Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur

 

Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı əldə olunan uğurlardan, genişmiqyaslı sosial-infrastruktur layihələrindən danışarkən yol infrastrukturunun yenidən qurulmasının önəmini xüsusi olaraq qeyd edib və bildirib ki, 2018-ci ildə 2300 kilometr avtomobil yolları - magistral, şəhərlərarası və kənd yolları çəkilməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, agentlik dövlət başçısının bu çıxışından irəli gələn tövsiyə və tapşırıqlarına əsasən respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma işlərinə start verib.

Hacıqabul rayonunda bu layihələr çərçivəsində cari ildə magistral, kənd və qəsəbə yollarının yenidənqurulması və bərpası ilə bağlı 3 yol infrastrukturu layihəsinin reallaşdırılması nəzərdə tutulub. Layihələr 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə etməklə 108,7 kilometr uzunluğa malikdir.

Sözügedən layihələrdən artıq 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12,2 kilometr olan yolların əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 84-cü kilometrdən ayrılan və uzunluğu 2,1 kilometr olan Atbulaq kəndinin, magistralın 87-ci kilometrdən ayrılan və uzunluğu 2,5 kilometr olan Qızılburun kəndinin və magistralın 103-cü kilometrdən ayrılan ümumi uzunluqları 7,6 kilometr olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır.

Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq. Çünki yollar uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlib.

Tikinti layihəsinə uyğun olaraq hazırda yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərlə paralel olaraq suların ötürülməsi üçün 18 yerdə müxtəlif diametrlərə malik dəmir-beton boruların tikintisi işləri də aparılır.

Torpaq yatağının tikintisindən sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Qeyd olunan işlər ümumilikdə yolların 70 min kvadratmetrdən çox sahəsində aparılacaq. Bundan başqa layihə çərçivəsində Qızılburun və Rəncbər kəndlərinə gedən yolların üzərində yerləşən mövcud 12 metr uzunluğa malik körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.




Oxşar Xəbərlər

Xəbər lenti