Təyyarə qəzasından 3 gün sonra səs gəldi: “Mən burdayam…” -Video

Aqşin Evrən yazır…

Azərbaycan dövləti Rusiya-Ukrayna müharibəsində ilk şəhidlərini verdi…

Təəssüf, bu haqsız müharibədən yan keçə bilmədik.

Pilotlarımız Xəzər dənizi üzərində ölüm-dirim mübarizəsində şəhid oldu, amma onlarla insanı həyatda saxlamağı bacardı.

Qarabağ müharibəsində şəhidlərimizin bu xalqı həyatda saxlamaq üçün etdiyi fədakarlıq kimi.

Yox, eyniləşdirmirəm: bilirəm, hadisə fərqlidir, amma mahiyyət, məzmun eyni.

Hökümə Əliyevanın səsi qulaqlarımdan getmir. Yəqin, getməyəcək də.

O səs bizim “səma himnimizə” çevrildi artıq.

Sağ əlimiz ürəyimizin üstündə, göy üzünə baxaraq dinləyəcəyik o himni.

O göy üzündə ki, şəhidlərimizin müqəddəs ruhları qərar tutub.

O göy üzü ki, üçrəngli bayrağı ora qaldırmaq üçün minlərlə qəhrəman canından keçib.

Bir vaxtlar Zaur Nudirəliyev, Təbriz Musazadə, Urfan Vəlizadə kimi qəhrəmanlarımızın daimi və əbədi məkanı olan göy üzü daha üç qəhrəmanı – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevanı özünə çəkdi.


Dünya mediası təyyarə qəzasında böyük qəhrəmanlıq göstərən pilotlarımızdan yazır.

Bu, işin mənəvi tərəfidir.

Gələk siyasi tərəfinə…

Məlum: Qarabağ müharibəsindən sonra Rusiya ilə münasibətlərimiz görünməmiş dərəcədə yaxşılaşıb. Bu baxımdan təyyarənin qəsdən vurulduğunu düşünmürəm.

İctimaiyyətdə Rusiyanın məsələni ört-basdır etmək istəməsi ilə bağlı haqlı qənaət formalaşıb. Açığı, rəsmi Moskvanın üzərinə düşəni edəcəyini düşünürəm. Amma gözləyək, görək şimal müttəfiqimiz hansı qərarı verəcək.

İndi isə keçək qərb müttəfiqimiz Türkiyəyə…

Həmişə olduğu kimi, qardaş ölkə yenə Azərbaycanın yanında olduğunu göstərdi.

Türkiyə mülki təyyarəmizin vurulmasını araşdırmaq üçün 8 nəfərlik peşəkar istintaq qrupunu Azərbaycana göndərib. Bu, təkcə kadr dəstəyi deyil, həm də təyyarə qəzasından 3 gün sonra Rusiyaya konkret mesajdır: “Mən burdayam…”

Yəni Ankara Rusiyanın təyyarəmizin vurulmasını ört-basdır etməsi ehtimalına qarşı hərəkət keçib.

İnanıram ki, həqiqəti batırmaq mümkün olmayacaq – təyyarəmizi Xəzərdə batırmağın mümkün olmadığı kimi.




Oxşar Xəbərlər

Xəbər lenti