“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi yeni layihə həyata keçirir

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanda yaşayan miqrant uşaqların sosial inteqrasiyasına dəstək məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi” mövzusunda layihəsinə start verib.

Sozcu.info xəbər verir ki, fevral ayının 1-dən başlayan layihə 3 ay davam edəcək və 01 may 2022-ci il tarixində başa çatacaq. Azərbaycanda miqrant uşaqların əsas kütləsinin Bakı şəhərində yerləşdiyini nəzərə alaraq layihə Bakı şəhərini və Abşeron ərazisini əhatə edəcək. Layihənin həyata keçirilməsində əsas məqsəd miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dəstək olmaq, onların Azərbaycan cəmiyyətinə uyğunlaşmasını asanlaşdırmaq, yerli uşaqlarla sosiallaşmasına yardımçı olmaq, onlar arasında Azərbaycan milli-mənəvi dəyərlərini təbliğ etmək, miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən orqanlarla əməkdaşlığı genişləndirmək və qeyd olunan problemin gündəmdə qalması yönündə aparılan işlərə dəstək verilməsindən ibarətdir.

Layihə çərçivəsində ilkin olaraq işçi qrupu müəyyənləşəcək, müvafiq qanunvericiliyə uyğun əmək və xidməti müqavilələr bağlanılacaq, tərəfdaşlarla danışıqlar aparılacaq və digər zəruri tədbirlər görüləcək. Növbəti mərhələdə benefsiarları qruplaşdırmaq üçün onlar arasında rəy sorğusu keçiriləcək, miqrant uşaqlar üçün Azərbaycan dili kursu təşkil olunacaq, miqrant uşaqlar və ailə üzvləri üçün hüquqi konsultasiyalar təşkil olunacaq, ingilis və rus dillərində flayer tərtib edilərək çap olunacaq, miqrantlar üçün zəruri məlumatların yer alacağı flayerlər miqrantların kompakt yaşadığı ərazilərdə yayılacaq, miqrant uşaqların asudə vaxtının yerli uşaqlarla birgə keçirilməsi məqsədilə müəllim və ya valideyinlərin iştirakı ilə tarixi və mədəni yerlərə ekskursiyalartəşkil olunacaq, miqrant uşaqların sosial inteqrasiyasının sürətləndirilməsinə dəstək məqsədilə təkliflər paketi hazırlanaraq aidiyyatı dövlət orqanlarına təqdim olunacaq və yekun olaraq layihə hesabatları hazırlanacaq, layihənin təsviri və maliyyə hesabatları hazırlanaraq donora təqdim olunacaq.

Layihənin nəticəsi seminarlara cəlb edilmiş miqrant uşaqların maariflənməsinə və yaşadığı cəmiyyəti yaxından tanımasına xidmət edəcək. Miqrantların iştirakı ilə keçirilən tədbirlər, onlar haqqında hazırlanmış reportaj və oçerklər mediada işıqlandırılacaq. Layihə çərçivəsində qurulmuş əlaqələrdən miqrantların bəhrələnməsinə imkan yaradılacaq.Layihənin nəticələri sonuncu tədbirə cəlb ediləcək miqrantların fəallığı və onlar arasında keçiriləcək rəy sorğusu ilə dəyərləndiriləcək. Keçirilən tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmaqla ictimaiyyət məlumatlandırılacaq, ölkəmiz və xalqımız üçün həyati əhəmiyyət daşıyan miqrasiya problemi haqqında keçirilən tədbirlər haqqında məlumatlar hesabatlara əlavə ediləcək.

Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti