8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edir; Xəzər sahillərinin zəbti vətəndaşları uyğun olmayan çimərliklərə yönləndirir...
Sabunçu rayonu, Kürdəxanı çimərliyində 4 nəfər boğularaq ölüb. Sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə girib. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də, 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Balababa Babayev dənizdə boğulublar. Hər 4 gəncin cansız bədənləri sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
İyulun 28-də Xəzər sahillərində istirahətdə olanlar deyirlər ki, həmin gün dənizdə güclü axın müşahidə ediblər. Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edib. Yay mövsümü ərzində, xüsusən şərq küləyinin cənub küləyi ilə əvəzləndiyi saatlarda belə güclü axınlar müşahidə edilir. Belə axınlar zamanı suda hətta üzmək bacarıqları olanlar üçün də təhlükəli vəziyyət yaranır. Adi günlərdə Xəzərdə normal üzə bilənlər küləyin istiqamətinin əks tərəfə dəyişməsi ilə müşahidə edilən güclü axınlar zamanı daha çox səy göstərməli olurlar.
Xəzərin bu cür xüsusiyyətlərini bilməyənlər şərq küləyinin cənub küləyi ilə ( və ya əksinə) əvəzləndiyi günlərdə çimərliklərdə xüsusi olaraq ehtiyatlı davranmalıdırlar. Artıq eyni səbəblərdən Xəzərin İran sahillərində çimərliklərə iyulun 31-nə qədər girmək qadağan olunub. Qadağa İranın şimalında, Mazandaran vilayətində qüvvədədir. Bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib. N.Kərimianın sözlərinə görə, Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb. Qadağa bu il çimərlik mövsümündə Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox şəxsin ardıcıl boğulmasından sonra qüvvəyə minib.
Xəzərin Azərbaycan sahillərində də vəziyyət bu baxımdan ürəkparçalayandır. Bu il yay mövsümü başlayandan dənizdə boğulanların sayı hər həftə artır. Son bir həftədə Kürdəxanıda 4 nəfər, Xəzər və Abşeron rayonlarındakı qeyri-çimərlik ərazilərdə 2 nəfər batıb. Əvvəlki həftə 12 yaşlı Bayram Kərimli Novxanı çimərliyində boğulub. Elə həmin gün Bilgəh çimərliyində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb. Bundan başqa, 4 nəfər də boğulma təhlükəsi ilə üzləşib, xilasedicilər onları son anda xilas edə bilib. Neftçalada 3 nəfər dənizdə boğulub. Hadisə günorta saatlarında rayonun Həsənabad qəsəbəsində baş verib. 26 yaşlı Fariz Alkişiyev, 29 yaşlı Fərid Babayev, həmçinin 27 yaşlı Şəhriyar Nəcəfov birlikdə dənizdə çimərkən batıblar. İyulun 21-də isə Azərbaycan Texnologiya Universitetinin 3-cü kurs tələbəsi Fərman İsaqov dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batıb. Bakının Sabunçu rayonu ərazisindəki dənizdə isə bir nəfər qeyri-çimərlikdə üzərkən boğulub. Sonradan aparılan araşdırma nəticəsində məlum olub ki, boğulan şəxs 19 yaşlı Sadiq Abbasovdur. 22 yaşlı Azərbaycan vətəndaşı Andrey Xaritonov da iyulun 21-də dostları ilə birlikdə Buzovna qəsəbəsindəki "Zağulba” çimərliyində ehtiyatsızlıq ucbatından boğulub. Eləcə də Astara rayonunda bir nəfər qeyri-çimərlik sahəsində, dənizdə çimərkən boğulub.
Suda boğulanların statistikasındakı uşaqlar və yeniyetmələr çoxluq təşkil edir. Boğulanların sayının bu qədər artmasına səbəb valideyn nəzarətsizliyi, insanların özlərinə qarşı məsuliyyətsizliyi, yoxsa dənizdə baş verən ekoloji proseslər, küləkli hava nəticəsində yaranan axınlardır?
Mütəxəssislər bildirir ki, bəzən boğulan şəxslər daha yaxşı üzmək qabiliyyəti olanlardır. Burada psixoloji amil təsir edir və şəxs özünə güvənərək daha dərinliyə gedir, nəticədə faciə baş verir. Digər əsas səbəblərdən biri kimi qıcolma göstərilir. Mütəxəssislər bildirir ki, əsasən epilepsiyası olan şəxslərdə dənizdə qıcolma qaçılmaz olur. Bundan başqa, bədənində mikroelementlər çatışmadıqda, eləcə də suda üzən insanın bədəninin soyuması, əzələlərin dincəlmədən uzunmüddətli işləməsi, suyun hərarətinin kəskin enməsi nəticəsində də qıcolmalar yarana bilir.
Xəzər dənizi üzrə mütəxəssis, ekoloq İslam Mustafayev mövzu ilə bağlı "Yeni Müsavat”a bu fikriləri açıqlamışdı.
Sitat: "Bu il yay mövsümü daha küləkli keçir. Bunun nəticəsində dənizdə geoloji proseslər gedir, axınlar daha çox dəyişir, burulğanlar əmələ gəlir, su dərinlikləri yaranır. Çox təəssüf ki, çox hallarda bu dərinləşmə tədricən deyil, birdən baş verir ki, bu da çox təhlükəlidir.
Lakin dənizdə boğulanların sayının artmasını insan faktoru ilə əlaqələndirirəm. Demək olar ki, bu məsələdə məsuliyyətsizlik, uşaqların nəzarətdən kənar qoyulması, üzə bilməmək və yaxud təhlükəli yerlərdə üzmək, xilasedicilərin xəbərdarlıqlarına baxmayaraq, kənara çıxmaq, belə hallarda faciə qaçılmaz olur. Küləkli havada dənizə girmək, ümumiyyətlə, olmaz. Çünki külək dalğaları vurur və o da özü ilə bərabər ətrafdakı əşyaları, hətta insanı dənizin dərinliklərinə aparır".
Vətəndaşların çimmək üçün yararsız çimərlik ərazilərinə üz tutmaları da başqa bir söhbətin mövzusudur. Xəzər sahilləri illərdir ki, kilometrlərlə uzanan daş hasarlarla bağlanmaqla zəbt olunub. Zəbt olunan ərazilər isə, bir qayda olaraq, istirahət üçün uyğun şəraiti olan yerlərdir. Ona görə də vətəndaşlar daha uyğunsuz çimərliklərə üz tutmaq məcburiyyətində qalırlar. Beləliklə, Xəzərdəki ekoloji durumla yanaşı, Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayının getdikcə azalması, özəl, pullu çimərliklərin isə əksinə, sayının artması problemi qalmaqdadır.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti paytaxtdakı çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olması barədə dəfələrlə açıqlama verib. Bu açıqlama hasarlanaraq zəbt olunan ərazilərə şamil olunmur. Digər tərəfdən, BŞİH-in çağırışlarına çox az hallarda özəl çimərliklər əməl edir. Bu, azmış kimi, özəl və ictimai çimərliklərə nəzarət edənlər qanunsuz olaraq öz məkanlarına qapılar, şlaqbaumlar yerləşdirir. Nəticədə ictimai çimərliklər gözlə görünəcək dərəcədə azalır və istirahət etmək istəyənlər məcbur olaraq qeyri-uyğun və ya özəl çimərliklərə üz tutmaq məcburiyyətində qalırlar. Qeyd edək ki, hələ 2017-ci ildə Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı. Lakin məsələ bu günə qədər həllini tapmayıb. Odur ki, Xəzər "əjdaha”ya dönüb vətəndaşları udmaqdadır./musavat.com/