“Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Mediada ilk dəfə-VİDEO

“Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Mediada ilk dəfə-VİDEO

 

Hürrü Əliyevin mübarizə devizi: "Asılsaq da, kəsilsək də, soyulsaq da…”

Uzun zamandır "Qaynar Qazan” efirə çıxmır. Əsas səbəb prezident seçkiləri olsa da, zaman problemləri ilə bəzən gözlənilməz sürprizlər edə bilir. Əvvəl seçkilər, sonra Kərbəla ziyarəti, danışan adamların sürətlə və kəskin şəkildə azalması, hökumətin uğursuz media siyasəti – bütün bunlar "Qaynar Qazan”a təsirsiz ötüşmür. Həm iqtidar, həm də müxalifət düşərgəsinin adamları son dərəcə ehtiyatlı olublar. Ağızlarını bıçaq açmır. Qorxurlarmı, çəkinirlərmi, bilmirəm, amma onu bilirəm ki, bəziləri "Qaynar Qazan”a çıxmağa, bu qazanın içində qaynamağa risk etmirlər. Həm də səbəb budur təbii ki…

Amma təbii ki, bizim özümüzün də proqramımız bəzən sıx olur. Bu sıxlıq içərisində bəzən istədiyimiz alınmır. Hələ Avropadakı dostlarımızın uğurlu efir layihələri də bəzi hallarda bizim "dayandoldurum” verilişlərimizi kölgədə qoya bilir. Bütün bunları ona görə yazıram ki, bəzi həssas tamaşaçılar çox narahatlıqla "Qaynar Qazan”ın aqibətindən narahat oldular, onlarla adam yazdı mənə, zəng etdilər. Bu da onu göstərir ki, bu informasiya bolluğunda bu "canlı” yayınların cirit atdığı bir zamanda bu "dayandoldurum” imkanlarla biz hələ lazımıq və tamaşaçı bizi gözləyir. Açığı, bu, mənə ayrı bir stimul verdi. Və fasilə bir az çəksə də, yenidən bizi izləyənlərin və sevənlərin qarşısındayıq.

Bu dəfə qonağımız Azərbaycanın gənc siyasətçilər nəslinin nümayəndələrindən biri Hürrü Əliyevdir. Hürrü bəy Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Ağanın oğludur. Yeni ”Bəyaz” Hərəkatı yaradıb və onun sədridir. Onunla söhbətləşmək marağı məni onu "Qaynar Qazan”a dəvət etməyə səslədi. Həm yeni hərəkatın məramı maraqlı idi, həm də Hürrü Əliyev mənim tələbə yoldaşım olmuşdu, onu müsahibəyə çəkmək, illərin nəyi və necə dəyişdiyini müşahidə etmək istəyirdim.

Hürrü Əliyev gənc siyasətçilər nəslinin nümayəndəsi kimi ənənəvi siyasi sistemdən gileylidir. Daha ötəsi var. O, Elçibəyin ölümündən bu tərəfə keçən 18 ildə onun ideoloji mirasına sahib çıxılmadığı iddiasındadır v bir çox məsələlərdə keçmiş silahdaşlara iradlarını bildirir. Hürrü bəy həm Əbülfəz Elçibəyin siyasi-ideoloji mirasına, həm də bu ideoloji silaha sarılaraq hamını birləşdirəcəyinə inanır. Onun üçün yeni birlik modeli təklif edir: "Vahid Milli Güc İttifaqı”! Bu birlik yaranarsa, Azərbaycanın bütün problemlərinin öz həllini tapacağına əmindir.

Hürrü Əliyev "Qaynar Qazan”ın bu dəfəki qonağıdır. Qiymət isə tamaşaçıların olacaq…

Əvəz Zeynallı

"Qaynar Qazan”

 

 I hissəni buradan oxuya bilərsiniz:

 

 

II hissəni buradan oxuya bilərsiniz:

 

 

III – sonuncu hissə

 

Bir prezident göstərin ki…

 

– Zakir Cavanşirli soruşur: "Dünya tarixində dövləti başsız qoyub qaçan neçə prezident tanıyırsınız?”

– Mən sualı oxudum. Bəy tam açmasa da, mən bilirəm nəyi demək istəyir. Mən qoyub gedən prezidentləri tanımaya bilərəm. Amma bəyin sualına bu cür cavab verə bilərəm. Tanıdığım yeganə prezident Əbülfəz Elçibəydir ki, öz vəzifəsini, öz kreslosunu xalqın milli qırğınının qarşısını almaq üçün qoyub getdi. Bir prezident göstərin ki, hərbi qiyam nəticəsində devrilib, ancaq öz dövlətindən çıxmayıb.

– Azərbaycanda yoxdur…

– Mən tanıdığım prezident odur – bu yöndə.

– Maraqlıdır, Əbülfəz Elçibəy sizin əminiz olub, təbii ki, prezident dövründən xatirələriniz olmamış deyil. Necə idi prezidentliyi? İstəyirəm, bir az Əbülfəz Elçibəydən danışasan. Prezident olanda görüşürdünüzmü?

– Prezident olanda bir dəfə Mərdəkanda bağda oldum, bir dəfə də Yasamalda olan evdə oldum. Bir dəfə də səhərə yaxın gələndə gördüm.

– Yəni prezident olanda cəmi 3 dəfə görüşmüsən?

– Bəli. Cəmi 3 dəfə görüşmüşəm.

– Yəni Əbülfəz Elçibəy prezident olduğu müddətdə onu 3 dəfə görübsən?

– Hə, bir dəfə evə gəlmişdi…

– Nə söhbət etdiniz? Heç etdinizmi?

– Bibim oğlu var idi, onunla qalırdıq. Heç çox da qalmadı, tez də getdi. Bir dəfə də səhərə yaxın gəldi. Heç xidməti maşınla da gəlmədi, "06” ilə gəlmişdi.

– Yəni sizi bir yığsın, qardaşı uşaqları, bacısı uşaqları – oturasınız bir masa ətrafında, söhbət edəsiniz, sizə bir tövsiyələri olsun… Olmadı, eləmi?

– Vallah, heç üzünü görmək mümkün deyildi. Gəlib dəyirdi və gedirdi. Bir onda görə bilirdik. Yığsın, saatlarla, günlərlə – yox, elə bir şey yaşamamışıq prezidentlik dönəmində. Amma ondan öncəki dönəmlərdə bəzən olurdu. Bir sual da vardı ki, hansı siyasi ədəbiyyat oxuyursunuz…

 

Bəy 1975-ci ildən bizim evimizdə qalırdı

– Bəli, Ceyhun Mirzəli soruşur ki, hansı kitabları oxuyur?

– Mən 6 yaşımdan 8 yaşıma qədər Murad əmimgildə oxuyurdum. Eyni bina idi. Geologiyaya verilən bina idi – atamla Murad əmimə verilmişdi. Bəy də 1975-ci ildən etibarən bizim evimizdə qalırdı. Mənim indi 46 yaşım var, onun ən azı 20 ili rəhmətlik Bəylə bir yerdə olub. Sovet vaxtından, imperiya vaxtından üzü belə. Onun qeyri-adi insani keyfiyyətləri var idi. Biz yaşaya-yaşaya onu örnək götürmüşük. Onun dilindən çıxan bütün ifadələri, onun davranışları, özünü aparması – bunlar bizim üçün həyat məktəbi olub.

– Bir növ müəlliminiz olub?

– Təbii ki. Böyük bir məktəb, böyük bir məfkurə idi Əbülfəz Elçibəy. Vaxtınız varsa, mən Əbülfəz Elçibəydən kiçik bir xatirə danışaram.

– Çox maraqlı olar.

– Bəlkə də bu, indiyə qədər heç yerdə hallanmamış bir hekayədir. Təxminən 14 yaşım olardı. 1985-1986-cı illər idi. Axşam saat 6-dan sonra idi. Bacımla evdə idik. Əmim qonaqları ilə gəldi evə – 6 nəfər idilər. 3 nəfər bir gəldi, 2 nəfər bir, 1 nəfər də bir. Axşam saat 8-dən səhər saat 6-ya qədər oturdular. Bacım çay qoyurdu, hazırlayırdı, mən də çay aparıb verirdim – onlar da söhbət edirdilər. Gecə saat 02.00-03.00 arasında həmin yoldaşlardan 3 nəfər getdi, sonra 1 nəfər, axırda da qalan 2 nəfər getdi. Ən son gedən 6-nın yarısında getdi, çünki hava işıqlanmışdı. Bəyin özü yola saldı bunları. Biz də dəhlizdə dayanmışdıq. Qayıdıb otağa taxtına uzandı – siz o taxtı görmüsünüz – dedi, qardaş oğlu, üstümü basdır. Dəhşətli titrəmə tutmuşdu Bəyi. Üstünü basdırırıq, xeyri olmur. Necə edəcəyimizi bilmədik, qonşumuzu çağırdıq. Qonşu zəng edib təcili yardım çağırdı. Birinci təcili tibbi yardım gəldi, bir az su-filan içirdi, deyəsən, məsələnin nə yerdə olduğunu tuta bilmədi və çıxıb getdi. Allah canını sağ eləsin, uzun ömür versin, Ramiz dayı idi qonşumuz – israrla dedi ki, Bəy, mütləq səni xəstəxanaya götürməliyik. İkinci təcili tibbi yardım çağırıldı. Yenə getmirdi, Ramiz dayı israr etdi. Həkimlər çıxıb çöldə dedilər ki, kor bağırsaqdır və partlayıb. Təcili xəstəxanaya götürülməsə, məsələ bitir. İsrarla, yalvar-yaxarla, səhər saat 7-də xəstəxanaya götürüldü…

 

Əbülfəz Elçibəydən həyat dərsi almışam

– Deməli, kor bağırsaq partlayıb?

– Bəli, partlamışdı. Xəstəxanada 4 saat əməliyyat getdi – bəlkə 4 saatdan da çox. Həkim arayışında deyilirdi ki, ən şiddətli ağrılar 12 saat öncədən başlayıb, 10 saat öncə isə lap şiddətlənib. Təsəvvür edin… Mən burada Əbülfəz Elçibəyin qeyri-adi insan olmağı məsələsini ortaya qoyuram. Bu insan 6 nəfər dostu, silahdaşı ilə etdiyi siyasi söhbət boyu öz daxili ağrısını üzündə bildirmir. Ən azından öz yaxın dostları hiss edərdilər bunu. Təsəvvür edin, o sancı və ağrı ilə qonaqların sonuncusunu da qapıdan yola salıb, amma dimdik ayaqda durub, simasını və üz cizgilərini belə qoruyub. Əbülfəz Elçibəy bu məfkurənin sahibidir, belə şəxsiyyətdir. Mən bütün bu məsələləri Əbülfəz Elçibəyi bütləşdirmək üçün danışmıram, qardaşı oğluyam deyə demirəm. Mən bir vətəndaş kimi danışıram və yanaşmam xalq yanaşmasıdır. Mən o cür qeyri-adi bir insan görməmişəm. Mən yaşaya-yaşaya bir çox şeylərin şahidi olmuşam. Mən yeniyetmə vaxtlarımda Murad əmimgildə qalırdım və üzərimdə təzyiqlər vardı. Bir az ev uşağı idim, bir az şuluq uşaq olmuşam. Bir çox məsələlərdə mən Əbülfəz Elçibəydən həyat dərsi almışam. Demirəm, böyük kitablar oxumuşam, böyük mütaliələr etmişəm, böyük elmi araşdırmalar aparmışam – yalan olar. Mən həyat, siyasət, ideologiya və din anlayışını o böyük şəxsiyyətdən – Əbülfəz Elçibəydən öyrənmişəm. Hər danışıqlarını diqqətlə dinləmişəm. Məsələn, din məsələsində Vasim Məmmədəliyev əsas imzası olan adamlardan biridir. Mən 4-cü sinifdə oxuyanda Vasim Məmmədəliyev əmimgildən 2 mərtəbə aşağıda kirayə qalırdı. Mən onların yanında böyümüşəm, onların söhbətlərinin içində olmuşam. Ondan sonra da ictimai-siyasi fəaliyyətə başlayanda fikir olaraq söykəndim Əbülfəz Elçibəyə. Əbülfəz Elçibəy özündən əvvəlki keçmişə söykəndiyi kimi, biz də ona söykənmişik. Və bu bizə həm əxlaqda, həm mənəviyyatda, həm şərəfdə, həm ləyaqətdə, həm ağılda, həm təfəkkürdə, həm düşüncədə böyük bir xidmət olub.

– Prezidentlikdən sonra heç görüşdünüzmü?

– Bəy kəndə gedəndən sonra mən də getdim. İl yarım kənddə qaldım. Sonra mən qayıtdım. 1997-ci ildə Əbülfəz Elçibəy Kələkidən qayıdanda yenə həmin evə gəldi və bir il də həmin evdə qaldı. Sonra evini dəyişdi. Prezidentlikdən sonrakı dönəmdə çox görüşdük. Məzarlarımızı birgə ziyarətə gedirdik – Bəy öz anasının, mən də öz anamın məzarlarını ziyarət edirdik. O dərəcədə birgə idik. Evini dəyişəndən sonra bir az seyrək gedib-gəlirdik, amma dünyasını dəyişənə qədər görüşürdük.

– O otaq indi dururmu, saxlayırsınızmı? Yoxsa?..

– Yox, biz həmin evi satdıq. Çoxdan satmışıq…

– Bəs o otaq necə oldu?

– O otağı olduğu kimi köçürdük "Vorovski”dəki öz evinə.

– Eynilə?

– Eynilə. Kitabları, əşyaları, sonrakı tarixdən də yığılan bütün əşyaları öz evindədir.

– O otağın divarlarında doğrudan Heydər Əliyevin şəkli var idi?

– O dönəmdə bəli, var idi.

– Deyəsən, Türkan Şorayın da şəkli olub?

– Bəli, Türkan Şorayın da şəkli vardı. Şah İsmayılın və Atatürkün də şəkilləri var idi.

– Şah İsmayıl, Türkan Şoray…

– Səttarxanın büstü də var idi.

– Bir şey də soruşum, mənə çox maraqlıdır. Əbülfəz bəyin yaxın adamlarını, məsələn, sizi geniş ictimaiyyət tanımayıb. Prezident olanda da elə olub. Ankarada istəməmişdi Aqil yanında qalsın, Çilənayın – qızının toyuna getməmişdi. Niyə elə idi?

– Bəyin ailəyə yanaşmasını qısaca izah edim.

– Çox maraqlı olar…

– Bir çox örnəklər gətirəcəyəm. Sadəcə olaraq, o dönəm Xalq Cəbhəsi qəbul olunan tələbələri xaricə göndərəndə qardaşım – Ayturan Əliyev onlarla getmişdi. Rəyasət Heyətində onları aparan 2 nəfər var idi. Orda Ayturan özünün savadı, biliyi ilə keçmişdi. Və keçməkdən əlavə, 70 nəfər içindən ilk onluğa daxil olmuşdu. Bəy onun adını oxuyan kimi Bəy Ayturanın adının üstündən xətt çəkib. Allah canını sağ eləsin, o adam bu gün də yaşayır. O deyib ki, bəy, bu uşaq ilk onluğa düşən uşaqdır. Amma qəti şəkildə imkan vermirdi onun getməsinə ki, qardaşı oğludur. Halbuki o öz ağlıyla, savadıyla ilk onluğa düşən uşaq idi. Yəni onun adını bəyin qardaşı oğlu olduğu üçün ora yazmamışdılar. Onu silmək istəmişdi. Sonra qohum-əqrəbasına yanaşmada tamam fərqli idi. Bilirsiniz, bəy cəmiyyətə, öz xalqına tamamilə öz anlayışı, təfəkkürü ilə yanaşırdı.

– Deyəsən, sən də oxumaq üçün Ankaraya çox çətinliklə gəlmişdin. Bəy buraxmırdı?

– Məni, ümumiyyətlə, buraxmırdı. Atam israr edirdi ki, sən də get, xaricdə təhsil al, amma bəy əleyhinə idi. Sonra biz imtihan verən vaxt dövlət testinə düşmüşdük. O zaman Xalq Cəbhəsi keçirmişdi testi. Mən onda turizm və otelçiliyə qəbul olunmuşdum. Sonra sizlə qaldığımız yurda getdik.

– Atatürk Öyrənci Yurdunu indi qız yurdu ediblər.

– Bilirəm, bu yaxınlarda gedəndə kənardan ziyarət eləmişdim. Dedilər, qız yurdudur.

– Ərdoğan ülkücülərdən tarix qisasını aldı. Ora ülkücülərin kalesi idi axı.

– Məsələn, mən çox arzu edərdim ki, o vaxtki Avropadan, Amerikadan sitat gətirdiyiniz qədər Türkiyə siyasətindən daha çox örnək gətirsinlər. Türkiyə siyasətində ayrıca bir elementi deyək. Oranın da iqtidar, müxalifəti var, milli qüvvəsi və cümhuriyyətçiləri var, dini-ideoloji tərəf tutanları da var. Siyasi partiyalar,  ideoloji təşkilatlar var. Orda indi oturuşmuş fundamental siyasi bir sistem var. Türkiyə dövlətində qurulmuş bir sistem. Adi örnəkləri ordan götürsünlər, məsələn, birini təhqir və tənqid edəndə belə "Sayın, Ərdoğan”, "Sayın Kılıçdaroğlu” deyirlər. Yəni ismin önündə "hörmətli” deyirlər. Bu nə deməkdir? Kılıçdaroğlu, müəyyən bir təşkilatın və təbəqənin təmsilidir. Türk millətini təmsil edir. Tənqid də edirlər, irad da bildirirlər, bir də onu deyir ki, "sayın”, yəni mənim millətimə, xalqıma hörməti var. O, qarşılıq verir. Türkiyə siyasətində ikinci önəmli örnək, son zamanlardaki adi bir şeyi deyim: çevrilişə cəhd. Yəni bu yalan idi, qondarma idi, bilmirəm. Amma müxalifətdə duran təşkilatlar istəsəydilər, bundan yararlana bilməzdilərmi? Türkiyə siyasi sistemində bir prinsip qəbul olunub: dövlətçilik və milli mənafe hər məsələdən üstün olmalıdır. Yəni siyasi mübarizə ayrıdır, bir-birinə qarşı iradlar, nöqsanlar var. Hökumət, dövlət olduğu yerdə korrupsiya da ola bilər. Dövlət olduğu yerdə sosial rifahın aşağı, yuxarı səviyyəsi olur. Bunlara qarşı, bəli, irad tərəfləri olmalıdır. Amma o da öz əxlaqına uyğundur. Bu hər iki tərəfə aiddir. İqtidar nə deməkdir? İqtidar dövləti təmsil eləyən bir növ kiçik ailədir. Daha çox ailədən güzəştli addımlar olmalıdır. Qarşı tərəf yanlış ola bilər, amma o yanlışdı deyə daha çox yanlışa yönləndirmək olmaz.

– Uşaq nadincdir də. Uşaq nadincdirsə, daha çox əziyyət verər.

– Bəli, bugünkü siyasi mühitin yaranmasının əsas səbəblərindən biri də iqtidardır. İqtidar, müəyyən məsələlərdə daha böyük düşünməlidir, daha böyük çıxışlar eləməlidir.

 

Hərəkatın maliyyəsini, maddi qaynağını kimlərsə təmin edərlərsə, təşkilat müstəqil ola bilməz

– Son sualımızı da verim. Vüqar Qurdqanlı soruşur ki, "Bəyaz”ın pulunu kim verir, Kəmaləddin Heydərov?

– Bəy, bir söz deyim. Mən öz fəaliyyətimizlə bağlı bir məsələyi ortaya qoyacam. Bir də baxın, "Bəyaz” Hərəkat nə deyir, bayaqdan sadalayırıq. Arzu edirik, kaş ki, dediyiniz olaydı. Bu təşkilata heç bir yerdən dəstək gəlmir, amma kaş ki, kaş ki, elə bir şey olaydı. Təbii ki, mümkün də deyil. Kaş ki, dövlət sahib çıxsın, kimin əlində nə imkan var, qatılsın, qatqısı olsun. Bəyin sualının kökünə bir nöqtə ilə cavab vermək istəyirəm. "Bəyaz” Hərəkat özünün gələcək maddi-texniki bazasını bu gün çalışıb qazandığı sosial bazasından yaradacaq. Bu, belədir. Çünki bir hərəkatın maliyyəsini, maddi qaynağını kimlərsə təmin edərlərsə, bu təşkilat müstəqil ola bilməz. O təşkilat özünü idarə edə bilməz. Bizim maddi-texniki imkanlarımızı sosial bazamız yaradacaq. Biz belə götürmüşük. Təmin edəcəyik, etməyəcəyik, böyük sosial bazaya sahib olacağıq, olmayacağıq, bu, başqa məsələ, amma bir məsələ də var. Bizim fəaliyyətlə bağlı insanlar tək Azərbaycanda deyil, Türk Dünyasının hər yerində, hətta Avropada var. İnanıram ki, təşkilatımızı xalqın mənfəətlərinə və tələbatlarına uyğun Vahid Milli Güc İttifaqını ortaya qoyacağıq. Asılsaq da, kəsilsək də, soyulsaq da bunu edəcəyik. Etməyə çalışacağıq.

– Müşahidə etdim ki, Əbülfəz bəylə oxşarlığınız var. Mən Əbülfəz bəylə bir neçə dəfə görüşmüşəm. Jestlərinizdə, danışıqlarınızda da bir oxşarlıq var. Oxşarlığınız varmı?

– Genetikdir. Yəni oğulun ataya, babaya, dayıya, əmiyə oxşaması normaldır. Məni atama da bənzədirlər, əmimə də bənzəyirəm. Atamla əmim də bir-birinə çox oxşayırdılar. Bəzi göz cizgilərim anam tərəfə oxşayır.

– Bu bənzərliyin siyasətdə avantajı var, yoxsa dezavantajı?

– Bu gün xalqın səmimi və doğru düşüncəyə, doğru yola ehtiyacı var. Keçəl ol, lal ol, şikəst ol – düşüncən və mövqeyin düzgün olsun. Elçibəyin qardaşı oğlu da ola bilərsən, Elçibəyə bənzəyə də bilərsən, amma 100 il də keçsə Elçibəy olmaq var. Kaş biz Əbülfəz Elçibəyin 10 faizi olaq, nəsə edə bilək. O kişinin yanına alnıaçıq gedək. Məqsədimiz budur. Əbülfəz Elçibəyin düşüncələrində nə varsa, biz də onun daşıyıcılarıyıq, ayrı məqsədimiz yoxdur. O zamana qədər də cəmiyyətə təşkilatımızı tanıdacağıq və tanınacağıq.

– Eşq olsun, təşəkkürlər.

– Minnətdaram.

 




Oxşar Xəbərlər

Xəbər lenti