Bu gün, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
Azərbaycan xalqı üçün ən böyük dəyər və xoşbəxtlik müstəqillikdir. Çünki yalnız müstəqil olan dövlət öz taleyini özü həll edə bilər, xalqının gələcəyini özü qura bilər. Azərbaycan da tarixən çox sınaqlardan keçib. Müxtəlif dövrlərdə işğallara məruz qalıb, torpaqları əldən gedib, xalqımız ağır faciələr yaşayıb. Amma bütün bu çətinliklərə baxmayaraq, azadlıq arzusu heç vaxt ürəklərdən silinməyib. Bu gün Azərbaycan xalqı öz suveren dövlətinə sahib olduğu üçün fəxr edir.
Suverenlik o deməkdir ki, dövlətimiz heç kimdən asılı olmadan öz daxili və xarici siyasətini həyata keçirir. Öz torpağında özü söz sahibidir, sərhədlərini qoruyur, dünyada bərabərhüquqlu ölkə kimi tanınır. Azərbaycanın bayrağı, himni, ordusu var və xalq bu simvollarla qürur duyur. Bu, əsrlər boyu arzuladığımız bir nemətdir.
Lakin müstəqillik yolumuz asan olmayıb. 30 ildən çox Azərbaycan torpaqları işğal altında qaldı. Yüzlərlə kənd və şəhər dağıdıldı, bir milyondan çox insan doğma yurd-yuvasından didərgin düşdü. Amma xalqımız heç vaxt ümidini itirmədi. Hər kəs bilirdi ki, bir gün haqq-ədalət bərpa olunacaq.
2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz böyük qəhrəmanlıq göstərdi. Minlərlə igid əsgərimiz, zabitimiz canını fəda etdi, şəhid oldu. Onların qanı bahasına torpaqlarımızın böyük hissəsi işğaldan azad olundu. Bu Qələbə xalqımızın birliyi, həmrəyliyi və gücünün göstəricisi idi.
Lakin mübarizə bununla bitmədi. Sonrakı illərdə də ölkəmiz öz suverenliyini tam bərpa etmək üçün ardıcıl addımlar atdı. 2023-cü ildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quruldu. Həmin ilin sentyabr ayında isə cəmi bir günlük antiterror əməliyyatı ilə Qarabağda qanunsuz silahlı dəstələr tərksilah edildi və Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi.
Bütün bunlar xalqımızın uzun illərdir arzuladığı böyük tarixi qələbədir. Artıq Azərbaycan torpaqlarında yalnız bizim qanunlarımız, bizim bayrağımız, bizim dövlətimiz var. Prezidentin qərarı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü elan edilib. Bu gün bizə bir daha xatırladır ki, suverenlik təkcə dövlətin gücü deyil, həm də xalqın azadlıq sevgisi, birliyi və mübarizəsidir.
Bu gün Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Torpaqlarımız azaddır, sərhədlərimiz toxunulmazdır, xalqımız öz doğma yurduna qayıdır. İndi biz müstəqil və güclü dövlət kimi gələcəyə daha böyük inamla baxırıq. Suverenliyi qorumaq, dövlətimizi daim möhkəmləndirmək isə hər bir azərbaycanlının borcudur.
Vəfa Bağırova
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info