17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
27 Sentyabr Azərbaycan xalqının tarixində əbədi hüzn və qürur günü kimi yaşayır. Bu gün biz Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, onların ucaltdığı qəhrəmanlıq dastanını xatırlayırıq.
2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, birlik və əzmini dünyaya nümayiş etdirdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi və Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu 44 gün davam edən şanlı mübarizədə işğal altında olan torpaqlarımızı azad etdi. Bu qələbə həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan tariximizin ən parlaq səhifəsi oldu.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi, bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi.”
Bu möhtəşəm zəfərin kökləri isə Ulu Öndər Heydər Əliyevin qurduğu güclü dövlətçilik irsindədir. Məhz dahi rəhbərin formalaşdırdığı milli ideologiya, güclü ordu siyasəti və möhkəm dövlətçilik ənənələri Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəyə aparan əsas yol oldu. Ulu Öndərin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” kəlamı bu gün işğaldan azad olunmuş torpaqlarda gerçəyə çevrilib. Qarabağda dalğalanan üçrəngli bayrağımız həmin uzaqgörən siyasətin və milli həmrəyliyin təntənəsidir.
Vətən müharibəsi yalnız torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın sarsılmaz birliyinin nümayişi oldu. Şəhidlərimizin qanı ilə yazılan bu qəhrəmanlıq dastanı hər bir azərbaycanlıya Vətən sevgisinin, milli ləyaqətin və azadlıq uğrunda mübarizənin müqəddəsliyini bir daha xatırlatdı. Onların igidliyi gələcək nəsillər üçün əbədi örnək olaraq qalacaqdır.
Müharibədən sonra azad olunmuş ərazilərdə başlayan böyük quruculuq və bərpa işləri isə qalib Azərbaycanın gücünü və iradəsini göstərir. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsində yollar çəkilir, şəhərlər və kəndlər yenidən qurulur, həyat bərpa olunur. Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar, sosial və mədəni layihələri bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsləri ilə milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin inkişafı və xalqımızın birliyinin möhkəmləndirilməsi istiqamətində böyük işlər görülür.
27 Sentyabr – Anım Günü yalnız şəhidlərimizi yad etmək deyil, həm də tarixdən dərs götürməkdir. Bu gün biz gələcək nəsillərə Vətən sevgisini, müstəqilliyin müqəddəsliyini, dövlətçilik yolunun əhəmiyyətini aşılamalıyıq. Çünki bu günün qəhrəmanları gələcəyin yolunu işıqlandırır.
Müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə sağlamlıq və uzun ömür arzulayırıq. Onların fədakarlığı sayəsində Azərbaycan əbədi olaraq qalib xalq olaraq yaşayacaq, üçrəngli bayrağımız azad Qarabağ torpaqlarında daim dalğalanacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Aysel Abbasova
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Sozcu.info