19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin, ərazi bütövlüyümüzün  tam bərpa olunmasından iki il ötür. Qısamüddətli lokal xarakterli antiterror əməliyyatı nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. O zaman Azərbaycan ərazisində qanunsuz olaraq  Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı qurğular yerləşdirilmişdir. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Ağır relyef, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərərək və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi əməliyyatlar həyata keçirərək böyük uğur qazandılar .

      Cəmi 23 saat 43 dəqiqə davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. 44 günlük Vətən müharibəsindən sonra növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

      Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, haqsızlıqlara, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin,qazilərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

      Prezident cənab  İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın iyirmisinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü və Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhər günləri kimi qeyd edilməsini qərara alıb.


Samirə Həmzəyeva

Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin tarix müəllimi 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti