““Diriliş Ərtoğrul”da döyüş səhnələrini kaskadyorsuz oynayıram” - Bakıdan gedən aktrisa + MÜSAHİBƏ

““Diriliş Ərtoğrul”da döyüş səhnələrini kaskadyorsuz oynayıram” - Bakıdan gedən aktrisa + MÜSAHİBƏ

 

Atası onu siyasətçi görmək istəyib. Həyat yoldaşısa evinin xanımı... Amma onun fikri-zikri kinodaymış. Aktrisa olmaq istəyirmiş. Həm də məşhurundan ...

Bunun üçün hər şeydən, hər kəsdən vaz keçib. Politoloq diplomundan, Bakıdakı rahatlığından, atasının arzularından, ən əsası isə bu məsləyi ona yasaqlayan sevdiyi insandan...

Qazandıqlarına baxanda itridiklərinə peşman görünmür. Türkiyənin ən nüfuzlu dizisində yer alıb. Əmindir ki, bu film onun dünya kinosunda özünü təsdiqləməsinə vəsilə olacaq...

Söhbət Türkiyədə yaşayan azərbaycanlı aktrisa, "Diriliş Ərtoğrul” filmində Alanqoya obrazının ifaçısı Könül Nağıyevadan gedir.

3 ildən sonra doğulan Alanqoya...

- Üç ildir Türkiyədəyəm. Buna qədər də müxtəlif seriallardan təkliflər almışam. Amma qəbul eləməmişəm. Çünki mənimçün oynadığım rolu hiss eləmək çox vacibdir. O rolun məni məşhur eləyib eləməyəcəyi mənə maraqlı deyil. Məşhur olmağın arxasınca qaçsaydım, bundan daha əvvəlki təkliflərə də razılıq verərdim. Çünki indiyədək gələn filmlər də kifayət qədər populyar olub. Di gəl, bəzən rol xoşuma gəlmirdi, bəzən mövzu canıma yatmırdı, bəzən də vaxt baxımından uyğun olmurdum. Demək olar ki, mən 3 il Alanqoya kimi maraqlı rolu gözlədim. Heç gözləmədiyim bir məqamda menecerim zəng elədi, dedi ki, "Diriliş Ərtoğrul”a yeni xarakter daxil olacaq, səni təklif elədim, şəkillərdən bəyəndilər, sınaq çəkilişinə getməlisən. Razılaşdım, dedim gedim, özümü sınayım, olar-olar, olmaz, yenə gözləyərəm. Çünki ssenarini oxudum, çox xoşuma gəldi. Dedim, deyəsən, uzun müddət gözlədiyim rol budur. Əgər budursa, nə mutlu bana... "Eyvallah” deyib getdim.(gülür)

"Həyəcandan dilim tutuldu”

- Həftənin şənbə günüydü. Oğlum da yanımdaydı. Baxmayaraq ki, sınağa gəlməyimdən məmnunuydum, içimdə gözəl duyğu varıydı, amma çox gərgin idim. Həyəcandan başım ağrıyırdı, sözləri də unutmuşdum. Aktyorlar nə qədər səhnəyə çıxsalar da, illərini bu işə sərf eləsələr də, sanballı iş olanda yenə də həyəcanlanırlar. Bu, mənim Türkiyədə ilk dizim ola bilərdi deyə lap çox həyəcanlıydım. Nə isə... Sınaq qurtardı, oğlumla bir yerdə dostumun kafesinə gedirdik. Yolda menecerim zəng elədi ki, tez "geri qayıt”. Dedim nə oldu, yanlış bir şeymi elədim? Dedi, səni bir daha başqa rakursdan çəkəcəklər. Geri qayıtdım. İkinci çəkiliş də oldu. Bazar günü axşam zəng gəldi ki, onaylandı. Bir gün sonra qılınc dərslərinə başladım. At sürməyi zatən bilirdim. İki gündən sonra isə artıq "set”dəydim. Hər şeyin belə tez olacağını özüm də belə tez olmasını gözləmirdim.

"Sürəkli kişiləri döyürəm”

- Rejissorlar rəssamlar kimi obrazı öncədən görürlər. Maraqlıdır, Metin Günay sizi Alanqoyaya zahiri görünüşünüzə görə seçib, yoxsa bunun başqa özəl səbəbi var?

- Adətən aktyorlardan qabaq onların şəkilləri incələnir. Yəqin rejissor mənim üz quruluşumun bu obraza uyğun gəldiyini düşünüb. Mən nə qədər gülərüz görünsəm də, sifətimdə bir o qədər sərt ifadə var. Bəlkə rejissor məndə o ifadəni görüb. Mənim ata minməyim və idmanla məşğul olmağım da bu işimə müsbət təsir elədi. Siz də görürsüz ki, mən həmin filmdə ancaq savaşıram və sürəkli kişiləri döyürəm... (gülür) Qadın cildində savaşçıyam. Yəqin ki, bunlar da mənim üçün bir avantaj oldu.

"Qılıncı vuranda onların da canı acıdı, mənim də...”

- Qılıncoynatma səhnələrinə çəkilmək çətin olmadı ki?

- Bunun üçün xoreoqrafiya dərsləri keçdik. Düzdür, mənim uzun müddət çalışmaq fürsətim olmadı. Çünki filmə daxil olan kimi çəkilməyə başladım. Amma idmanla məşğul olmuşam deyə mənə o qədər də çətin olmadı. Bu işdə ən vacibi, qorxmamalısan. Bədəni düzgün tənzimləsən, işin öhdəsindən gələ bilərsən. Amma "yox, ağırdır, qaldıra bilmərəm, kimisə kəsərəm” desən, heç nə alınmayacaq. Zatən orda güvənlik sağlamdır. Amma bəzən riskə getmək də lazımdır. Bəzən elə səhnə olurdu ki, orda həqiqətən də bərk vururdum. Rola girəndə bir-iki dəfə oldu ki, özümdən asılı olmadan uşaqlara bərk vurdum. Həm onların canı açıdı, həm də özümün. Məhz bu səbəbdən də həmin səhnələr gerçək görünür. Yəni orda nə kaskadyor işi, nə başqa müdaxilə yoxdur.

"Əvvəl oğlum, sonra "OK” doğuldu”

- Bu filmdə Türkiyənin bir çox tanınmış sənətçiləri oynayır. Onlarla eyni "set”də olmaq necədir?

- Mənimçün aktyor aktyordur. Məşhuru da var, qeyri-məşhurları da. Qeyri-məşhur bacarıqlı aktyor deyil anlamına gəlmir. Yaxud da "çox polulyarlar hər kəsdən daha peşəkardır” deyə bir şey də yoxdur. O mənada şanslıyam ki, burdakı işlərdə qarşıma peşəkar insanlar çıxıb. Yaradıcı heyət –aktyordan texniki işçiyədək hamısı həm peşəkar, həm də mehribandırlar... Ən əsası isə mən burda aktyorlar arasında ayrı seçkilik görmədim. Məni də gözəl qarşıladılar. Özümü kənarda hiss eləmirəm. Bir ailədir, mən də onun bir parçasıyam. Sənət dünyasında tanınıb, tanınmayıb deyə bir ayrım yoxdur. Bəlkə sabah mən çox məşhur aktrisa ola bilərəm? Ki, olacam da!.. Buna inanıram və bu yolda da çox çalııram. Mən buna qədər harda çalışmışamsa, öhdəsindən gəlmişəm.

Gah Moskva, gah Bakı, gah da Türkiyə...

- Neçə illərdir axtarışdasız. Özünüzü təsdiqləmək üçün buralar yetərli olmadımı?

- Moskvaya tamam başqa məqsədlə getmişdim. Bir müddət orda konqresdə işlədim. Amma paralel aktyorluq kurslarına da gedirdim. Sonra ailə qurdum. Əvvəl oğlum, sonra da "OK” doğuldu...

""Tərkedilmiş” üçün tək qaldım”

- "OK”-u da, Bakıdakı rahatlığınızı da buraxıb getdiz...

- Mənim həyatımda həmişə bir hədəfim olub, aktrisalıq. Türkiyəyə bu hədəfin ardınca getdim. Birinci dəfə orda "Tərkedilmiş” filmindən təklif gələndə öz-özümə dedim ki, bu, səni istədiyin yola çıxaracaq. Elə də oldu. Çox çətin idi. Tək qalmışdım. Dediyiniz kimi, Bakıdakı rahat həyatımdan imtina eləyib İstanbulda hər şeyi sıfırdan başladım. Amma indi fikirləşirəm ki, yaxşı ki, elə də oldu. İnsan öz taleyini özü yazır. Mən də bu şəkildə aktyor taleyimi yazmağa başladım. Allaha şükür, bu günə qədər nə istədimsə hamısı olub.

"Gördüm, içimdəki aktrisalığın "xəmiri gəlib””

- Deyirsiz, həmişə niyyətim aktrisalıq olub, bəs niyə əvvəldən bu məsləyin arxasınca getməyib, siyasət adamı olmağa can atmısız?

- Mən heç vaxt özümü ora aid hiss eləməmişəm. Həmişə sənət məni özünə çəkib. Amma ailəmin- atamın təkidləri vardı ki, mən İdarəçilik Akademiyasını bitirim. Mən də onu razı salmaq, arzusunu yerinə yetrməkdən ötrü orda oxudum. Sonra bir qədər vaxt ixtisasıma uyğun işlədim. Amma yaş artdıqca adam sevdiyi işlə məşğul olmaq istəyir. Mən orda başımı aşağı salıb işimi görürdüm. Bir tərəfdən də aktyorluq karyeramın "xəmirini yoğururdum”. Bir gün gördüm ki, artıq o "xəmir " gəlib... (gülür)

"10 yaşlı oğul anasıyam, bu yaşda da qadağa?”

- Bəs atanız? Onun arzuları?...

- Sözsüz ki, atamın əvvəlcədən xəbəri olmadı. Mən harda işləmişəmsə, orda öhdəsindən gəlmişəm. Atam məni o mühitdə görmək istəyirdi, gördü. Amma sonra Türkiyədən təklif gəlib kinoya çəkiləndə baxdı, etiraz eləmədi. Daha 34 yaşına çatmışam, 10 yaşında oğlum var. Bu yaşımda da sərhəd çəkməyəcəklər ki...

"Həyatıma girənlər məni aktyorluqdan uzaqlaşdırmağa çalışıblar”

- Amma aktrisalıq hədəfiniz sizi sevdiyiniz insandan ayırdı.

- Elədir. İnsan aşiq olanda heç nəyi düşünmür, amma bir dam altına yığışanda fərqləri görürsən. Biz fərqli düşüncələrin insanları idik. Burada kiminsə pis, kiminsə yaxşı olduğunu axtarmaq lazım deyil. Sadəcə fərqliyik...

"Ailə mənlik deyil”

.... Sizə düzünü deyim, ailə mənlik deyil. Mən yalnızlığı sevən insanam. Əlbəttə, hər bir xanımın yanında bir həyat yoldaşı olmalıdır. Bu, normaldır. Bəlkə nə vaxtsa mənim də qabağıma elə bir insan çıxar ki, mən onunla özümü güvəndə hiss edərəm və onunla birgə yolçuluğa çıxaram.

"Həyatıma girənlərin hamısı məni aktyorluqdan uzaqlaşdırmağa çalışıb”

- Amma 34 yaşlı yaraşıqlı xanımın həyatında heç kimin olmadığı inandırıcı deyil...

- (Gülür) Yox. Gerçəkdən heç kim yoxdur. Çünki həyatıma girənlərin hamısı məni aktyor karyeramdan uzaqlaşdırmağa çalışıblar, mən də bundan çox yorulmuşam. Əgər həyatıma kimsə girəcək olsa, yəqin bu sahənin adamı olacaq. Çünki başqa cür olmur. Onun üçün də gərək doğru-düzgün adam seçməliyəm. Bu yaşdan sonra özümü xərcləməyi düşünmürəm. "Əcaba olur, olmur” kafasında bir adam deyiləm. İşim var, oğlum var. Mən zatən mutluyam.

""ZAQS” hər şeyi korlayır”

...Ancaq sabah qarşıma "mən kafada” biri çıxsa, niyə də olmasın?! Mən sadəcə, rəsmiyyətdən qaçıram. "ZAQS” hər şeyi korlayır (gülür). Ona görə də elə belə yaxşıdır.

- Günün çox hissəsini çəkilişlərdə olursuz. Murada istədiyiniz qədər vaxt ayıra bilirsiz?

- Düzdür, istədiyim qədər vaxtım qalmır. Amma oğlum artıq buna öyrəşib. Mən o doğulan gündən işləyirəm. Bilir ki, daim çalışan anası var. Alışıb artıq. Bu mənada biz rahat anlaşırıq. Murad çox anlayışlı uşaqdır. Çox darıxanda yanıma çəkiliş meydanına gəlir.

"Bakını sevirəm, amma Türkiyədəki şansımı da qaçıra bilmərəm”

- "Diriliş Ərtoğrul”a çəkilməyinizi təqdir edənlərlə yanaşı, aktyorlarımızın kənarda çəkilməyindən qıcıqlananlar da var...

- Bilirəm. Hərdən mənə də yazırlar ki, niyə Bakıda çalışmırsız. Mənim üçün heç bir problem yoxdur. Mən Bakını çox sevirəm. Ölkəmdən gözəl layihələr gəlsə, sevə-sevə oynayaram. Amma qarşıma qoyduğum hədəfə çatmağım üçün irəliləməyim lazımdır. Təəssüf ki, Azərbaycanda çəkilən filmlər, seriallar o səviyyədə deyil. Düzdür 5 il öncəkindən xeyli irəliləyiblər. Amma o həddə hələ çatmayıblar. Ona görə də mən Türkiyədəki şansımı qaçıra bilmərəm. Abcaq bu, Azərbaycanda filmə çəkilməyəcəm anlamına gəlmir.

"Eqomuzu kənara qoyub öyrənməliyik”

- Türkiyədən bizim kinomuz necə görünür?

- Ümidsiz görünmür. Hər şey təcrübə və zamanla əldə olunur. Sovet dövründə bizim gözəl kino tariximiz var. Amma sonralar keyfiyyət çox düşdü. İndi yavaş yavaş toparlanmağa başlayırlar. Əlbəttə ki, film çəkmək asan məsələ deyil. Əgər mən bir iş görürəmsə, o, peşəkar olmalıdır, əyləncə olaraq deyil. Amma mən bildiyim, təqib etdiyim qədər irəliləyir. Güman edirəm, 5-6 ilə lap yaxşı olacaq. O günü mən də səbirsizliklə gözləyirəm. "Mən hər şeyi bilirəm” deyib ortaya pis iş çıxarmaq olmaz. Bunların hamısına diqqət eləmək lazımdır. Aktyordan rejissoradək hamı özünü gəlişdirməyi bacarmalıdır. Kim olursa, olsun. Çünki başqa yolumuz yoxdur...

5-10 manat pulumuz var, gəlin kino çəkək desələr, o filmin keyfiyyəti də, aqibəti də bəllidir. Eqomuzu kənara qoyub öyrənməliyik.

"Qonorar pünhandır...”

- Sirr deyilsə, bu qədər reytinli filmdə qonorar nə qədərdir?

- (Gülür) Məni qane edir. Əslində bu məsələyə əməkdaşlıq çalışdığım şirkət baxır. Maddi tərəfini gizli saxlamağım şərtdir. Sözləşmədə belə yazılıb. Həqiqətən də nə fərq edər? Mən bu serialda rol aldığım üçün 3 manat da alsam çox xoşbəxtəm, 13 manat da. O təklifi qəbul eləmişəmsə, demək yaxşıdır. Rəqəmlər məndən başqa heç kimi maraqlandırmamalıdır.

"Sənətimdən başqa heç nə ilə məşğul olmaq istəmirəm”

- Amma sənətinçün verilən qonorar qənaətbəxş olmasa, yaşayışını təmin eləmək mümkün deyil. Bizdə peşəkar aktyorlar bəzən bu səbəbdən təklifləri geri çevirməyə məcbur olurlar. Siz qonorar hesabına dolaşığı təmin edirsiz, yoxsa kənardan başqa dəstəyiniz varmı?

- Sənətimdən başqa işlə məşğul olmağa ehtiyac görmürəm. Hazırda elə bir problemim yoxdur. Amma həyatlarını aktyorluqla bağlayan insanlara hər zaman qarantiyalı bir işi olmasını tövsiyə edərdim. Əks halda, oyunçunun işi gözləməkdir. Necə deyərlər, gözləyə-gözləyə ac qalarıq.

"Azərbaycandan dəvət eləsələr, sevə-sevə gələrəm”

O ki qaldı Azərbaycanda az qonorara çəkilməyə, çox mükəmməl ssenarisi olan, maraqlı filmdən az qonorarla təklif gəlsə, çəkilərəm. Yəni onu ərsəyə gətirən insanların buna pulu yetməsə, bu haqda düşünərəm.

"...Yoxsa aktyorluq dəyərdən düşər”

Amma görülən istənilən işin əvəzi mütləq ödənməlidir. Çünki ona zəhmət çəkilir. Niyə bunu boş yerə eləməliyik ki... Təmənnasız çəkilməyi heç kimə tövsiyə eləmirəm. Çünki bir neçə dəfə belə olsa, başqa aktyorlara da belə baxmağa başlayacaqlar. Aktyorun dəyəri düşər. Hər işin bir haqqı var.

- Azərbaycanda bir ara televiziyada aparıcılıq eləmisiz. Türkiyədə belə bir işin qulpundan tutmağı düşünməmisiz?

- Belə təklif olub. Hətta danışıqlar da aparmışdıq. Bunu pul qazanmaq üçün eləmək istəyirdim. Sonra Allaha şükür, əlimə fürsət düşdü, imtina elədim.

- Niyə şükür? Aparıcı olmaq pisdir bəyəm?

- Dedim axı, oyunçuluqdan başqa heç bir işlə məşğul olmaq istəmirəm.

Altunay, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti