çıxış xüsusi qeyd olunub. Qeyd olunub ki, Brejnev çıxışında beynəlxalq məsələlər barədə danışarkən nitqi daha aydın və yaxşı olub. "Teleekranda Brejnev yaxşı görünür, biz audio və videokadrlarda hər hansı redaktə müşahidə etmədik. O, ordeni bayrağa sancan zaman nəsə anlaşılmaz ifadələr işlətdi”.
Teleqramda 20 və 21 sentyabrda Brejnevin Bakıya səfəri barədə olan xəbərlər təhlil olunur, kinosujetlər incələnir: "Xarici görkəmi və hərəkəti normaldır. Hər hansı qüsur müşahidə etmədik. Kadrlarda Brejnevin gözü ətrafında olan şişkinlik var”.
Dövlət Departamentinə göndərilən sənəddə Brejnevi hər yerdə Azərbaycan SSRİ-nin birinci katibi Heydər Əliyev müşayiət etməsi vurğulanır. Digər kadrlarda isə Çernenko bütün yerlərdə onun yanında görünür.
22 sentyabrda göndərilən "1978STATE243631_d" saylı digər məxfi teleqramda L.Brejnevin Bakıda beynəlxalq məsələlər barədə dedikləri təhlil olunub. Burada deyilir ki, Brejnevin Əfqanıstanla bağlı çıxışı diqqətçəkən olub: "Bu çıxış Sovet İttifaqının Əfqanıstana qeyri-adi yüksək marağının göstəricidir və ola bilsin ki, bir çox müşahidəçilərin artan marağını qabaqlamaq üçün işlənib. Bu, çox guman ki, Əfqanıstandakı "aprel inqilabı”nda "Moskvanın əli olması” barədə Brejnev üçün xoş olmayan mövqeyi dəyişməyə yönəlib”.
Sənəddə maraqlı bir qeyd də var. Məxfi teleqramda deyilir ki, "”Müstəqil” və bloklara qoşulmayan Əfqanıstan ideyası onu düşünmyə əsas verir ki, Sovet rəhbərliyi Əfqanıstanda bu standartları güclə müdaifə etmək üçün əlverişli zaman yetişdiyini düşünür”.
"Brejnevin qeyd etdiyi "əfqan-sovet münasibətləri möhkəmdir və gələcəkdə daha da yaxşılacaq” sözləri onu göstərir ki, bu məsələdə üçüncü tərəfin maraqları əsəbi qarşılanır” – deyə məxfi sənəddə vurğulanır.
Xatırladaq ki, SSRİ Əfqanıstana yalnız bir ildən sonra – 1979-ci ilin dekabrında müdaxilə edib.
Daha sonra Brejnevin çıxışında ABŞ-SSRİ münasibətləri barədə detallar təhlil olunur. Teleqramda vurğulanır ki, ABŞ-la münasibətlər SSRİ üçün əsas diqqət mərkəzindədir.
Baş katib Leonid Brejnev SSRİ-yə rəhbərliyi dövründə bir neçə dəfə Azərbaycana səfərə gəlib.
Xaqani SƏFƏROĞLU
Strateq.az