Azərbaycan gənclərinin forumları

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz H.ƏIiyev demişdir: «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.»
XX əsrin 90-cı illərində pərakəndə şəkildə fəaliyyət göstərən Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyev qəti addımlar atdı.Gənclər siyasətinin əsas istiqamətlərinə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, onların məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımının göstərilməsi məsələləri daxildir. Bu məsələləri asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir. 1994-cü il 26 iyun Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-si ilk Azərbaycan Gənclər forumunun keçirilməsi, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi buna ən gözəl nümunədir.
I Forum – 2 fevral 1996-cı ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilmişdir.
1997-ci il fevralın 1-də ümummilli lider Heydər Əliyev tərəfindən 2 fevral Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. II forum – 1999-cu ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bakı şəhərində keçirilmişdir. Bu formda isə gənclərin mövcud nöqsanları və qarşıda duran vəzifələri müzakirə edilmişdir. III forum 13 oktyabr 2003-cü ildə, IV forum 2005-ci ildə , V forum 03 oktyabr 2008-ci ildə,VI forum 25 oktyabr 2011-ci ildə ,VII forum 2-3 iyun 2014-cü ildə ,VIII forum 16 noyabr 2018-ci ildə,IX Forum 25 dekabr 2020-ci ildə Bakı şəhərində keçirilib. IX forumda 2 mərhələ üzrə keçirilərək  məqsəd 2020-ci ildə ötən üç il ərzində görülmüş işlərin hesabatını dinləmək, növbəti üç il üçün konsepsiyanı işləmək və təklifləri səsləndirmək idi. Forum ənənəvi olaraq 2-18 dekabr tarixlərində zona toplantıları, 24 dekabr tarixdə isə Respublika toplantısı keçirilib.
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də göstərdi. 2007-ci ildə Prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzaladı. 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək oldu.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Prezident İlham Əliyev demişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” 
Şahin Seyidov
Suraxanı rayonu, A. Muradov adına 84 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti