Bu gün, 13:59
Dünən, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi
Azərbaycan tarixinin ən qürurlu səhifələrindən biri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. Prezident cənab İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamına əsasən, hər il 20 sentyabrda bu gün təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar gün 30 ildən artıq davam edən işğal və mübarizə yolu, minlərlə şəhidimizin qanı və canı bahasına qazanılan Zəfərin rəmzidir.
Bayrağın ucaldığı gün.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü il 15 oktyabr tarixində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi gün Azərbaycan xalqı üçün yalnız qələbənin deyil, həm də 30 illik nisgilin sona çatmasının simvoluna çevrildi. Prezident cənab İlham Əliyev həmin möhtəşəm gündə çıxışında belə dedi:
“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Mənim ən böyük amalım o idi ki, Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Bu gün o müqəddəs an yetişdi”.
Xankəndidə Zəfər paradı.
Qələbənin möhtəşəmliyini əks etdirən ən önəmli tədbirlərdən biri isə 2023-cü il 8 noyabrda Xankəndidə keçirilən Zəfər paradı oldu. Bu, Azərbaycanın hərbi gücünün və siyasi iradəsinin nümayişi idi. Prezident cənab İlham Əliyev həmin tədbirdə çıxış edərək vurğuladı ki, xalqımız otuz illik işğal dövründə bir amal uğrunda – torpaqlarımızın azadlığı naminə birləşmişdi və bu böyük günün gələcəyinə inanmışdı.
Qarabağ Universiteti – gələcəyin mərkəzi.
İşğaldan azad edilmiş ərazilərin bərpası yalnız infrastrukturla məhdudlaşmır, həm də təhsil və elm sahəsini əhatə edir. Prezident cənab İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti təsis olundu. Bu universitet regionun iqtisadi potensialına, əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayacaq.
Ağdərə rayonunun bərpası.
Tarixi ədalətin bərpasının növbəti addımlarından biri də 5 dekabr 2023-cü ildə qəbul edilmiş qanunla Ağdərə rayonunun yaradılması oldu. Yeni inzibati ərazi bölgüsü ilə Ağdam, Kəlbəcər və Tərtərin müəyyən hissələri Ağdərəyə birləşdirildi və rayonun mərkəzi Ağdərə şəhəri elan edildi.
İlk futbol oyunu – Xankəndidə keçirilib.
İdmanın da azad edilmiş torpaqlarda qayıdışı rəmzi hadisələrlə yadda qaldı. 21 dekabr 2023-cü ildə Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final oyununu Xankəndidə keçirdi. Prezident cənab İlham Əliyev də həmin tarixi matçı stadiondan izləyərək bu günün rəmzi əhəmiyyətini daha da gücləndirdi.
Prezidentin azad torpaqlara səfərləri.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ardıcıl səfərləri Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə aparılan genişmiqyaslı quruculuq işlərinin canlı şahidinə çevrildi.
Xankəndidə dövlət bayrağının ucaldılması (15.10.2023), Zəfər paradı (08.11.2023), Qarabağ Universitetinin, otellərin, biznes mərkəzlərinin, dəmir yolu və avtovağzal kompleksinin açılışları, həmçinin beynəlxalq tədbirlər bu şəhəri dirçəlişin mərkəzinə çevirib.
Xocavənddə Hadrut və Qırmızı Bazar qəsəbələrinin bərpası, inzibati mərkəzlərin təməlinin qoyulması, yolların və məktəblərin açılışı, qədim Alban məbədlərinin bərpası regionun tarixi və mədəni dirçəlişini təmin edir.
Xocalıda Soyqırımı Memorialı, yeni yaşayış məhəllələri, sənaye müəssisələri, kənd təsərrüfatı kompleksləri və hava limanı rayonun tam bərpasını sürətləndirir.
Ağdərədə Sərsəng su anbarı yolu, Suqovuşan yaşayış kompleksi, yeni məscidlər və kəndlərdə aparılan bərpa işləri bu ərazilərin yenidən həyata qovuşmasını təmin edir.
Böyük Qayıdışın rəmzi.
Bütün bu addımlar yalnız işğaldan azad edilmiş torpaqların dirçəldilməsi deyil, həm də Böyük Qayıdış strategiyasının reallığa çevrilməsidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü artıq yalnız bir tarixi hadisənin xatırlanması deyil, həm də gələcəyə olan böyük inamın, milli birliyin və dövlətçilik iradəsinin bayramına çevrilib.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü Azərbaycan xalqının sarsılmaz iradəsinin, şəhidlərimizin qanı ilə qazanılan qələbənin və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm quruculuq yolunun təntənəsidir.
Nüşabə Abbasova
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info