Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Mətbuat Şurasının sədri Əflatun Amaşov erməni jurnalistlərin Azərbaycana səfər etməsinə münasibət bildirib.
Ə. Amaşov APA-ya açıqlamasında bildirib ki, son günlər erməni jurnalistlərin Azərbaycana səfəri ilə bağlı cəmiyyətdə müəyyən diskussiyalar gedir: "Mənə də müraciət edib məsələ ilə bağlı fikirlərimi öyrənmək istəyənlər çoxdur. Münasibətimi qısaca açıqlamaq istəyirəm.
Hamıya məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal otuz ilə yaxındır ki, davam edir. O da məlumdur ki, Azərbaycan dövləti, ölkəmizin hər bir vətəndaşı bununla barışmayacaqdır. Torpaqlarımızın işğaldan azad olunması ümumi, həm də müqəddəs məqsədimizdir. Bütün fəaliyyətimiz buna köklənib. İstərdim ki, məhz bunu əsas tutaq və bu baxımdan məsələnin erməni jurnalistlər Azərbaycana gəlsinlər və ya gəlməsinlər, yaxud bizimkilər düşmən ölkəyə getsinlər ya getməsinlər kimi qoyuluşunu düzgün saymıram. Nəzərə alaq ki, ümumən intellektual təmas önəmlidir”.
MŞ sədri qeyd edib ki, 2001-ci ilə qədər qarşılıqlı jurnalist səfərləri olub: "O zaman bir ümid var idi. Ermənistan ictimaiyyətində belə demək mümkünsə, yumşalmalar nəzərə çarpırdı. 1999-cu ildə oradakı məlum parlament güllə-boranından sonra siyasi proseslərin səmti dəyişməyə başladı. Nəticədə Ermənistan danışıqlardan dolayı yolla geri çəkildi. Getdikcə proses düyünə düşdü. Ümumən siyasi durumun dəyişməsi jurnalist səfərlərinə də təsir göstərdi. Səfərlər səngidi, sonra dayandı. Bildiyimə görə, Azərbaycandan Ermənistana ən son gedən jurnalist «Turan» İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevdir. Səfər bu ilin əvvəlində gerçəkləşmişdi və onun faydalı olduğunu düşünürəm.
Yenidən məsələyə qayıdıram. 1999-2001-ci illərdə istəyimiz bu idi ki, Ermənistan cəmiyyəti real vəziyyəti anlasın. Bunu indi də istəyirik. Çünki erməni cəmiyyətinin bu gün də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün təsəvvürdə deyil. Münaqişənin mahiyyəti tamamilə yanlış interpretasiya edilib. Bu, onların siyasi məqsədlərindən irəli gəlib”.
Ə. Amaşov hesab edir ki, məsələyə soyuq yanaşmalıyıq: "Daha doğrusu, sülh axtarışı gedir, bu prosesə təkan verə biləcək istənilən təşəbbüsləri dəyərləndirmək lazımdır. Düşmənlə danışıq adlı prosesi öz xeyrimizə çevirmə imkanlarının hər birindən faydalanmalıyıq. Bəli, Ermənistan torpaqlarımızı işğal etdiyi üçün düşməndir. Amma bizim bu gün Dağlıq Qarabağ münaqişəsi zəminində ermənilərlə qurduğumuz münasibətin adı sülh danışığıdır. Dövlətimiz buna çalışır. Təbii, sülh ədalətli şərtlərlə olmalıdır. Yəni Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalıdır. Bu məsələdə hər hansı güzəşt ola bilməz. Əgər müharibə aparmağa qərar verəcəyiksə, ermənilərə bir haqq verə bilərik. Ancaq təslim olmaq haqqını…”