“Biz dövlətimizin inkişafı üçün hər şeyə hazırıq” - Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri

“Biz dövlətimizin inkişafı üçün hər şeyə hazırıq” - Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri

 


 

Hüseyn Yusubov: "Gürcüstan prezidetinin ilk səfərini Azərbaycana etməsi çox ciddi siqnaldır”

"Prezidentə müraciət etdik ki, bizim azərbaycanlı gənclərdən 1-2 nəfər Prezident Adiministrasiyasında təmsil olunsunlar...”

"Azərbaycan-Gürcüstan münasibətlər bir-birinə elə "böyük kəmərlərlə” bağlanıb ki, bunu pozmaq istəyənlər də bacarmaz”

Gürcüstan Prezidenti Salome Zurabişvili Bakı səfərindən döndükdən sonra Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) rəhbəri Hüseyn Yusubovu Prezident Adminstrasiyasına dəvət edib. Administrasiyadan Konqresə daxil olan məktubda deyilir ki, dövlət başçısı gürcü dilini mükəmməl bilən, ali təhsilli gənclərin dövlət strukturlarında işlə təmin olunmasında maraqlıdır. Bu baxımdan Administrasiya Konqres rəhbərliyi ilə görüşüb, məsələni dərindən müzakirə etmək istəyir və azərbaycanlı gəncləri müsabiqəyə dəvət edir.

Maraqlıdır ki, Gürcüstan Prezident Adiministrasiyası tərəfindən görüşə dəvət olunan Gürcüstan Azərbaycanlıları Konqresinin sədrinin prezidentə təklifləri nədən ibarət olacaq və azərbaycanlıların ən aktual problemləri kimi hansı məsələləri qaldıracaq? "Hürriyyət”in bu və digər suallarını Konqresin sədri Hüseyn Yusubov cavablandırdı:

- Salome xanım prezident seçiləndən sonra biz - Gürcüstan Azərbaycanlıları Konqresi olaraq - ona məktub göndərmişdik. Məktubun məzmunu bizim saytda da var, tanış ola bilərsiniz. Yəni məktubun əsas məğzi ondan ibarət idi ki, Prezident Administrasiyasında məhz azərbaycanlı gənclərin təmsil olunması lazımdır. Çünki Gürcüstanda təhsildə 1+4 formulasını təsis edəndən sonra bizim Tbilisinin müxtəlif universitetlərində təhsil almış çox savadlı gənclik sinfi formalaşıb. Bu gənclərin də böyük əksəriyyəti təəssüf ki, işsizdir. Ona görə, biz belə bir təkilflə çıxış etdik, prezidentə müraciət etdik ki, bizim azərbaycanlı gənclərdən 1-2 nəfər Prezident Adiministrasiyasında təmsil olunsunlar. Bu, o demək deyil ki, onunla da işsizlik problem həll olunur. Bilirsiniz ki, biz azərbaycanlılar vətənsevər xalqıq, bizim də vətənimiz Gürcüstandır. Azərbaycan da, Türkiyə də bizim üçün milli dövlətdir, amma vətənimiz Gürcüstandır, vətənlə bağlı nə varsa, onun hamısı Gürcüstana aiddir. Bizim nənə-babalarımızdan gələn tərbiyə, mentallığımız budur ki, vətən üçün ölməyə hər birimiz hazırıq və bu ölməyə hazır olduğumuz vətənin əsgələri də olmalıyıq, amma onu idarə edənlər içərisində də təmsil olunmalıyıq. Təkcə əsgərlə bu iş olmur. Yəni biz istəyərdik həm iqtisadi, siyasi, həm də təhsil, səhiyyə, diplomatiya, ümumiyyətlə, bütün sahələrdə bizim gənclik təmsil olunsun. Əsas mövzu bundan ibarətdir. Biz Administrasiyada görüşlərin olmağını gözləyirik, oradan məktubumuza cavab gəldi, bizim kordinatlarımızı aldılar. Yəqin bu görüşlərdə həyatımızla, Gürcüstanın dövlətçiliyi, daha da inkişafı ilə bağlı bir çox məsələlərə toxunula bilər. Çünki azərbaycanlılar ölkədə sayına görə ikinci xalqdır. Hansı ki, üçüncüləri, dördüncüləri, beşinciləri bir yerə toplayanda heç azərbaycanlıların yarısı qədər etmir. İkinci xalq olaraq da bizim ölkə quruculuğunda və dövlətçilikdə ciddi rolumuz olub, bundan sonra da olmalıdır. Dövlətçilik bizdən ötrü çox önəmli bir faktordur. Hakimiyyət dəyişə bilər, ümumiyyətlə, hakimiyyət dəyişkən faktordur, bu gün bir siyasi partiya hakimiyyətdədir, dünən başqa biri olub, sabah başqa biri olacaq. Yəni ki, bunlar hamısı dəyişkən faktorlardır, tarixə çevrildikdə yüz illər, min illər ərzində bunlar çox cüzi bir şeyə çevrilir, amma dövlətçilik itməməlidir. Çünki dövlətimiz itəndə hər şey itər. Biz tarixdə iki dəfə dövlətçiliyimizi itirmişik və onun çox acı məhsullarını dadmışıq. Biz istəmərik ki, bir daha dövlətçiliyimiz problemli olsun. Ona görə, biz dövlətimizin inkişafı üçün hər şeyə hazırıq.

- Gürcüstan prezidenti ilə görüşünüzün nə vaxt olacağı bəllidirmi?

- Mən təbiətcə bir az arxayın adamam, nə tələsmirəm, nə də vaxtı mən təyin etmirəm, nə vaxt vaxt təyin olunar, inşallah, o vaxt da biz görüşərik və fikirlərimizi ifadə edərik.

- Bildiyimiz kimi, sizi görüşə dəvət etməmişdən öncə, Gürcüstan prezidenti Azərbaycana səfər etmişdi. Gürcüstan Azərbaycanlıları Konqresinin sədri kimi Gürcüstan prezidentinin Azərbaycana səfərindən nə gözləyirsiniz?

- Yadınızdadırsa, mən sizin qəzetə verdiyim bir müsahibədə sizin sualınıza cavab verəndə bu məsələyə toxunmuşdum. Siz sual verimişdiniz ki, Axalkalakidəki o "daş parçası” ora qoyulanda bunun Azərbaycan-Gürcüstan münasibətlərinə təsiri necə ola bilər? Hələ mən onda cavablandırmışdım ki, hər erməni dığasına görə bu münasibətlər pozula bilməz. Çünki bu münasibətlər bir-birinə elə "böyük kəmərlərlə” bağlanıb ki, bunu pozmaq istəyənlər də bacarmaz. Ona görə də bu haqda narahat olmaq lazım deyil. Keçmiş post-sovet ölkələrinin içində Gürcüstan prezidetinin ilk səfərini Azərbaycana etməsi artıq çox ciddi bir siqnaldır. Amma bu, bizim üçün xoş siqnal olmasına baxmayaraq, kimlər üçünsə bir sos siqnalıdır. Bizim müşahidə etdiymiz qədər orada çox məhsuldar görüşlər olub. Hətta bu görüşlərdən sonra informasiya vasitələrində Qarabağda belə hərbi-strateji əməkdşalıqla bağlı məlumatlar gün üzünə çıxmağa başladı. Bunların hamısı gözlənilən işlərdir. Hətta mən hesab edirəm ki, ləngimiş məsələlərdir. Çünki hər iki dövlət separatizmdən əziyyət çəkir. Etnik separatizimdən əziyyət çəkən ölkələr bir araya gəlsəydi, yəqin ki, separatizim bu qədər inkişaf etməzdi. Vaxtında birləşmiş olsaydılar, bəlkə də bu qədər əziyyət çəkməzdilər. Ona görə, gec də olsa, qiymətləndirmək lazımdır ki, bu, dəyərli bir addım olar və bu dəyərli addımı biz olduğu kimi də qəbul edirik. Azərbaycanala iqtisadi cəhətdən çox geniş əlaqələr var. Hesab edirəm ki, bu da yetərli deyil, iqtisadi əlaqələri daha da genişləndirmək olar.

-Bildiyimiz kimi, 20 yanvar günü Axalkalakidə terrorçu Mixali Avakyana abidə qoyuldu və azərbyacanlılar bununla bağlı Tbilisidə etiraz aksiyası keçirdilər. Hətta Gürcüstanın Bakıdakı səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı, amma heykəl götürülmədi. Heykəlin götürülməsi ilə bağlı Gürcüstan prezidenti ilə görüşdə məsələ qaldıracaqsınızmı?

-Bilirisiniz ki, bu məsələ ilə bağlı mətbuatda ilk çıxış edən adam olmuşam. Mənim ilk reaksiyamı xatırlayırsınızsa, bu olub ki, heykəli oradan qaldırmaq üçün mən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri olaraq Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət edəcəyəm. Mən bunun yolunu belə görürəm. Gürcüstan qanunlarla yaşayan bir ölkədir. Yoxsa burada bu xoşuma gəlmədi belə edim, olmaz. Biz cəngəllik qanunları ilə yaşamırıq. Biz hesab edirik ki, separatistə heykəl qoyulması sepatizimdən əziyyət çəkən Gürcüstan Konstitusiyasının pozulmasıdır. Bizim Konstitusiyamızda təsbit olunmuş bir məqam var ki, Gürcüstan dövlətində terrorizm və separatizm təbliğ olunmamalıdır. Heykəldən böyük təbliğat maşınımı var? Terrorçuya heykəl qoyulması Konstitusiyanın o maddəsini pozur. Ona görə də mütləq Konstitusiya Məhkəməsinə müraciət olunmalıdır. Əldə hüquqi bir sənəd olduqdan sonra heykəl oradan götürülə bilər. Mən hesab edirəm ki, düzgün yol budur. Elə sizin qəzetiniz vasitsilə fürsətdən istifadə edib, üçüncü və yəqin sonuncu dəfə bu işlərlə maraqlanan bizim iş adamlarımıza müraciət etmək istəyirəm ki, biz bu işə çox ciddi, savadlı olan vəkilləri cəlb etməliyik, vəkillər də bu işi pulsuz etmirlər. Biz istəmirik ki, kimsə gətirsin Konqresin hesabın pul yükləsin, varsa elə şəxslər ortaya çıxsın, vəkillərə pul versinlər və onları bizim yanımıza gətirsinlər, bərabər əməkdaşlıq edək. Onu da nəzərə alsınlar ki, bizdə Konstitusiya Məhkəməsi Batumi şəhərində yerləşir. Vəkilər Batumi şəhərində ən azı bir aya qədər oturub, bu işin üzərində işləməlidirlər. Həmin xərcləri də nəzərə alıb, bu addımları atmağı bacarmalıdırlar.

- Bu gün Gürcüstanda savadlı azərbaycanlı kadrların işsizlik problem ilə yanaşı, azərbaycanlıların başqa nə kimi problemləri? Yəni prezidentlə görüşdə başqa hansısa məsələlərin qaldırılmasına ehtiyac görürsünüz?

- Birincisi, savadlı azərbaycanlı kadrların işsiz olması o demək deyil ki, savadlı gürcü kadrların hamısı işləyir. Xeyr, onlarda da işsizlik problemləri var. Bu gün gürcü gəncləri çox böyük axınla Avropa Birliyi ölkələrinə gedirlər. Avropaya doğru çox ciddi beyin axını var. Amma bizim əsas problemlərdən biri də odur ki, biz azərbaycanlılar kəndlərdə yaşayırıq. Kəndlərdə yaşayırıqsa, kənd təsərrüfatı məhsullarını əkib, məhsul kimi deyil, ən azından yarımfabrikat halına gətrib, o cür satmaq daha gözəl olardı. Həmçinin əhali 7-8 ay əkib-becərir, suvarır, bu 7-8 ay ərzində dolu, yağış, qar, şaxta da ola bilir. Bu risklərin heç birindən də kənd təsərrüfatı məhsulları sığortalanmayıb. İlk növbədə, kənd təsərrüfatı məhsullarının sığortalanması lazımdır. İkinci növbədə, kənd təsərrüfatı məhsullarına şərait yaratmaq, yəni kəndlərdə yaşayan insanlarımızı dəstəkləmək üçün faizsiz kreditlərə ehtiyac var. Bir çox ölkələr öz inkişaflarını bu cür qurublar, burada da əhaliyə faizsiz kreditlər verilsə, yaxşı olar. Çünki indi taxıl əkən adam taxılı satıb, oradan çox cüzi miqdarda, xərclədiyi puldan başqa, 3-5% qazanc götürür. Amma o, həmin taxıl məhsulu götürüb una çevirib, un kimi satarsa, yəni yarımfabrikat kimi, yaxud həmin taxılı hazır məhsul olaraq çörək kimi satarsa, onda daha çox qazanmış olar və bunun üçün kəndlərdə olan əhaliyə dəstək lazımdır. Bir daha vurğulayıram, Gürcüstan azərbaycanlılarının 90%-i kəndlərdə yaşayır. Ona görə, kəndlərdəki əhaliyə dəstək lazımdır, suvarma kanallarını daha da genişləndirmək, hansı kəndlərə su kanallar vasitəsilə gələ bilmirsə, yaxınlığından keçən çaylarda nasos stansiyaları qurub, onlara su qaldırmaq lazımdır. Artıq Allaha şükür, Avropa Birliyi ölkələrində Gürcüstanın bir çox kənd təsərrüfatı, əsasən də maldarlıq məhsullarına kvotalar verilir. Bu, çox gözəl haldır. Avropa Birliyi təşkilatları var ki, bizim maldarlıq məhsullarını Avropa Birliyi bazarlarında satışına yardımçı olurlar. Bunlar hamısı çox gözəl hallardır. Amma öncə o kəndçini "yerdən qaldırmaq” lazımdır, kəndçi yerlərdə sürünür, ona texnika vermək, onu su ilə, yeni toxumlarla, yeni ağac bitkiləri və.s ilə təmin etmək lazımdır. Həm də kəndlərdə xırda müəssisələr açmaqla, iş yerləri yaratmaq olar. Xiyar, pomidor, sarımsaq, soğan demək olar kəndlərimizin hamısında əkilir və bunların hamısını bir yerə toplayanda bir gözəl turşu alınır. Turşular hazırlayıb, onları qablaşdırıb, Avropa bazarlarına çıxartmaq olar. Bu gün dünya bazarlarında demək olar ki, türk turşuları satılır, həmin turşuları biz də hazırlaya, bazarlara çıxara bilərik. Cemlər, meyvələrdən mürəbbələr, meyvə şirələri və s. hazırlaya bilərik. Mən sizin qəzet vasitəsilə azərbaycanlı iş adamlarına müraciət etmək istəyirəm, bilirəm, qəzetiniz çox oxunan qəzetdir. Azərbaycanlı iş adamları gəlsinlər borçalılara bu cür dəstək olsunlar. İnanın ki, Borçalıda heç kim dilənçi deyil, amma qoy, gəlsin iş adamları burada pul qoysunlar, pul qazansınlar, türklərlə birlikdə ortaq müəssisələr yaratsınlar.



Oxşar Xəbərlər

Xəbər lenti