8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ulu babalarımızın illərlə bizə miras qoyduğu Novruz adətlərinə görə Bayram günü küsülülər barışar, hətta ailələr arasında olan qan intiqamını da yaddan çıxarardılar. Bu mənəvi dəyər geniş mənada təkcə cəmiyyət daxilində deyil, eyni zamanda, ölkələr arasında anlaşmanı, sülhü də özündə təcəssüm etdirir. Bu baxımdan Novruz bayramı, onun milli özünəməxsusluğu ilə yanaşı, sülh və barış kimi bəşəri dəyərlərin əks olunduğu möhtəşəm bir bayramdır.
Novruz bayramı xalqımız tərəfindən bütün rayonlarımızda keçirilirdi. Amma ürəklərdə Qarabağ nisgili ilə keçirilirdi. Novruzu hər zaman adına layiq keçirməyə çalışdıq, amma qəlbimizdə o nisgil hər zaman qalırdı. 28 illik işğaldan sonra ilk Bahar bayramı Qarabağda qeyd edildi. Bahar yurdumuza başqa təmtəraq, başqa növraqla qədəm qoydu. Günəş qaş-qabağını açıb parlaq şəfəqlərini daha səxavətlə ətrafa saçdı, təbiət başqa cür qış yuxusundan oyandı, zümrüd və al-əlvan rənglərə büründü. Təbiət, torpaq sevindi, güllər, çiçəklər sevindi ki, öz övladlarının, doğmalarının şən gülüş sədaları altında nisgilə son qoyan tonqal yanacaq, bu tonqal bütün ağrı-acını aparacaq. Artıq üçüncü ildir ki, Qarabağda şölənənən Novruz tonqallarının şəfəqləri bütün Azərbaycana işıq saçır. Tar-kamanlı Qarabağda, onun baş tacı, dağların başında zümrüd tacı olan Şuşada Novruz tonqalları çatılır. Otuz ildir həsrətində olduğumuz və bizi həsrətlə gözləyən torpağımızda Bahar bayramının ətri, nəfəsi, ocaqlarımızın istisi yayılır.
Artıq Qarabağda bahar başqa bir bahardır - təbiətlə bərabər ruhumuza və şüurumuza gələn bir bahardır. O dərdli könülləri ovundurur, yandırılan və yağmalanan Qarabağın uzaq və soyuq xatirələrini qızındırır, əsarətdən qurtulmuş doğma torpaqlara yeni nəfəs gətirir. Bu bahar Şuşa dağlarının yamaclarında və hər bir azərbaycanlının ürəyində açan xarıbülbülün azadlığa açılan ilk baharıdır.
Elimizə, obamıza xoş müjdəli bahar gəlib. Bu bahar bir başqa bahardır. Qarabağ ətirli bahardır. Torpaqlarımızın işğaldan azad olunması bu yazın coşğusunu daha da artırıb. Gəlişi ilə xoşbəxtlik gətirib qapılarımıza, əbədi-əzəli torpaqlarımızı yenidən qaytarıb bizlərə, ürəklərimiz sərinlik tapıb qovuşduğumuz torpaqlarda. İnsanlar daha vüqarlı, daha iftixarlıdır bu bahar. Yenicə açmağa hazırlaşan hər bir ağacın bir çiçəyi, doğma torpaqlarımızın qoxusunu gətirib bizlərə. Bu bahar fərqli bahardır, ona görə ki, Şuşanın rəmzi olan Xarı bülbül artıq doğmalarının qoynunda çiçəklərini açır.
Novruz ta qədimdən ruhumuzun bayramı olub. Torpağın oyanması ilə baş qaldıran bənövşələr, nərgizlər şəhid qanı ilə suvarılmış Qarabağ torpağını bəzəməyə tələsir. Vətən müharibəsində Zəfər çalan milli ruhumuz indi ikiqat bayram edir. Şəhidlərimizin qanı ilə sulanmış Vətən torpaqlarında qalanan tonqalların istisi o igidlərin ruhunu da isidir, şad edir.
İşğaldan azad olunmuş bütün torpaqlarımız tezliklə bu yerlərə ayaq basacaq, yurd-yuvasını yenidən quracaq,sakinlərinin tər-nəfəsini də duyacaq. Çünki Novruz həm də torpaqla, zəhmətlə yoğurulan yeni günün bayramıdır.
Yazımı cənab Prezident İlham Əliyevin Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə etdiyi təbriklə tamamlayıram: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”.
Xəyalə Əzizova
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info