Bir xalqı dünyaya gətirən qadın -Xanəmir Telmanoğlu yazır



Ey dili qafil fil faili məchul fani f.....

Bütün inqlabları əxlaq reallaşdırır. Metafizik dəyişmələri də əxlaq həyata keçirir


Derlər,

Unudulmaqdan ötəri ölən oxucu,

Əsrlərdir, yaranışdan tək istiqamətli bir fikir formalaşıb :- cəmiyyətdə, sistemdə, dövlətdə, yönətimdə, yaşamda xalqmı haqlıdır, yoxsa yönəticilərmi?  Əlbəttə, bütün zamanların acımasız şəkildə xalqa verdiyi üstünlük bu gün də öz prinsipal sazlığını qoruyub saxlayır. Bəlkə də deyərdim, bu müqayisədəki üstünlük revanşı gün keçdikcə ən pik nöqtəsinə çıxır. Hamlet sayağı olmasın, sual belədir: hər hansı bir hadisədə xalqmı, yönətimmi, xalqınmı etirazı, yönətiminmi mövqeyi önəmlidir və yaxud haqqdır? Yaxud yuxarılarmı, aşağılarmı haqlıdır?

Düşüncə, hər zaman xalq yanlış olsa belə, yenə də onun tərəfində durub. Düşüncə cilvəsi, fikir sərvəti hər zaman xalqı müdafiə edib. İdeya və ideologiyalar isə yanlış kullanıldığında, xalqın nəzarət kontrolundan çıxdığında yuxarıların konvertasiyasında (hesabında, düzeyində) əzizcilik, müqəddəslik macərasını seçir. Yönəticilərin, azınlığın iradəsində gücə dönüşüb keçilməz uçurumlar yaradır. Beləcə, sonucu Tanrıyla hesablaşdırılacaq qarşıdurma və münaqişələr, xeyir-şər konteksində bitib-tükənməyən cəmiyyət mücadiləsi baş alıb gedir. 

Ümumiyyətlə, konkret cəmiyyəti qapsayan situasiya sürəcində yuxarılarmı, aşağılarmı öz haqq sərgüzəştinə qurban getməlidr? Həqiqət hardadır? Gerçəklik şər və ya xeyir payını bu xəttin hansı başında öz adını yazdırmalıdır? 

Derlər,

Unudulmaq sözünün sinonimlərini çoxdan lüğətində arayan oxucu,

Ledi Qodiva 17 yaşı olanda özündən çox böyük olan Mersiya qrafı Leofriklə (11-ci əsrdə) evlənməli olur. Evliliyin ilk dövrləri coşğulu keçərkən, qrafın Koventri xalqından tələb etdiyi ağır vergilər səbəbindən cütlük arasında əsrlərə meydan oxuyan böyük narazılıq baş verir.

XI əsrdə İngiltərənin Koventri şəhərində qoyulan ağır vergilərə görə xalq üsyan edir, ayağa qalxır. Vergiləri artıran Lord Leofrikin həyat yoldaşı Ledi Qodiva xalqın tərəfinə keçdiyini bəyan edir. O, ərindən vergiləri aşağı salması üçün xahiş etsə də, yalvarsa da, buna nail ola bilmir. Qraf arvadının danışıqlarından o qədər bezib cana gəlir ki, sonda arvadının onun istəyini yerinə yetirə bilməyəcəyi bir təklifdə bulunur. Təbii ki, bu təklifi yoldaşı qəbul etməyəcəyini düşündüyündən belə bir addım atır. Təklif isə belədir:- “ Mən xalqın üzərindəki ağır dediyin vergini bir şərtlə qaldıracağam ki, küçələrdə çılpaq gəzinəcək və Allahın hədiyyəsini hamıya göstərəcəksən”. Son dərəcə dindar təbiətli və utancaq olan həyat yoldaşının bunu qəbul etməyəcəyini dəqiq bildiyindən, etdiyi təklifdə də heç bir tərəddüt etmir.  

Qəribədir, arvadı bu təklifi qəbul edər və şəhərin bütün küçələrini razılaşdıqları üzrə dolaşmağa başlar. Bu vaxt vəziyyətdən xəbər tutan insanlar dükanlarını bağlayıb evlərinə girirlər. Xanımın şərəfinə heç kim küçəyə addım atmır, pəncərələr də açılmır. Xanımın cəsarətli davranışı qarşısında gözlərini yumaraq ona dərin hörmətlərini izhar edirlər. Necə deyərlər, xalq gözlərini yumub əsl həqiqəti görür.O, uzun qırmızı saçlarını atının üstündə açaraq şəhəri gəzir. Ledi Qodiva ərinə qalib gəlir və qraf da danışdıqları üzrə sözünü tutur, vergiləri ləğv edir.  Ledi Qodiva 11-ci əsr İngiltərəsində əsrlər boyu əfsanə olmuşdur.

Bu tarixi hadisədə mənim üçün ən maraqlı məqam xalqın işlətdiyi üsul, konkret hadisə qarşısında aldığı tavrdır. Xalq ağılalmaz bir əxlaq nümayiş etdirir. Xalqı ağır vergilərdən qurtaran əslində onun tərəfinə keçən qrafın xanımı deyil, xalqın öz əxlaqıdır. Bu yerdə onu da demək lazımdır ki, o qadının o anda atdığı adım , göstərdiyi əxlaq  mənsub olduğu xalqın mədəni əxlaqının tərkib hissəsi, şərəfini daşıdığı toplumun bütövlüyündəki zərrəsiydi.

Derlər,

Unudulmaq sözünün ingilis dilində  “o be forgotten” olduğunu axır ki öyrənən oxucu,

Ledi Qodivanın, yəni bir qadının xalqın yaddaşında uyuyan, yuxuya dalan, gizlənən ƏXLAQ anlayışını, fəlsəfəsini tarixin bir dönəmində işə salması, tarixin, zamanın dövriyyəsinə buraxması mənə görə, fransa inqlabından böyük və önəmli, üstəlik də tükənməz bir enerji qaynağıdır. Ümumiyyətlə, əxlaqın hansısa bir vasiitə ilə üzə çıxarılması və bu silahla xalqın ona edilən zülm, haqsızlıq, zalımlıq üzərində qələbə çalması olduqca mədəni, insanüstü bir üslubdur. Əlbəttə, dar məqamda istifadə elədiyi xalqın əxlaqı dəyəri qədər, Ledi Qodvinin də varlığı, onun kimliyi misilsiz dərəcədə müqəddəsliyə yüksələn bir ölçü vəd edir. Axı əsrlərdir danışılan bu hadisə, bu əfsanəyə dönüşən gerçəkliyin kökündə canlı bir qadın obrazı nədən müqəddəslik qazanmasın? Bu müqəddəslik əsla göylərdən vəhy yoluyla xalqa, mədəniyyətə, insanlığa intiqal etmir. Bu müqəddəslik olmayan yerdə, insanlığın dar zamanında, hər tərəfi zülmət öz ağuşuna aldığında, bir sözlə, xalqın həyatla ölüm - dirim savaşı əsnasında sadəcə olaraq özünü, (kimliyi heç bir möcüzəyə əsaslanmayan) olağan üstü güclərlə əlaqəsi olmasına zərrə qədər diqqət yönəltməyən bir varlığın, bir qadının riskindən başqa nə ola bilərdi ki.  Bu tarixi olayda, əsas məsələ xalq öz varlığında ehtiyat saxladığı və bəlkə də min il keçsə də, işlədə bilməyəcəyi ƏXLAQ anlayışını ortaya qoydu, Əxlaqına tapındı. Bu öz əxlaqına tapınmaya vəsilə olan xalq, səbəbin kökündə duran bir qadının iradəsinə söykənməli oldusa, demək ki, o qadın müqəddəsdir. O qadın toxunulmazdır. O qadın bir xalqın deyil, insanlığın düşüncə və əxlaq tarixinə damğasını sakit şəkildə vuraraq, öz kimliyi ilə birgə xalqın da kimliyini, dəyərini üzə çıxardı. Bunun üçün göylərdən vəhy gözləməyə, qeybdən dürlü - dürlü xəbərlər almağa gərək yox idi. Xalq əzilir, məhv olur, zülm çəkirdi. Belə bir anda nə etmək gərəkdiyini bir qadın düşdüyü mühitdə və şəraitdə bütün gücü ilə dəyərləndirməyi bacarır. İnsanların bədbəxcliyi ondan ibarətdir ki, hər hansı hadisə qarşısında öz imkanlarını dəqiq dəyərləndirməkdə çətinlik çəkir və ya bu yöndə naşılığını gizlədə bilmir. Belə bir anda insanın varlığında haqq duyğusu və onun iradəsi bəs edir ki, çətinləri asan, zülməti işıq edə bilsin. 

Derlər,

Artıq unudulmağın üsullarını, variantlarını öyrənmiş təcrübə sahibi oxucu,

Xalq dediyin zaman, onun qarşısında ziyalı kəsimi, onun başını çəkəni düşünülür. Xalq mistik varlıqdır. Onun qarşısındakı isə real, gerçək gücdür. Əxlaqın rişələri nə qədər dərinə işləsə də, sonucda xalqın kimliyində kökünü atır. Gəlin bir anlığa belə düşünək ki, Qrafın xalqa uyğuladığı ağır vergi qarşısında onun qərarının əksinə gedən, dirənən xanımı, Qrafın şərtini yerinə yetirdiyi əsnada xalq gözlərini qapatmasaydı, evlərə çəkilməsəydi, nə olacaqdı? Bu zaman xalq əxlaqsızmı olacaqdı? Bu zaman xalqın yaddaşındakı əxlaq silinəcəkdimi, yox olacaqdımı? Yaxud xalqın tərəfinə keçən Qrafın arvadı dindar olmasına baxmayaraq, üstəlik utancaq bir duyğuya sahib idisə, öz lüt bədənini bütün xalqa göstərməklə şəxsiyyətində, kimliyində hər hansı məğlubiyyət, əxlaqsızlıq zühur edəcəkdimi? Yəni qadın xalqın mənafeyi naminə əxlaqsızlıq nümayiş etdirməklə öz kimlik, şəxsiyyət dəyərini yox edəcəkdirmi? 

Siz deyin, bu günün İngiltərəsində eyni hadisə baş versə, bu əhvalatın məntiqini ortaya qoya bilərikmi? Yox. Niyə? Çünki bu gün hər qadın (avropada) ingiltərədə lütdür. Xalqın qarşısında bu lütlənməyi hər kəs və hər zaman edə bilir. Heç bir düşüncə ağıllarına gəlmədən bu addımı atamaqda kimsə zorlanmır. Çünki xalqı kontrol edən əxlaq anlayışı, əxlaq dəyəri ortadan qalxmış, aşınmışdır. Ancaq bir zamanlar o əxlaq dediyin ilahi güc, göyləri yerə endirir, sərt qayaları yumşaldır, dəli, azğın selləri özünə ram edirdi. Kainatın varlığından insanlığın əxlaqı yox olmuşdur, boşalmışdır. Bizi udan da elə bu boşluqdan yaranan, yararlanan qara dəliklərdir.

Bir başqa nüans, Ledi Qodivanın olayından da göründüyü kimi, xalq bu hadisədə öz əxlaqi gücüylə ön plana keçir. Ancaq maarifçilik hərəkatı gündəmə gəldiyi vaxtdan ziyalı, aydın, oxumuş kəsimin də yeri bəlli  olmuşdur. Cəmiyyyəti hərəkətə gətirməyin və doğru bildiyin yerə çoxunluğu aparmağın yolu bu ziyalı kəsimin lokomotivliyindəki aktivliyidir.  Baxın, 11 -ci əsrdə bir qadının atdığı addımın hər iki başında istər - istəməz əxlaq önə çıxır, köməyə gəlir. Qadının aldığı qərarı, cəsarəti, iradəsi də əxlaqidir, məqsədə varılası yolda qəbul elədiyi şərt də əxlaqidir, qadının məqsəd uğrunda atdığı addım qarşısında xalqın özünü aparması, gəldiyi nəticə də əxlaq nümunəsidir. Söhbət ondan gedir ki, istənilən amaca ulaşmaq, Qızıl Almanı əldə etmək üçün kürəyini söykəyə biləcəyin güc əxlaq olmalıdır, yolun başında səni gözləyən aqibətin də iksiri, tərkibi, əlində tutduğu qılınc da, məşəl də əxlaqa dayanmalı, əxlaqla yoğrulmalıdır.

 Bu gün xeyrin şər üzərində qələbəsini təmin etmək üçün elmin, düşüncənin, fikrin, ideyanın, ideologiyanın, hətta dinin bol-bol “istifadə edildiyini”  (tarix sürəcində insanlığın təcrübəsi baxımından:-x.t.) danmasaq, bu saydığım komponetlərin insan kimliyinin aliliyini təmin etməsi yolunda əxlaqi gücünün yetərsiz olduğunu da vurğulamamız lazımdır. Bizi məqsəd və məramımızdan uzaqlaşdıran, İlahi dəyərli sonucları taleyimizə yazdırmağın mümükünsüzlüyünü asanlaşdıran kimliyimizdə bir boşluğumuz varsa, o da Əxlaq anlayışı, Əxlaqın qıtlığıdır.

Xanəmir Telmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti