12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb. Müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə soxulub. “Zərbə” kod adı verilən hərbi müdaxilə nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan isə itkin düşüb.
20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub.
1990-cı il yanvarın 22-də Bakıdakı dağüstü parkda müxtəlif millətlərdən olan qadınlar, qocalar, gənclər və uşaqların dəfn edildiyi Şəhidlər xiyabanı salınıb. Həmin gün binaların damlarında hərbçilər tərəfindən quraşdırılmış pulemyotların müşayiəti ilə yüz minlərlə Bakı sakini güllələnən dinc insanların dəfnində iştirak edib. Faciə qurbanları müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi dəfn olunub.
2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümummilli hüzn günü elan edilib. Hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət Başçısı 19 yanvar 2006-cı il tarixdə “20 yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman vermişdir. Prezident cənab İlham Əliyevin tapşırığı ilə “Şəhidlər Xiyabanı”nda şərq memarlığı üslubunda əsaslı təmir və yenidənqurma işləri aparılmış, Bakıda, metronun “20 yanvar” stansiyasi üzərindəki ərazidə 20 yanvar şəhidlərinin xatirəsinə Memorial Abidə Kompleksi ucaldılmışdır.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
2020-ci ildən etibarən 20 Yanvar faciəsini bir başqa əhval-ruhiyyədə, bütöv Azərbaycanın, qalib ölkənin vətəndaşları kimi yad edirik. Bir tərəfdən kədər hissi, digər tərəfdən qürurla şəhidlərimizi ziyarət edirik.
Qoy 44 günlük Vətən müharibəsi şəhidləri də daxil, bütün şəhidlərimizin ruhu şad olsun! Azərbaycanın azadlığı, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində bundan sonra da əbədi yaşayacaqdır!
Allah bütün şəhidlərə rəhmət eləsin!
Günay Qafarova
Suraxanı rayonu, 327 nömrəli orta məktəbin tarix müəllimi
Sozcu.info