Vətən uğrunda ölmək üçün doğulanlar – şəhid Bəxtiyar Aslanov -Fotolar

Şəhid Aslanov Bəxtiyar İlqar oğlu 1998-ci il dekabrın 28-də Naftalan rayonunda anadan olub. 2005-ci ildə ilk dəfə Səməd Vurğun adına 2 saylı orta məktəbin birinci sinfinə gedib. Əksər oğlan uşaqları kimi, Bəxtiyar da futbol oynamağı çox sevirdi. Amma hər şüydən çox Bəxtiyar doğulub boya-başa çatdığı doğma vətənini, Azərbaycanı sevərdi. Ailə üzvləri, qohum-qonşular da deyirlər ki, hələ aşağı siniflərdə oxuyanda belə, yanında Vətən mövzusunda söhbət olunanda Bəxtiyarın üzünün ifadəsi tamamilə dəyişər, gözlərində uşaq yaşına xas olmayan bir ciddilik və eyni zamanda da vurğunluq ifadəsi əks olunardı. 2016-cı ildə Bəxtiyar oxuduğu məktəbin 11-ci sinfini bitirərək məzun olub. Elə həmin il Gürcüstan Respublikasında Açıq Tədris Universitetinin İqtisadiyyat və Beynəlxalq əlaqələr şöbəsinə daxil olub. Ali məktəbdə, həm də xarici ölkənin universitetində təhsil almaq imkanı Bəxtiyara hərbi xidmətdən möhlət hüququ versə də, o, bu imkandan istifadə etməmək, hər şeydən daha önəmli bildiyi Vətən qarşısında borcunu ödəmək seçimini etdi. Beləliklə də universitetin ikinci kursunu başa vurduqdan sonra Bəxtiyar Aslanov təhsilini dondurub hərbi xidmətə yollanmaq qərarına gəldi.

Bəxtiyarın şəhidliyə aparan qısa, lakin şərəfli həyat yolu barədə onun anası belə deyir: “Açığını deyim, mən hərbi xidmətə getməsinə razı deyildim. Əvvəlcə təhsilini başa vurmasını, universiteti bitirməyini istəyirdim. Amma onu fikrindən daşındıra bilmədik. 2019-cu il yanvarın 22-də hərbi xidmətə yola düşdü. Daşkəsən şəhərində, 191 nömrəli hərbi hissədə qulluq etdi. 2020-ci ilin iyulun 23-də hərbi xidmətdən geri qayıtdı. Lakin bu xidmət onu necə tutmuşdusa, artıq bütün taleyini hərbiyə bağlamaq qərarına gəlmişdi. Avqust ayında Şəmkirdə 1 ay Türk hərbi mütəxəssislərin keçdikləri təlimlərə qatıldı. Sonra da sənədlərini hərbi hissəyə verdi. Orada işləmək istədiyini bildirdi. Sentyabr ayında ilk dəfə işə getdi. Sentyabrın 22-də mənə belə bir mesaj yazdı: “Ana, müharibə başlayır. Mənimlə fəxr edərsiniz. Mən şəhid olmağa gedirəm. Sənin vətənini geri alıb, səni Şuşana qaytaracam”. Hər şey elə Bəxtiyarın dediyi kimi də oldu...”

Bəxtiyar Aslanov daha 6 əsgərlə birgə Ağbaba yüksəkliyinin alınması üçün həmlə qrupunun üzvü olaraq döyüşlərdə fəal iştirak etmişdir. Ağbaba yüksəkliyini aldıqdan sonra qrupları Kəlbəcərə doğru keçib. Bəxtiyarın anasına ünvanladığı son mesajda bunlar yazılıb: “Ana, çox ağır döyüşə gedirik. Məni tabutda gətirəcəklər, son sağolumdur”. Kəlbəcər uğrunda gedən döyüşlərdə Bəxtiyar Aslanov qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra şəhid Bəxtiyar Aslanov “Vətən uğrunda”, “Kəlbəcərin azad olunması uğrunda” və “gösdərdiyi şücaətə görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!




Oxşar Xəbərlər

Xəbər lenti