Baş prokurorluq büdcə oğrularının işini araşdıracaq

 


Maliyyə Nazirliyi büdcə təşkilatlarında maliyyə pozuntuları ilə bağlı üzə çıxardığı sənədlər buna imkan verir

Maliyyə nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə dövlət büdcəsindən 14 rayon və şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə ayrılmış vəsaitlərin istifadəsi zamanı dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi halları aşkar edib. Eyni qanun pozuntusu 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı müəssisəsinə, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə ayrılan büdcə vəsaitlərinin istifadəsi zamanı da baş verib.

Cavanşir Yusifovun rəhbərlik etdiyi Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına aşkar olunan 7367,9 min manat məbləğində artıq ödənişlərin 4673,7 min manatının yoxlamaların gedişində, 81,8 min manatının isə cari ilin əvvəlində bərpası təmin etsə də, 2812.4 min manatın taleyi qaranlıqdır. Belə görünür ki, büdcəyə bərpası mümkün olmayan 2812.4 min manatın Baş prokurorluqda aparılan araşdırmaların əsas mövzusu olacağı gözlənilir.

Dövlət Maliyyə Nəzarəti Xidməti məniməsəmə əlamətləri müşahidə etdiyi nöqsanlara bağlı sənədlərə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərib. Bundan əlavə Dövlət Maliyyə Nəzarəti Xidməti 20 müraciətin araşdırılması zamanı aşkar edilən nöqsanların ciddiliyi nəzərə alınaraq araşdırılmaların nəticələrinə dair tərtib edilən sənədlər həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərib.

Dövlət Maliyyə Nəzarəti Xidməti "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri tərəfindən külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı istintaqı aparılan cinayət işi ilə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı aparılan nəzarət tədbirləri yekunlaşdırılıb və aşkar edilən nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərib.

Çox maraqlıdır ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda aparılan yoxlamalarla əsasən abadlıq və təmir işlərinin podratçı təşkilatlar tərəfindən dəyərinin əsassız olaraq artırıldığı və bu hesaba onlara artıq büdcə vəsaitinin ödənildiyi, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların, iş və xidmətlərin satın alınması hallarına yol verildiyi aşkar edilib. Bu isə "Yeni Sözçü” qəzetində abadlıq və təmir işləri zamanı mənimsəmələrə yol verilməsi haqqında dərc edilən məlumatların doğru olduğunu təsdiq edir.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrində zərərli iş şəraitində işləməyən işçilərə zərərli iş adı ilə əlavə haqq ödənilməsi, maddi-məsul şəxslərin öhdələrində dərman preparatları üzrə çatışmazlıqların olması, xırda və iri buynuzlu heyvanların saylarının artıq göstərilməsi hesabına vaksin preparatlarının artıq silinməsi ilə bağlı halları ilə bağlı üzə çıxardığı pozuntular "Yeni Sözçü” qəzetinin Dövlət Baytarlıq Nəzarəti Xidmətində neqativ halların olması ilə bağlı araşdırmalarının da həqiqəti əks etdirdiyini təsdiq edir.

Şübhəsiz ki, Baş prokurorluq Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə vəsaitlərindən istifadə zamanı ayrı-ayrı müəssisə, təşkilat və idarəetmə orqanında üzə çıxardığı qanun pozuntularını ciddi araşdıracaq. Ancaq o da məlumdur ki, maliyyə nazirliyi və Hesabama Palatası büdcədən maliyyələşən bütün qurumlardakı vəziyyəti araşdırmır. Deməli, büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı bütün hallar üzə çıxarılmayıb. Prezident İlham Əliyevin büdcə vəsaitlərindən istifadə zamanı neqativ hallara yol verilməsinə qarşı ictimaiyyətin mübarizə aparması haqqında çağrışı hər bir vətəndaşın, media qurumunun üzərinə vəzifələr qoyur. Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə siyasətinin fəal təbliğçisi kimi "Yeni Sözçü” qəzeti də öz üzərinə düşən vəzifəni həyata keçirməyə çalışacaq. Qeyd edək ki, "Yeni Sözçü” qəzetinin büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı bu günə kimi üzə çıxardığı bir çox faktlar aidiyyatı qurumların araşdırma başlatmasına, mənimsənilən büdcə vəsaitlərinin geri ödənməsinə səbəb olub.

Hesab edirik ki, Maliyyə Nazirliyi və Hesablama Palatası büdcə vəsaitlərindən istifadə zamanı yol verilmiş qanun pozuntularına qarşı effektiv mübarizə aparmaq üçün mətbutala daha yaxından əməkdaşlıq etməlidir. Belə olarsa dövlət başçısının korrupsiya ilə mübarizə siyasətinə daha ciddi tövhə vermiş olarlar.

Arzuman Loğmanoğlu,

"Yeni Sözşü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti