17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
2020-ci ilin payızı Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Həmin günlər hər bir vətəndaşımız üçün unudulmaz bir mövsümə çevrildi. Çünki illər boyu erməni işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqlarının azadlığı uğrunda haqq mübarizəsi məhz o payız günlərində başladı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşmənin hücumunu dəf etdi və əks-hücum əməliyyatlarına başladı.
İgid əsgər və zabitlərimizin qəhrəmanlığı, qanı və canı bahasına aparılan döyüşlərdə ard-arda kəndlərimiz, yaşayış məntəqələrimiz, strateji yüksəkliklər azad edildi. Zəfər yürüşünün təməli məhz Füzuli və Cəbrayıl istiqamətində qoyuldu.
Tarixi hadisə isə oktyabrın 4-də baş verdi. Prezident cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğaldan azad olunduğunu elan etdi. Bununla da, Cəbrayıl 44 günlük Vətən müharibəsində azad edilən ilk şəhər kimi tarixə düşdü.
Azərbaycan Ordusu mərd addımlarla irəliləyərək, 27 sentyabrda Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, 4 oktyabrda isə Cəbrayıl şəhərini və daha 9 kəndi işğaldan azad etdi. Ümumilikdə, hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun 1 şəhəri və 90 kəndi azad olundu. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində mühüm mərhələ oldu.
Cəbrayıl əməliyyatının əhəmiyyəti təkcə bu rayonun azadlığı ilə məhdudlaşmadı. Bu zəfərdən sonra Azərbaycan Ordusunun qarşısında yeni qapılar açıldı. Xocavəndin cənub kəndlərinin, Hadrut qəsəbəsinin, ardınca Zəngilan, Qubadlı və Laçının cənub hissəsinin azad edilməsi, Laçın dəhlizinin nəzarətə götürülməsi məhz Cəbrayıl uğrunda döyüşlərin zəfərli nəticəsi ilə mümkün oldu.
Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti və qüdrətli ordumuzun şücaəti nəticəsində bu gün Cəbrayıl torpaqlarına həyat yenidən qayıdır. Əslində, Böyük Qayıdışın təməli hələ Aprel döyüşlərindən sonra qoyulmuşdu. O zaman Cocuq Mərcanlıya sakinlərin qayıdışı həm rəmzi, həm də tarixi hadisə idi. Cənab Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Cocuq Mərcanlı Böyük Qayıdışın başlanğıcı oldu. 30 ilə yaxın həsrət çəkən soydaşlarımızın doğma yurdlarına dönüş yolu məhz Cəbrayıldan açıldı.
Cəbrayılın azadlığı bütün Azərbaycan xalqına bir həqiqəti göstərdi: işğal nə qədər uzun sürsə də, ədalət gec-tez öz sözünü deyir. Bu zəfərlə xalqımız yalnız torpaqlarını geri almadı, həm də tarixi borcunu yerinə yetirdi – övladlarına qürurverici bir miras qoydu.
44 günlük Vətən müharibəsinin hər günü, hər zəfəri Azərbaycan tarixinin qızıl səhifəsinə yazıldı. Bu gün azad Cəbrayılda genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Müasir şəhərsalma layihələri, yeni yollar, sosial infrastruktur – bütün bunlar vətəndaşlarımızın rahat və firavan gələcəyi üçündür.
Yeganə Maqsudova
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən
Sozcu.info