“Yaxın zamanlarda İraq-Azərbaycan əlaqələri daha da inkişaf edəcək” - MÜSAHİBƏ


İraq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori: “Sərhədlərin açılması, hava nəqliyyatının bərpası hər iki ölkənin maraqlarına cavab verir”

İraq sözü uzaq mənasında işlənsə də, Azərbaycanı bu ölkə ilə bir çox bağlar bağlayır. Hər il minlərlə azərbaycanlının üz tutduğu müqəddəs ziyarətgahlar, qan-qardaşları, türkmən soydaşlarımız, Məhəmməd Füzuli. İraq deyəndə ağıla gələn ilk 3 ibarə bunlardır. Amma iki ölkə əlaqələrinin tarixi bağları daha dərindir. Hazırda da Azərbaycan və İraq arasında əlaqələr inkişaf edir, beynəlxalq təşkilatlarda əməkdaşlıq var.

Başqa sözlə, İraq Azərbaycanla tarixi bağları olan, dost ölkədir. Hazırda İraqla əlaqələrin vəziyyəti, əməkdaşlığın dərinləşdirilməsi üçün nəzərdə tutulan işlər barədə daha geniş məlumat almaq üçün İraq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori ilə müsahibə tələb etdik. Gözlənildiyinin əksinə, müraciətimiz tez bir zamanda müsbət cavablandırıldı və söhbət etmək üçün imkan yaradıldı.

- Azərbaycan-İraq əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Bismillah ər-Rəhman ər-Rəhim. Sizi və təmsil etdiyiniz medianı salamlayıram.

Bildiyiniz kimi, hələ sovet vaxtı, 1974-cü ildə İraq Respublikasının Azərbaycanda Bakı şəhərində Baş Konsulluğu fəaliyyət göstərirdi. SSRİ respublikaları arasında yeganə ilk İraq konsulluğu burda açılmışdı. Bu da bizim ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu sübut edir. Sovet İttifaqının dağılmasından sonra İraq Azərbaycanın müstəqilliyini tanıyan ilk on dövlətlərdən biri olmuş və 1992-ci ildən etibarən ölkələrimiz arasında diplomatik əlaqələr səfirlik səviyyəsinə yüksəlmişdir. Bizim ölkələrimizi tarixi, dini, mədəni, qardaşlıq əlaqələri bağlayır. İraqda üçüncü ən böyük etnos olan Türkmən milləti ölkəmizin ictimai-siyasi həyatında böyük rol oynayırlar, parlamentdə, siyasətdə fəaldırlar.
Ölkələrimizi bağlayan mədəni tellər çoxdur. Onlardan biri də görkəmli şairimiz, Azərbaycan əsilli Məhəmməd Füzuli Bağdadidir. Füzuli xalqlarımız arasında böyük bir mədəni körpü təşkil edir. Bundan başqa tarix boyu Nəcəf Əl-Əşrəf şəhərində dini təhsil almış və sonradan dünyada böyük nüfuza sahib azərbaycanlı alimlər.

Hazırkı əlaqələrimiz də bu tarixi bağlara söykənir. Son iki ildə İraqdan Azərbaycana bir neçə yüksək səviyyəli nümayəndə heyətləri səfər edib. Bunlar arasında parlament nümayəndə heyətinin, bir neçə nazirin səfərləri var. 2021-ci ilin avqustunda Azərbaycan-İraq hökumətlərarası birgə komissiyasının ikinci iclası keçirilib. Bu da iki ölkə arasında əməkdaşlıqda böyük bir rol oynayır.

Bu il İraq və Azərbaycan arasında siyasi məsləhətləşmələrin birinci iclası keçirilib. Bu iclasda İraq nümayəndə heyətinə xarici işlər nazirinin müavini başçılıq edirdi. Hazırda iki ölkə arasında icra mərhələsində olan bir sıra anlaşma memorandumu və protokollar mövcuddur. Ümid edirik ki, onların imzalanması və qüvvəyə minməsindən sonra əlaqələr daha da inkişaf edəcək. Hazırda siyasi, enerji, turizm, investisiyaların təşviqi, ikiqat vergitutma, təhlükəsizlik sahələr üzrə kimi əməkdaşlıqa dair sənədlər üzərində işlər gedir.

- Rəsmi Bağdad üçün Azərbaycanla hansı istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək prioritetləri var? Hansı sahələrə daha çox maraq göstərilir?

- Birinci sualda qismən toxunduq, qeyd etdiyim kimi, sadaladığım sahələr üzrə sənədlər iki ölkə arasında əməkdaşlığın hüquqi bazasını təşkil edəcək. Hazırda bizim üçün prioritet məsələlərdən biri ticarət dövriyyəsinin yüksəldilməsidir, eyni zamanda neft-qaz sahəsində əlaqələrin inkişafına töhfə verəcək sənədlər üzərində iş gedir. Həmçinin, turizm sahəsi bizim üçün çox önəmlidir.

- Turizmi qeyd etdiniz, məlumdur ki, İraq azsaylı ölkələrdəndir ki, Azərbaycanla qarşılıqlı geniş turizm əlaqələri mövcuddur. Hər il Azərbaycandan insanlar İraqdakı müqəddəs məkanları ziyarətə gedir. Həmçinin İraqdan son illərdə minlərlə turist Azərbaycana gəlirdi. Son iki ildə pandemiyaya görə bu səfərlər dayandı. Hazırda vəziyyət necədir? Azərbaycana iraqlı turistlər gəlirmi? Həmçinin azərbaycanlıların qarşıdan gələn Ərbəin ziyarətinə getməsi mümkün olacaqmı?

- 2015-ci ildə Azərbaycan və İraq arasında birbaşa təyyarə reysləri açıldı və bu, ölkələrimiz arasında turizmin inkişafına böyük dəstək verdi. İraqdan Azərbaycana gələn turistlərin sayı 80 minə yüksəlmişdi. Lakin bütün dünyanı bürüyən COVİD-19 pandemiyasına görə sərhədlər bağlandı və bu səbəbdən turizm səfərləri dayandı. Hazırda İraqdan heç bir turist yoxdur.

- Bəs Azərbaycandan necə, getmək mümkündür?

- Bir çox ölkələr ikitərəfli əlaqələrdə qarşılıqlıq prinsiplərinə əsaslanır, lakin İraq Respublikasının höküməti bu prinsipləri dini turizmə tətbiq etmir və hesab edir ki, İraqdakı müqəddəs ziyarətqahları ziyarət etmək hər bir müsəlmanın haqqıdır. Azərbaycan zəvvarları üçün də viza verilməsi prosedurları dayandırılmayıb və davam edir. Eyni zamanda İraq

Respublikasının Bakıdakı səfirliyi bütün zəvvarlara, sayından asılı olmayaraq xidmət göstərməyə hazırdır. Siz özünüz də İraqa gedəndə şahid olubsunuz, İraq xalqı Aşura zəvvarlarına öz qonaqları kimi yanaşaraq, təmənnasız xidmət edirlər. İraq xalqı zəvvarları öz qonaqları kimi görür və onların yolunu gözləyirlər. Çünki bu, İmam Hüseynə (ə) hörmət əlamətidir.

Pandemiya ilə bağlı bəzi qadağaların ləğvi və qaydaların yumşaldırılmasından sonra Azərbaycan bir sıra ölkələr ilə sərhədlərini açmışdir, lakin təəssüf ki, İraq bu ölkələr arasında deyil. Biz də Azərbaycan rəsmiləri ilə görüşlərdə daim bu məsələni diqqətdə saxlayırıq və xahiş edirik ki, tez bir zamanda İraqla da birbaşa reyslər bərpa olunsun. Çünki hava yolunun açılması iki ölkə arasında turizm, ticarət və sair əlaqələrə ciddi təsir edəcək. Birincisi, vaxt baxımından, Bağdaddan Bakıya birbaşa təyyarə uçuşunun müddəti 1 saat 40 dəqiqədir və tranzitlərə vaxt itirilmir. İkincisi isə vəsaitə qənaətdir. Tranzit uçuşlar baha başa gəlir, çox insan üçün əlçatmazdır.

Mən bu gün bu fürsətdən istifadə edərək, sizin təmsil etdiyiniz media vasitəsilə dost Azərbaycan hökumətinə müraciət edərək bildirmək istəyirəm ki, iki ölkə arasında sərhədlərin açılması, hava nəqliyyatının bərpası hər iki ölkənin maraqlarına cavab verir. İraq turistləri səbirsizliklə sərhədlərin açılmasını gözləyir. İnanıram ki, yaxın zamanlarda bu baş tutacaq.

- Azərbaycanda necə, İraqdan gələn tələbələr təhsil alır? Əlaqələrin inkişafında təhsil mübadiləsinin mühüm təsiri var.

- Bəli, hazırda Azərbaycan universitetlərində yüzlərlə iraqlı tələbə təhsil alır.

- Bakıda yaşayıb işləyən iraqlı olaraq müşahidələriniz necədir? Özünüzü burada necə hiss edirsiniz?

- Açığını deyim ki, burda yaşadığım müddətdə özümü heç zaman qərib hiss etməmişəm. Özümü İraqda, doğmaların arasındakı kimi hiss edirəm. Azərbaycan xalqı çox gözəl, qonaqpərvər xalqdır.

- İraq uzun illər müharibə, terror, etnik və dini münaqişələrdən əziyyət çəkmiş ölkədir. Bunun izləri hələ də qalır. Ümumiyyətlə, müsəlman ölkələrinin çoxunda hələ də qeyri-sabitlik və daxili qeyri-sabitlik mövcuddur. Bu mənada Azərbaycanda dini vəziyyət, dinlərarası münasibətləri necə qiymətləndirirsiniz?

- Azərbaycanda münasibətlər sistemi əla qurulub, dinlərarası, məzhəblər arası münasibətlər əladır. Dindar insanların sayı artır, xüsusən də bölgələrə səfərlərim zamanı məscidlərdə ibadət edən insanları görürəm. Azərbaycan da İraq kimi, çoxmillətli, müxtəlif din və məzhəb ardıcıllarının yaşadığı ölkədir. Müxtəlif təbəqədən insanlar fərqli din və məzhəblərə mənsubdur və bu məsələdə ölkədə hər hansı problem yoxdur.

Bu yaxınlarda, məhərrəmlik ayında təşkil olunan məclislərdən birində iştirak etmək üçün səfirlik dəvət olunmuşdur və səfiliyin təmsilçisi orada iştirak etmişdir.

Azərbaycan xalqı 70 il sovet rejimində yaşamağına baxmayaraq, İslamı, Əhli-Beyt məhəbbətini qoruyub saxlayıb. Bir cəmiyyət, bir insan çətin vəziyyətdə dinə qayıdır, bu onun fitrətindən gəlir. Azərbaycan xalqının Əhli-beytə məhəbbətini biz 44 günlük İkinci Qarabağ müharibəsində müşahidə etdik. Döyüşə gedən əsgərlər İmam Hüseyn (ə) şüarları, qəsidələr oxuduğunu göstərən kadrları həyəcanla izləmişik. Azərbaycan xalqında bu ruh var.

- Bir neçə gün əvvəl Azərbaycanın Londondakı səfirliyi Azərbaycanda dini qadağalar olduğunu iddia edən fanatiklər tərəfindən hücuma məruz qaldı. Bir diplomat, eyni zamanda Bakıda yaşayan əcnəbi kimi bu iddialara münasibətiniz necədir?

- Bildiyiniz kimi, diplomatik xidmətlər 1961-ci il Vyana Konvensiyası və Konsulluq Xidmətləri haqqında 1963-cü il Konvensiyası ilə tənzimlənir. Bu konvensiyalar bütün dünyada diplomatların təhlükəsizliyini təmin edir və onları qoruyur və həmçinin diplomatik missiyanın yerləşdiyi ölkənin müvafiq orqanları da onun təhlükəsizliyini təmin etməlidir. Biz Londonda baş verən hücumu birmənalı olaraq qınayırıq. Bu hərəkəti edənləri mən “islam ekstremistləri” adlandırıram. Bunlar islam şüarı altında İslam dininin qəbul etmədiyi, rədd etdiyi zorakı hərəkətləri həyata keçirirlər.

Bildiyiniz kimi, İŞİD İraqda “Spayker qətliamı” adı verilən, hərbi məktəbdə baş verən qətliamı törədib. Bu hadisə zamanı 1700-dən çox gənc kursant qətlə yetirilib. Biz bu hadisəni soyqırım adlandırırıq. İraq bu günə qədər beynəlxalq ictimaiyyətin bu hərəkəti pisləməsini gözləyir. Mən bütün müsəlman ölkələrindən istərdim ki, bu mövzuda diqqətli olsunlar, islamçı ekstremistlər gəncləri öz tərəfinə çəkə, onları terrora cəlb edə bilməsinlər.

- Azərbaycan və İraq Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Beynəlxalq təşkilatlarda iki ölkə arasında əməkdaşlıq hansı səviyyədədir?

- Beynəlxalq təşkilatlarda Azərbaycan və İraq arasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə həyata keçir. İraq Azərbaycan tərəfini, Azərbaycan isə İraqı dəstəkləyir. Biz hər hansı namizəd irəli sürəndə bu, Bakı tərəfindən dəstəklənir. Eyni zamanda Azərbaycanın namizədi İraq tərəfindən dəstəklənir. Qoşulmama Hərəkatı Təşkilatının çərçivəsində də Bakı və Bağdad sıx əməkdaşlıq edir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin pandemiya dövründə BMT-nin COVİD-19-a həsr olunmuş virtual konfransının keçirilməsi təşəbbüsünə ilk dəstək verən ölkələrdən biri də İraq idi. Bu konfrans yüksək səviyyədə keçdi. İraq Qoşulmama Hərəkatının təsisçilərindən biridir, habelə İraq Respublikası 1934-cü ildən etibarən Millətlər Liqasının üzvü idi və sonradan o təşkilatın əsasında BMT təsis olunandan onun üzvüdür . Ölkəmiz daim beynəlxalq hüquq və normalara riayət edir. Beynəlxalq təşkilatların verdiyi qərarlara uyğun olaraq ölkələri dəstəkləyir, siyasətini qurur. Bu mövzuda bizim mövqeyimiz aydındır.

Kənan Rövşənoğlu



Oxşar Xəbərlər

Xəbər lenti