8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Azərbaycanın milli pul vahidi manatın Türkiyədə, türk lirəsinin Azərbaycanda işlək statusu olmalıdır"
"Dünyanın böyük gücləri bu gerçəkliyi görür və biz türkləri qəbul etmək zorundadırlar"
Son illərdə İran adlanan ölkədə mövcud hakimiyyətin dəyişdirilməsi, mollakratiyanın başqa bir idarəetmə sistemi ilə əvəz edilməsi kimi proseslər gündəmə gətirilir. O da bəllidir ki, əsası XVIII yüzillikdə qoyulmuş qondarma "paniranizm”, "panfarsizm”, "irani” kimlik siyasəti bu gün supergüclər olan Qərb, Rusiya və Çin tərəfindən müdafiə olunur. Beləliklə də Azərbaycan türklərinin kimliyi, bu xalqın superetnos statusunun inkarına qarşı cəhdlər edilir. Odur ki, bu və digər önəmli mövzulara dair "Birləşik Azərbaycan Yurdları” ocağının başqanı Cahandar Bayoğlu ilə görüşərək onun fikirlərini öyrənməyə çalışdıq.
"İran adlanan ərazidə qurulacaq Azərbaycan Türk Dövləti də Azərbaycan Respublikasında və Türkiyə Cümhuriyyətində olan mövcud siyasi sistemə uyğun formalaşmalıdır"
– Cahandar bəy, ilk müsahibənizdə bildirmişdiniz ki, İran adlı ölkədə Azərbaycan Türk Dövləti yaradıldıqdan sonra Azərbaycan Respublikası və Türkiyə Alyansı (ATA) yaradılmalıdır. Bunu necə dəyərləndirirsiniz?
– İran adlanan ölkədə qurulacaq Azərbaycan Türk Dövləti yaranmadan öncə günü bu gün Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında bu konfederasiyanın əsasları qoyulmalıdır ki, biz Təbriz mərkəzli Azərbaycan Türk Dövlətinin yaranmasına hazır olaq. Bu hazırlığımız Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinə qarşı birgə xarici təcavüzün olması, dövlətlərimizə qarşı bölücü fəaliyyətləri, suverenliyimizə təhlükə mənbəyi olan qəsdlər və. s bizim ortaq hərbi və təhlükəsizlik qurumlarımızın yaranmasını vacib sayır. Eyni zamanda dış asılılıqdan azad olmaq üçün hərbi sənaye kompleksimizin yaranması vacib şərtdir. Təhlükəsilik və müdafiə strukturlarımızın birgə işlək durumda olması ilə yanaşı, iqtisadi potensialımızın gücünün artması üçün, gömrük birliyinin və ortaq istehsal sənayemizin formalaşması çox mühümdür. Bu proseslərlə yanaşı, iqtisadi baxımdan yaxınlaşmanın istiqamətində Azərbaycan Respublikasının vətəndaşlarının Türkiyədə, Türkiyə Cümhuriyyətinin vətəndaşlarının isə Azərbaycan Respublikasında yaşamaq və çalışmaq hüququ tanınmalıdır. Azərbaycanın milli pul vahidi manatın Türkiyədə, türk lirəsinin Azərbaycanda işlək statusu olmalıdır. Həm də Azərbaycanda və Türkiyədə mövcud olan icra, qanunvericilik, məhkəmə sistemləri arasındakı uyğunsuzluqlar aradan qaldırılmalıdır ki, inteqrasiyamız üçün hansısa anlaşılmazlıqlar doğurmasın. İran adlanan ərazidə qurulacaq Azərbaycan Türk Dövləti də Azərbaycan Respublikasında və Türkiyə Cümhuriyyətində olan mövcud siyasi sistemə uyğun formalaşmalıdır. Belə olduğu təqdirdə, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti, yəni ATA (Azərbaycan-Türkiyə Alyansı) konfederasiyasının arasındakı sazişlərə qoşularaq qurucu üzvü olsun.
"Təbriz mərkəzli Azərbaycan Türk Dövlətindəki ostanlar Türkiyə Cümhuriyyətindəki illərin statusuna uyğunlaşdırılmalıdır"
– Siz dövlətlərin siyasi sistemi dedikdə nələri nəzərdə tutursunuz?
– Əslində bu proses Türkiyə Cümhuriyyətində və Azərbaycan Respublikasında getməkdədir. Belə ki, Türkiyə Cümhuriyyətinin başqanlıq hökumət sisteminə keçməsi Azərbaycan Respublikasının başqanlıq hökuməti sistemi ilə eyniləşdirilməsi kimi dəyərləndirilməlidir. Bilirsiniz ki, indiki İran adlanan ölkədə mövcud olan ostanların inzibati quruluşu Türkiyə Cümhuriyyətindəki İl idarəetmə sisteminə uyğun gəlir. Öncələr dediyimiz kimi, Təbriz mərkəzli Azərbaycan Türk Dövlətindəki ostanlar Türkiyə Cümhuriyyətindəki illərin statusuna uyğunlaşdırılmalıdır. Ostanlara verilən hüquqlar Türkiyədəki İl statusu almalıdır və İl adlanmalıdır. Qaşqay və Xorasan bölgəsinin statusları Naxçıvan Muxtar Respublikasında olan eyni hüququ daşımalıdır. Başqanlıq hökumət sistemi Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətində olduğu kimi, təsis edilməlidir. Azərbaycan Respublikası isə keçmiş Sovetlər Birliyindən miras qalmış rayon inzibati idarəçiliyindən tamamilə imtina etməli, yerli ərazi idarəçilik bölgüləri Türkiyə Cümhuriyyətində və Azərbaycan Türk Dövlətində olduğu kimi, illərə bölünməlidir. Qarabağ İli, Zəngəzur İli, Dərbənd İli, Gəncə İli, Muğan İli, Yardımlı İli, Şirvan İli, Qarayazı İli kimi illərə bölünməlidir. Bakı böyük şəhər statusu ilə ayrıca İlə malik olmalıdır. Bu illərin yerli idarəçiliyinə Türkiyə Cümhuriyyətində olduğu kimi status verilməlidir. Hər üç dövlətdə illərin başçıları, parlament, dövlət başçısı, çoxpartiyalılıq əsasında Türkiyə Cümhuriyyətində olduğu kimi formalaşmalıdır.
"Hələbdən Kərkük sınırlarına qədər, Suriyanın quzeyinin, Ərbil və Süleymaniyyənin Kərkük bölgələrinin Türkiyə Cümhuriyyətinə birləşdirilməsi günümüzün zərurətinə çevrilib"
– Cahandar bəy, bəs Mosul, Kərkük, Ərbil və Suriyada yaşayan Azərbaycan Türkü olan soydaşlarımızın taleyi necə olacaq?
– Sadaladığınız yurdlar bir gerçəklikdir ki, Azərbaycanın tarixi əraziləridir və onlar indi də həmin torpaqlarda yaşayırlar. Bilirsiniz ki, Türk Dünyasının lideri Mustafa Kamal Atatürk həmin bölgələri "Misaki Milli”, yəni "Ulusal And” sınırları içərisində görürdü. Bu da bir gerçəklikdir ki, Türkiyə Cümhuriyyətinin getdikcə həmin bölgələrdə nüfuz dairəsi böyüyür və təsir imkanları genişlənir. Biz həqiqətləri qəbul etdikdə Hələbdən Kərkük sınırlarına qədər, Suriyanın quzeyinin, Ərbil və Süleymaniyyənin Kərkük bölgələrinin Türkiyə Cümhuriyyətinə birləşdirilməsi günümüzün zərurətinə çevrilib. Bu bölgələr həm də Azərbaycan Türk Dövləti, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin birləşdiyi konfederasiyanın güclənməsini stimullaşdırıcı amilə çevirəcəkdir. Unutmaq olmaz ki, XX yüzilin başlanğıcına qədər Orta Doğuda iki superenos birliyi mövcud olub. Bu, türklər və ərəblərdən ibarətdir. Qacarlar və Osmanlı kimi nəhəng türk dövlətləri imperialist güclər ərəfindən çökdürüldükdən sonra Orta Doğuda 100 ildir türkü inkar siyasəti yürüdülür. Bütün xalqları biz türklərə qarşı nizamlayırlar. Suriya, İraq, İran, Misir və digər Orta Doğu dövlətlərində türkü görməzdən gəlmək siyasəti yürüdülür. Orta Doğudakı diktator rejimləri 100 ildir bu məqsədə xidmət edirlər. "Soyuq Savaş”dan sonra artıq dünyanın siyasi, hərbi, iqtisadi və mədəni coğrafiyasının mənzərəsi də dəyişib. Ona görə də Orta Doğuda türkləri görməzlikdən gəlmək artıq qeyri-mümkün olan bir prosesə çevrilib. Dünyanın böyük gücləri də bu gerçəkliyi görür və biz türkləri qəbul etmək zorundadırlar.
"Bu yerlərin gerçək sahibləri olan Azərbaycan türkləri gec-tez öz yurdlarına qayıdacaq"
– Tarixi Azərbaycan yurdlarımız olan İrəvan və digər bölgələrin taleyini necə görürsünüz?
– Bir gerçəklikdir ki, Qarabağ məsələsi onu tək Azərbaycan Respublikasından qoparmaq üçün deyil, tarixi Azərbaycan torpaqlarında qurulmuş qondarma Ermənistan Respublikasını qoruyub saxlamaq üçün düşünülmüş süni bir plandır. Azərbaycanda, Qafqazlarda, Anadoluda və Orta Doğuda baş verən dəyişikliklər, qurulan yeni birliklər qondarma Ermənistan Respublikasının varlığının mümkünsüzlüyünə gətirəcəkdir. Bu yerlərin gerçək sahibləri olan Azərbaycan türkləri gec-tez öz yurdlarına qayıdacaq. Böyük dönüş baş verdikdən sonra həmin ərazilərin əhalisi Azərbaycan Respublikası ilə Azərbaycan Türk Dövlətinə qatılmaları haqqında seçim etmək imkanları olacaq. İstər Azərbaycan Respublikası, istərsə də Azərbaycan Türk Dövlətinə birləşmələrindən asılı olmayaraq, yörəsəl idarəçilik Azərbaycan Türk Dövlətində, Azərbaycan Respublikasında və Türkiyə Cümhuriyyətində olduğu kimi illərə bölünəcək. Zəngəzur İli, İrəvan İli, Göyçə İli, Ağbaba-Şörəyel-Pənbək İli kimi formalaşacaqdır.
"Bu gün yaranmış pisliklərdən qurtulmaq bölgə xalqlarının möhtac olduğu türk ədalətinə inamı yaranmış bu konfederasiya tələbatı gücləndirir"
– Yaranmış bu konfederasiya bölgə və Dünya Birliyi üçün hansı müsbət dəyişikliklərə səbəb ola bilər?
– Qarabağ kimi problemlər, Orta Doğuda baş verən bütün dəyişikliklər, milli ədavətin qızışdırılmasına, terrorizmin dünyanın başına bəla olmasına, yüzminlərlə günahsız insanların ölümünə, uyuşdurucu malların tranzitinin daha da təhlükəli hal almasına, mənəvi dəyərlərin və bəşəri maddi mədəniyyətin bir parçası olan tarix-memarlıq abidələrinin tamamilə dağıdılmasına gətirib çıxarıbdır. Tarixi keçmişi olan türk millətinin ədaləti bölgə xalqları üçün dünənki tarixin canlı salnaməsidir. Onlar bu gün də Qacar ədalətinin, Afşar ədalətinin, Osmanlı ədalətinin, Səfəvi ədalətinin, Səlcuqlu ədalətinin nə demək olduğunu heç də unutmayıblar. Bu gün yaranmış pisliklərdən qurtulmaq bölgə xalqlarının möhtac olduğu türk ədalətinə inamı yaranmış bu konfederasiya tələbatı gücləndirir. Eyni zamanda, sivil Avropa dövlətlərinə olan qaçqın axınını dayandırmaqla yanaşı, geri qayıdışlarının təminatına çevrilib. Bu konfederasiya həm də yaxın gələcəkdə bölgə dövlətlərinin demokratikləşməsinə, əmin-amanlığın yaranmçasına təminatın statusunu qazandıracaqdır.
Söhbətləşdi: Ənvər Yusifoğlu