8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Belarus ərazisində Belarus və Rusiya qoşunlarının iştirakı ilə "Qərb-2017” birgə təlimləri başlayır.
Sozcu.info publika.az-a istinadən xəbər ki, rəsmi məlumatlara görə, təlimlərə 10 min 200 hərbi qulluqçu cəlb ediləcək.
Onlardan 3 mini Rusiya hərbçiləridir. Təlimlərə hərbi texnikanın 680-ə qədər vahidinin cəlb edilməsi planlaşdırılır. Təlimlər yeddi poliqonda keçiriləcək.
Belarus Müdafiə Nazirliyindən bildiriblər ki, birgə hərbi manevrlər xüsusi müdafiə xarakterinə malikdir.
"Təlimin əsas məqsədi ittifaq dövlətinin hərbi təhlükəsizliyinin təminatı üzrə Belarus və Rusiyanın imkanlarını və mümkün təcavüzün dəf edilməsinə hazırlığı yoxlamaq, həmçinin hərbi idarələrin koordinasiya səviyyəsini yüksəltməkdir”, - idarənin bəyanatında deyilir.
Amma 20-nə keçiriləcək Belarus-Rusiya "Qərb-2017” birgə hərbi təlimlərinin gedişatı Qərbdə narahatlıqla izlənilir. Belarusun TUT.BY portalının bir neçə gün əvvəl dərc etdiyi məqalə də Qərbin narahatlığının müəyyən qədər əsasının olduğunu göstərir.
Portal 1981-ci ildə sentyabrın 4-dən 12-dək müasir Belarus, Ukrayna və Baltikyanı ölkələrin ərazisində keçirilən "Qərb-1981” sovet ordusunun təlimlərinin xatırladıb.
Təlimlər SSRİ tarixində ən böyüklərdən biri idi. Təlimlərə 100 mindən çox əsgər və zabit, minlərlə tank, BMP (piyada döyüş maşını), artilleriya topları, yüzlərlə təyyarə və vertolyot cəlb edilmişdi və SSRİ-nin hərbi gücünü NATO ölkələrinə nümayiş etdirməli idi. Ssenari Mərkəzi Avropada aktiv döyüş əməliyyatlarının keçirilməsini nəzərdə tuturdu.
Təlimlərin şərtləri döyüş əməliyyatlarına maksimal uyğunlaşdırılmışdı. Desant qüvvələrinin rəqibin arxasına endirilməsi ilə başlanan hücum əməliyyatı çərçivəsində qoşunların Polşa ərazisinə mümkün hərəkəti yerinə yetirilirdi. Rəqib üzərində qələbə nüvə silahının tətbiqi olmadan əldə edilirdi. Şimali Atlantika İttifaqı bu təlimləri "son dərəcə müvəffəqiyyətli” adlandırdı. Sovet komandanlığı hesab edirdi ki, hərbi əməliyyatların başlanması halında SSRİ ordusu Portuqaliyanın sərhədlərinə operativ çıxa bilərdi.
Qərb generaliteti arasında artan narahatlıq bundan ibarətdir ki, Qərb sərhədlərində Rusiyanın hərbi gücü təlimlərdən sonra da saxlanılacaq.
Belarusun müdafiə naziri Oleq Belokonev Minskdə keçirdiyi brifinqdə açıqladığı hərbi təlimlərin ssenarisi də Qərbin narahatlığını artıran məqamdır. Ssenariyə görə, Qərbdən Rusiya və Belarusa hücum edirlər. Amma birləşmiş qoşunlar hücumu dəf edərək rəqibi geri tullayır.
Təlimlərin ssenarisinə görə, "Veysnoriya”, "Vesbariya” və "Lubeniya” şərti dövlətlər Belarus və Rusiyaya hücum edirlər.
"Lubeniya” Polşanın şimali-şərq, Litvanın cənubi-qərb, ("Suvalkovski dəhlizi”), "Vesbariya” Latviyanın qərb və mərkəzi, "Veyşnoriya” isə Belarusun Grodno, Minsk və Vitebsk bölgələrinin şimali-qərb hissəsində yerləşir. Rəqib konkret olaraq göstərilib: Polşa və Litva. Ssenariyə əsasən, qonşu ölkələr arasındakı əlaqələr etnik və dini ziddiyyətlər, habelə ərazi iddiaları əsasında pisləşib.
"Veyşnoriya” şərti ölkəsi real Belarusun şimali-qərb hissəsində yerləşir. Qərb ölkələrinin Belarusda stabilliyi pozmaq və ittifaq dövlətinin subyektləri arasında münasibətlərin pisləşməsinə nail olmaq cəhdi vəziyyətin kəskinləşməsinin əsas səbəbidir”, - Oleq Belokonev izah edib.
Rusiya Baş qərargahın başçısı söz verib ki, Rusiya qoşunları sentyabrın 3-na qədər ölkəni tərk edəcək. Ancaq NATO alyansı, həmçinin Ukrayna son illərdə Rusiyanın davranışını nəzərdə tutaraq, bundan şübhələnirlər.
Məsələn, Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəhbəri, ordu generalı Viktor Mujenko əmindir ki, təlimlər Rusiya qoşunlarının hücum hərəkətlərinin hazırlığına yönəldilib.
"Təlimlərə hazırlığın real miqyası göstərir ki, həqiqi hədəf rəsmən elan edilmiş çərçivədən kənara çıxır”, - general bildirib.
O həmçinin qeyd edib ki, təlimlərdə iştirak edəcək hərbçilərin ümumi sayı 230-240 minə çatır. Mujenkonun sözlərinə görə, strateji təlimlər və onlara cəlb edilən qoşunların tərkibi Moskvaya həm cənubi-qərb, həm də qərbdə hücum qoşunlarından istifadə üçün ilkin şərtlər yaratmağa imkan verir.
May ayında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov xəbərdarlıq edib ki, Rusiya Belarusla birgə keçirəcəyi "Qərb-2017” genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır.
Daha əvvəl Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bildirib ki, "Qərb-2017” təlimləri Belarus ərazisindən Ukraynaya birbaşa təcavüzə çevrilə bilər.
Vaşinqtonda yerləşən Atlantik Şurasının xarici siyasət məsələləri üzrə eksperti Stiven Blank mart ayında "Atlantic Council” üçün yazdığı məqaləsində qeyd edib ki, "Qərb 2017” təlimləri və Rusiyanın digər hərbi planları Ukrayna, Belarus və hətta Qafqaza yeni müdaxilə barədə qorxuları artırır.
Analitiklərə görə, "Qərb-2017” təlimlərində Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirməkdir. Hansı ki, indi Belarus bunda o qədər də maraqlı deyil. Minsk Qərblə münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə xeyli irəliləyişlərə nail olub. Məhz bu səbəbdəndir ki, son vaxtlar Moskva və Minsk arasında münasibətlərdə soyuqluq yaranıb.
Moskva rəqəmlər haqqında NATO-nu adətən əvvəlcədən məlumatlandırır. Amma Qərb ona verilən məlumatların həqiqətəuyğun olmasından şübhələnir. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Moskvanın verdiyi məlumatlar ittifaqa üzv dövlətləri tərəfindən şübhəli sayılacaq.
"Əvvəlki təlimlər də göstərdi ki, Moskva təlimlərə göstəriləndən daha çox qoşunları cəlb edib”, - NATO-nun baş katibi bildirib.
Litvanın müdafiə naziri Raymundas Karoblis isə 100 min Rusiya əsgəri haqqında danışır. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin "NATO-nu yoxlamağa” hazırlaşır. Litva ehtiyat edir ki, təlimlər başa çatdıqdan sonra Rusiya əsgərləri Avropa İttifaqının sərhədlərində qala bilər.
Prezidentliyə keçmiş namizəd, Belarusun müxalifət siyasətçisi Nikolay Statkeviç də bunu mümkün hesab edir. O qeyd edib ki, Belarus təlimlər nəticəsində öz müstəqilliyini itirə bilər. Lukaşenko isə bütün bu iddiaları rədd edir.
Litva və Polşa arasında sərhəd sahəsi olan "Suvalkovski dəhlizi” NATO-nun ən zəif yeri hesab edilir. Dəhlizin eni təxminən 100 kilometrdir və qərbdə Rusiyanın Kalininqrad vilayəti, şərqdə isə Belarusla həmsərhəddir. Müharibə olacağı halda dəhlizin Rusiya tərəfindən tutulması NATO-nun Baltikyanı ölkələrinə yolunu kəsəcək. Ekspertlər "Suvalkovski dəhlizi”ni tez-tez NATO-nun "Axilles daban”ı adlandırırlar.
Təsadüfi deyil ki, , 17-19 iyun tarixlərində Litvada və Polşada keçirilən təlimlərdə də "Suvalkovski dəhlizi”nin müdafiəsi işlənilib.