İngilis kəşfiyyatı MI6:"CAMAL XAŞUQCİ CİNAYƏTİNDƏN 3 HƏFTƏ ƏVVƏL MƏLUMATLI İDİK"

İngilis kəşfiyyatı MI6:"CAMAL XAŞUQCİ CİNAYƏTİNDƏN 3 HƏFTƏ ƏVVƏL MƏLUMATLI İDİK"

 

Marko Cannaceli

"The Sunday Express”

 

Krallığın Baş Kəşfiyyat İdarəsinin (GİD) məlumatlarının ələ keçirilməsi nəticəsində aydın olub ki, müxalif jurnalisti qaçırmaq və onu Səudiyyə Ərəbistanına aparmaq əmri "kral çevrəsinin üzvü” tərəfindən sifariş edilib.

Britaniyanın kəşfiyyat mənbələri deyirlər ki, bu sifariş birbaşa olaraq faktiki hökmdar, vəliəhd şahzadə Məhəmməd bin Salmandan gəlməyib və onun bundan xəbərdar olub-olmadığı dəqiq bilinmir.

Kəşfiyyat mənbələrinin iddiasına görə, Xaşuqcini qaçırılması və Riyada qaytarılması əmrinə baxmayaraq, jurnalistin oğurlanması çətin olduğu təqdirdə, digər hərəkətlər üçün "qapı açıq saxlanılıb”.

Səudiyyə Ərəbistanın baş prokuroru qətl hadisəsinin qabaqcadan planlaşdırıldığını təsdiqləyib. İlkin açıqlamada isə əlbəyaxa döyüşün başlamasından sonra Xaşuqcinin təsadüfən öldürüldüyü deyilirdi.

Baş prokuror deyib: "Hadisədə şübhəli sayılan şəxslər bu hərəkətlərini qəsd niyyəti ilə ediblər. Prokurorluq şübhəlilərlə apardığı istintaqı və istintaqın nəticələrini faktlara yetişmək və ədalətin əldə edilməsi üçün davam etdirir”.

Şübhəlilər Türkiyəyə göndərilən 15 nəfərlik heyət və GİD üzvləridir.

"Sunday Express”-ə danışan kəşfiyyat mənbəyi deyib: "Biz sentyabr ayının ilk həftəsində, yəni cənab Xaşuqcinin oktyabrın 2-də konsulluğa getməsindən üç həftə əvvəl belə bir şeyin baş verəcəyini bilirdik, ancaq digər detalların öyrənilməsi üçün əlavə vaxt lazım idi. Bu detallar cənab Xaşuqcini tutmaq və Səudiyyə Ərəbistanında istintaqa cəlb edilməsi barədə əsas əmrlərlə bağlı idi”.

Mənbə əlavə edib: "Biz əmrləri kral çevrəsində olan bir nəfərdən gəldiyini bilirik, amma onları şahzadə Məhəmməd bin Salmana bağlayan birbaşa məlumat yoxdur. Onun bu işdə iştirakını təsdiqləyən dəlillər tapmadıq”.

MI6 Səudiyyə Ərəbistanındakı həmkarlarını missiyanı ləğv etmək üçün xəbərdar edib.

"Oktyabrın 1-də biz "Riyasət əl-İstihbarat əl-Əmah” (GİD) üzvlərinin İstanbula hərəkətinə dair xəbərdar olduq, onların məqsədi də bizə tam aydın idi. Kanallar vasitəsilə bunun yaxşı bir fikir olmadığını xəbərdar etmişdik. Sonrakı hadisələr onların xəbərdarlığımıza laqeyd qaldığını göstərir”.

MI6-nın ABŞ-ın "Five Eye” kəşfiyyatı tərəfdaşlarını xəbərdar etməməsi barədə suala mənbə yalnız bunu deyib: "Biz əlimizdən gələni etdik”.

Analitiklər bununla bağlı mümkün izahat təqdim edirlər.

"Henri Cekson” düşüncə quruluşunun təmsilçisi Tom Uilson bildirib: "Camal Xaşuqcinin obrazı görünəndən daha çox gizli mətləbləri əhatə edir. Səudiyyə rejiminə yaxın olan Xaşuqci də kəşfiyyat təşkilatının sabiq başçısının etibarlı adamı idi. O, islamçı, "Müsəlman Qardaşlar”ın üzvü, Üsamə Bin Ladenlə dostu və onun Əfqanıstandakı "cihad”ına rəğbət bəsləyən biri idi. Bütün bu əlaqələrin hamısı Camal Xaşuqcinin azadlıq mübarizi olması və rejimi tənqid edən jurnalist olduğuna görə öldürülməsi obrazı arxasında gizlədilib”.

Xaşuqcinin yaxından tanıyan, şərqli anonim dostu, elm xadimi Səudiyyə Ərəbistanının Yəməndəki vətəndaş müharibəsində kimyəvi silahdan istifadə etdiyini sübut edən "sənədli dəlillər” əldə etmək istədiyini açıqlayıb. "Onunla ölümündən bir həftə əvvəl görüşdüm. Narahat və narazı idi. Ondan nə üçün narahat olduğunu soruşduqda, cavab vermək istəmirdi, amma axırdaə dedi ki, Səudiyyə Ərəbistanının kimyəvi silah istifadə etdiyini təsdiqləyən sübutlar var. O, sənədli sübutlar əldə etməyə ümid etdiyini söylədi”.

Səudiyyə Ərəbistanının Yəməndə sinir agenti "Zarin”dən istifadə etməsinə dair İranın iddialarına baxmayaraq, Xaşuqci bunun fosfor olduğuna ehtimal edirdi. Ötən ay Səudiyyə Ərəbistanının ABŞ-dan gətirilmiş fosforlu bombalardan istifadə etdiyi bildirilib. Qaydalara əsasən, kimyəvi maddələr "tüstü pərdəsi” yaratmaq üçün istifadə edilə bilər, lakin birbaşa istifadə halında insan bədənini sümüyə qədər yandırır.

Kimyəvi müharibə mütəxəssisi Pol Hamiş de Bretton-Qordon deyib: "Suriyada şəhərləri silahlılar və mülki şəxslərdən təmizləmək üçün kimyəvi silahların istifadəsini artıq görmüşük. Əsəd rejimi məhz buna görə fosfordan istifadə edib. Əgər Xaşuqcidə həqiqətən, Səudiyyə Ərəbistanı qəsdən bu məqsədlə fosfordan sui-istifadə etməsinə dair sübutlar var idisə, rejim üçün olduqca utandırıcı olacaqdı, buna görə də Riyadın ona qarşı hərəkətə keçməsinə əsas yaradırdı”.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti