8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ey dili qafil fil faili məchul fani f...
Unudulmuş oxucu, bu yazını ona görə yazıram ki, bir çoxları kimi bu ölkənin yazarı olaraq, AYB-nin məmur qrupunun son hərəkətlərindən dolayı mən də özümü narahat hiss etdim. Ölkəmizdə dövlətin büdcəsindən yararlanan xeyli təşkilat, qurum və quruluşlar mövcudiyyətini sürdürməyindədir. Onlardan biri də Azərbaycan Yazıçılar Birliyidir. Bu birlik dövlətin büdcəsindən maliyyələşir, onun maddi və mənəvi dəstəyi sayəsində yaşayır. Ancaq təəssüflər olsun ki, burda işləyən məmurlar AYB - yə dövlət obyekti kimi deyil, özlərinin dədə - babadan qalma şəxsi obyekti kimi baxırlar.Unudulmuş oxucu, dəfələrlə eyni hal və qəziyyə baş verməsinə baxmayaraq, susmuşdum. Ancaq eyni təhqiramiz durumla qarşılaşan digər istedadlı yazar və şairlərimizi də gördükdən sonra, dəqiq anladım ki, ortalıqda böyük bir yanlışlıq hökm sürür. İllərdir kimlərinsə həmişə dözülməz mühit, boğucu hava yaradan bu hərəkətini yanlışlıq deyil, xeyli sayda tanıdığım istedadlı yazarlara qarşı təhqirdən özgə hansı yarğı ilə qiymətləndirmək olar? Çünki eyni durum həmişə dəyişilməz zəmində məzə yaradır, şəbədə qoşdurur, şəbih çıxardır. Söhbət, bu günlərdə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən AYB tərəfindən Şuşada keçirilən Vaqif poeziya günlərindəki tədbirdə iştrak etmək üçün yazarların tutulan siyahısından gedir. Mədə bulandırmamaq şərti ilə bu və ya bu kimi tədbirlərin təşkili, keçirilməsi alqışa layiqdir. Kimliyindən asılı olmayaraq, bu tədbirdə iştrak edənlərlə də bir işim - gücüm yox. Ancaq orda iştrak edənlərdən başqa sizcə, ora dəvət olunası digər yazarlarımız yox idimi? Bu tədbirin dışında digər tədbirlərdə də saysız-hesabsız başqa istedadlı və o cür tədbirlərə qoşulmağa haqqı-sayı olan, ləyaqəti çatan yazarlarımız yox idimi? Sizcə, bu tipli dövlət tədbirlərinə hər dəfə eyni yazarlar qatılmalıdır? Unudulmuş oxucu, sizi inandırıram, ağlınıza nəyisə gətirməyinizi heç istəməzdim. Elə bilməyin, mənim AYB-də, ya onun tədbirində, hər hansı bir işində - gücündə gözüm qalıb, nəfsim var. Orda işləyənlərlə də bir ədavətim ola bilməz. Belə bir birlikdə kimlərinsə işləməli olduğunu yaxşı anlayıram və işlərində uğurlar arzulayıram. Ancaq orda - burda çıxaraq pozlar verib, yekə-yekə, loppazlanaraq danışıb ədalətdən, doğruluqdan, düzgünlükdən dəm vurmaqla, nələrinsə üzərini örtməyə kimsə nail ola bilməz. Gərək adam sinəsinin altında döyünən ət parçası yox, ürək olduğunu anlasın. Unudulmuş oxucu, belə yerdə adama deyərlər, yazar - şair kimi bu ölkədə hər yaşda olduqca istedadlı yazarlarımız az deyil. Bax, o istedadlı yazarlar bu gün o Şuşada keçirilən tədbirdə gedib iştirak etməyəcəksə, kim edəcək? Çünki AYB ən azından müstəqil deyəcəyin bir qurum deyil. Bu qurumun maddi ehtiyacları kimlərinsə şəxsi nüfuzu və cibi hesabına qarşılanmır. Qruplaşma yaradaraq bu yazarlar ocağını niyə yazarlar damına çevirirsiniz? Nədi qarnınızın dərdi, mədənizin qurdu, könül seyrangahlarınızdakı o darlıq nədir? Şuşadakı Vaqif Poeziya günlərinə qatılmaq üçün təşkil olunan tədbirdəki siyahını kim tərtib edibsə, demək istəyirəm ki, gerçəkdən ayıbdı. Eynən belə bir qurumda təmsil olunsanız, eyni ədəbi sizə qarşı göstərmiş olsalar, özünüzü necə hiss edərsiniz? Yəni, məni məcbur edirsiniz düşünəm ki, sizlərdən biriniz bu gün AYB-də deyil, dövlətin hər hansı bir qurumunda təmsil olunsaydınız, ölkə başçısının dəfələrlə göstəriş verməsinə baxmayaraq, məmurların hər gün törətdikləri yaramazlığına bənzər bir davranış sərgiləyəcəkdiniz. Əgər bir dövlət qurumu sizə əmanət edilirsə, demək sizlərə dövlətin mütləq bir inamı var və bu inam etibarla əvəzlənməlidir. Etimadla da özünü göstərməlidir. Bizim AYB-nin yazar məmurları yazarlara qarşı kimsənin bilmədiyi (yalnız bu dəhşətli təhqiramiz hərəkətləri yazarlar yaxşı dərk edir və anlayırlar:-x.t.) bir qəddarlıqla dövlətin onlara verdiyi imkanlardan sui-istifadə edirlərsə, dövlətin digər quruluşlarındakı məmurlara söz deməyimiz yersiz olardı. **Unudlmuş oxucu, istərdim, sözümü doğru anlayasınız, düz başa düşəsiniz. Demirəm ki, kimsə istedadsızdır, o, Şuşaya getməməlidir, tək mən getməliyəm. Yaxud demirəm ki, AYB - də kimlərinsə çalışıb məmurluq etməyə haqqı çatmır? Xeyr. İndiyə kimi yapdıqlarınızdan və etdiklərinizdən anlaşılır ki, nədənsə qorxursunuz. Doğrudan, maraqlıdır, kimdən, nədən, nə üçün qorxursunuz? Hansı parametrlərə görə mənə olmaz, sizə olar, deyirsiniz? Sizin elə bir cihazınız varmı ki, sizlərin hədsiz istedadlı və dahi, əvəzedilməz şəxsiyyət olduğunuzu kanıtlaya bilsin? Sadəcə olaraq, ilin - günün bu çağında belə bir söhbət salıb mövzu açdığıma görə özümü qınamaq istəyirəm. İlin yekunu ilə bağlı çıxışçıların mətninə “o ad, bu ad hökmən yazılmalıdır” kimi səfsəfələrlə dolu dirənişinizi yaxından eşitdiyimdə, az qaldım gülməkdən bayılam. Budurmu, yeniləşmə, gəncləşmə, demokratikləşmə, özgürləşmə, sevgiləşmə, hə? Məncə, o məşum sovet yazarlarının belə xisləti olmayıb.Unudulmuş oxucu, bunu isə kəsin bilməyinizi istəyirəm: mənim azarım Şuşaya getmək deyil. Yadımdadı, 20-25 il öncə Şuşadan, Qarabağdan yazanda, mənə və digər yazarlarımıza çoxlarınız lağ edirdiniz, “bəsdirin da”, deyirdiniz. Sizlər, yazılarımızda Qarabağın adına güləndə biz kitablar qoyurduq ortaya. Turandan, türk dövlətlərinin birliyinə gedən yolun Qarabağdan, Təbrizdən keçəcəyini dilə gətirib yazanda, ( şəxsən mənim “ağğğbağğğğ”, “qoy vatikan sevinsin” , “osmanlı”, “saatım bağdadda qaldı” kitablarımı misal göstərə bilərəm: -x.t.) yenə də deyirdiniz ki, “bizim belə sözlərə qarnımız toxdu”. İndi bu nə həngamədi, dostlar, biz yalanmı olduq? Məqsədim kimlərinsə maskasını yırtmaq, oyununu pozmaq deyil. Mənim kitabım üçün iki il əvvəl AYB - dən ayrılmış pulun arxasına necə keçildiyini yazsam, başqa bir mövzuya başlamağım lazım gələcək. Ancaq yalançı, saxta pozlar verib “vətən- millət -sakarya” cildinə girməyə ehtiyac yoxdur. Hələlik bu qədər....
Xanəmir Telmanoğlu