4 Oktyabr – Cəbrayıl şəhəri günü

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Cəbrayıl rayonu həm tarixi, həm də strateji əhəmiyyətinə görə xüsusi yer tutur. Qədim yaşayış məskənləri, zəngin təbii sərvətləri, mədəni irsi və xalq təsərrüfatı ilə seçilən bu diyar təəssüf ki, 1993-cü ildən 2020-ci ilə qədər Ermənistanın işğalı altında qalaraq böyük dağıntılara məruz qaldı. Bu işğal Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olmaqla yanaşı, xalqımızın dözüm və mübarizə əzmini də sınayan bir dövr oldu. 27 illik həsrətdən sonra isə Cəbrayıl 2020-ci ildə qəhrəman Azərbaycan Ordusunun igidliyi  sayəsində azad edildi və bu gün yeni həyatını yaşayır.

        1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri Cəbrayıl rayonunu işğal etdi. Bu zaman rayonda 1 şəhər, 4 qəsəbə və 92 kənd mövcud idi. Ümumi ərazisi 1050 kvadrat kilometr olan rayonun 52 min əhalisi didərgin düşdü. Məcburi köçkünlər respublikanın 58 rayonunda 2000-dən artıq məntəqəyə səpələndi, çoxları çadır şəhərciklərində, vaqonlarda, yararsız binalarda məskunlaşdı.

         İşğal dövründə Cəbrayıla 13 milyard dollardan artıq iqtisadi ziyan vuruldu. 72 məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı və yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. Tarixi abidələr və məscidlər təhqir olunaraq məhv edildi, qəbiristanlıqlar dağıdıldı. Ən məşhur tarixi yerlərdən biri olan Xudafərin körpüləri, Sultan Məcid hamamı, müxtəlif türbələr vandalizmə məruz qaldı.

        Əhalinin ənənəvi məşğuliyyətləri – üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıq dayandı. Əvvəllər 8 sənaye müəssisəsi, 42 kolxoz, quşçuluq fabrikləri və mal-qara təsərrüfatı fəaliyyət göstərən rayonda həyat tamamilə iflic oldu. Bir sözlə, Cəbrayıl işğal nəticəsində həm sosial-iqtisadi, həm də mədəni cəhətdən böyük zərər gördü.

         I Qarabağ müharibəsində 362  cəbrayıllı şəhidlik  zirvəsinə ucaldı, yüzlərlə insan əlil oldu. 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Onların göstərdiyi qəhrəmanlıq Cəbrayılın işğal illərində Azərbaycan xalqı üçün güc və dözüm mənbəyi oldu.

        1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad olunması isə rayona həyatın qayıdışının başlanğıcı idi. Daha sonra 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması Cəbrayılın gələcək qurtuluşuna yol açdı.

          27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi xalqımızın uzun illər gözlədiyi zəfərlə nəticələndi. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Bu xəbər həm  Azərbaycan xalqına, həm də bütün türk dünyasına böyük qürur yaşatdı.

        Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Çünki düşmən burada güclü istehkamlar qurmuşdu. Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək bu maneələri yardı. Cəbrayılın azad olunması həm Hadrut, həm də digər bölgələrdə uğurlu hücumlara yol açdı. Bu əməliyyatdan sonra Xocavənd, Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi də azad edildi.

        Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması isə həm tarixi, həm də siyasi baxımdan böyük məna daşıyırdı. Bu hadisə  Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün bərpasının rəmzinə çevrildi.

Müharibədən sonra Cəbrayıl rayonunda geniş bərpa-quruculuq işlərinə start verildi. Prezident  cənab  İlham  Əliyevin xüsusi diqqəti nəticəsində “Araz Vadisi İqtisadi   Zonası” sənaye parkı yaradıldı. Burada logistika mərkəzləri, anbarlar, istehsal müəssisələri və gömrük kompleksi inşa edilir.

        Eyni zamanda, enerji təminatı məqsədilə yeni yarımstansiyalar istifadəyə verildi. Yol infrastrukturu sahəsində də mühüm addımlar atılır. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu, Şükürbəyli–Cəbrayıl–Hadrut yolu kimi layihələr həm Cəbrayılın, həm də bütün Qarabağın inkişafına xidmət edəcək.

        2023-cü ildə Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiqləndi. Bu plana görə, 2040-cı ilə qədər şəhərdə 15 mindən çox insan yaşayacaq. Müasir memarlıq üslubunda çoxmənzilli binalar, fərdi evlər, məktəblər, uşaq bağçaları, idman və mədəniyyət obyektləri inşa olunacaq. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərində də geniş miqyaslı layihələr həyata keçirilir.

         Artıq 2024-cü ilin sentyabrında Cəbrayıla ilk köç karvanı yola salındı. Bu günə qədər minlərlə sakin doğma yurduna dönüb. Onlar yeni tikilmiş, bütün zəruri şəraitlə təmin olunmuş evlərdə məskunlaşır. Cəbrayıl yaşayış kompleksi 712 mənzildən ibarətdir və bütün mənzillər müasir tələblərə uyğun təchiz olunub.

         Azərbaycan Prezidentinin  2023-cü il sərəncamı ilə 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi təsis edildi. Bu qərar həm şəhidlərin xatirəsinə ehtiram, həm də tarixi qələbənin simvolu olaraq qəbul olunub. Hər il bu gün xüsusi mərasimlərlə qeyd ediləcək, Cəbrayılın qəhrəmanlıq tarixi gələcək nəsillərə ötürüləcək.

         Cəbrayıl rayonunun tarixi faciələri, qəhrəmanlıq salnaməsi və bugünkü dirçəlişi Azərbaycan xalqının mübarizə əzminin bariz nümunəsidir. 27 il işğal altında qalsa da, Cəbrayıl heç vaxt yaddaşımızdan silinmədi. 2020-ci ildə qazanılan tarixi zəfər bu torpaqları yenidən xalqımıza qaytardı. İndi isə qarşıda duran əsas vəzifə Cəbrayılı abad, inkişaf etmiş, firavan bir bölgəyə çevirməkdir.

          4 oktyabr – Cəbrayıl şəhəri günü bu qəhrəmanlıq və qayıdış tarixinin əbədi rəmzi olaraq hər bir azərbaycanlının qəlbində yaşayacaq.


Könül Hüseynova

Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti