Lerikdə işləyən tibb işçisi Bakıdakı şəxslərə saxta COVID-19 pasportu verdi

Lerik Rayon Mərkəzi Publik Hüquqi Şəxsin Blaband kənd tibb məntəqəsində bəzi şəxslərə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılıb. 
Lerik rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, araşdırmalarla həmin tibb məntəqəsinin tibb qardaşı Altay Abbasovun Bakı şəhərində yaşayan bir neçə şəxslə pul müqabilində razılaşaraq “COVID-19” əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
 


Oxşar Xəbərlər

Xəbər lenti