8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni qarşılayıb.
Prezident İlham Əliyev və Baş nazir Mamuka Baxtadze rəsmi foto çəkdiriblər.
Azərbaycanın Prezidenti və Gürcüstanın Baş naziri görüşdə çıxış ediblər.
Gürcüstanın Baş nazirini Azərbaycanda səmimiyyətlə salamlayan Prezident İlham Əliyev Mamuka Baxtadzeni Baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, bu məsuliyyətli vəzifədə ona yeni uğurlar arzulayıb. Dövlət başçısı vurğulayıb ki, Gürcüstan hökumətinin başçısı təyin olunmasından qısa müddət sonra Mamuka Baxtadzenin Azərbaycana səfər etməsi Azərbaycan-Gürcüstan əlaqələrinin çox yüksək səviyyədə olduğunu bir daha göstərir.
Prezident İlham Əliyev deyib: "Əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub. Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib. Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Biz bu gün bir çox məsələləri müzakirə edəcəyik, o cümlədən regional əməkdaşlıq məsələlərini. Sizi bir daha ürəkdən salamlayıram, Sizə xoş və uğurlu səfər arzulayıram".
Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Gürcüstanın Baş naziri Mamuka Baxtadze "Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri kimi dəfələrlə Bakıda olduğunu xatırladıb, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat hissi oyatdığını deyib və bunu Azərbaycanın böyük iqtisadi tərəqqisinin göstəricisi kimi qiymətləndirib.
Mamuka Baxtadze iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq deyib: "Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu, çox böyük nailiyyətdir. Bizim üçün xalqlar arasında münasibətlər çox önəmlidir. Bizim üçün, eyni zamanda, mehriban qonşuluq, dost və qardaşlıq əlaqələri çox vacibdir. Bizim əcdadlarımız əlaqələrimizin təməlini çox gözəl qoyublar və bu əlaqələr bunun əsasında artıq sürətlə inkişaf edir. Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır. Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var. Əlbəttə, potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik. Bizim ölkələr arasında ticari dövriyyəsi daha da artmaqdadır. Bu il bu, ola bilsin milyard dollara çatsın, lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik. Sevindirici haldır ki, eyni zamanda, digər sahələrdə, o cümlədən -mədəniyyət, incəsənət, idman sahələrində də əməkdaşlığımız səmərəlidir. Sevindirici haldır ki, Azərbaycan turistləri və investorlar Gürcüstanda özlərini çox rahat hiss edirlər. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha çox böyük məqsədlərimizə nail ola bilərik. Səmimi qəbulunuz üçün təşəkkür edirəm".
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Mamuka Baxtadze işçi nahar ediblər.
****
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub.
Azərtac xəbər verir ki, Prezident İlham Əliyev və Baş nazir Mamuka Baxtadze görüşdə çıxış ediblər.