Adil Əliyevə qarşı aparılan böhtan kampaniyası- Sosial şəbəkələrdə qərəzli hücumların arxasında nə dayanır?


Böhtanın da bir həddi var!

Əslində bu yazını yazmaq istəmirdim. Çünki hesab edirdim ki, görülən işlər danışandan daha güclüdür. Amma son günlər sosial şəbəkələrdə, xüsusilə Tik-Tok platformasında yayılan bəzi paylaşımlar artıq susmağı mümkün etmir.

Bir qrup insan sanki məqsədli şəkildə eyni mövzunu dövr etdirir. Guya kiminsə evi sökülüb, guya hansısa obyekt üçün  torpaq satılıb, guya aparılan tikintilər şəxsi maraqlara xidmət edir. Və bu iddiaların hamısının başına bir ad yazılır – Adil Əliyev.

Amma ortada nə fakt var, nə sənəd, nə də sübut. Sadəcə kollaj şəkillər, ucuz montaj və insanları qızışdırmaq üçün yazılmış bir-iki cümlə, qara ləkə və böhtan.

Bu nə jurnalistikadır, nə də vətəndaş mövqeyi. Bu açıq-aşkar böhtandır.

Sosial şəbəkələrdə oturub haradansa götürülmüş tikinti şəkillərini bir insanın fotosu ilə yanaşı qoymaq çox asandır. Amma bu ölkədə yaşayan insanlar artıq kimin həqiqəti danışdığını, kimin isə ucuz sensasiya dalınca qaçdığını yaxşı anlayır. 

İş olan yerdə nöqsan da ola bilər. Heç kim demir ki, hər şey ideal və qüsursuzdur. Əgər real problem varsa, buyurun, faktla danışın. Sənəd qoyun ortaya. Araşdırma aparın. Ciddi mətbuat vasitəsilə məsələ qaldırın. Bu, həm cəmiyyətə faydalı olar, həm də nöqsan varsa aradan qaldırılar.

Amma fakt yoxdursa, sadəcə insanın adını ləkələmək üçün paylaşım etmək nə vicdana sığır, nə də ki, kişi işidir.

Bu gün reallıq tamam başqadır. Suraxanı rayonu ərazisində geniş abadlıq və təmir-bərpa işləri aparılır. Küçələr yenilənir, yollar asfaltlanır, məhəllələr abadlaşdırılır. İnsanların gündəlik həyatını yaxşılaşdıran konkret işlər görülür.

Hal-hazırda Qaraçuxur qəsəbəsi ərazisində abadlıq işləri davam edir.  Əhməd Mehbalıyev  küçəsində obyektlərin fasadı üzlənib, standartlara uyğun olmayan reklam löhvələri sökülüb, çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənib, piyada səkiləri təmir olunaraq bordürlər düzülüb. Artıq sakinlər bu dəyişikliklərin şahidi olurlar.

Bunu görməmək üçün ya qərəzli olmaq lazımdır, ya da qəsdən həqiqəti gizlətmək.

Ən təəssüf doğuran isə odur ki, bəzi Tik-Tok səhifələri bu mövzudan ucuz reytinq və baxış toplamaq üçün istifadə edir. Bir neçə min baxış qazanmaq naminə insanların adına kölgə salmaq, yalan yaymaq artıq adi hala çevrilib.

Amma unutmayın: yalanın ömrü uzun olmur!

Bu gün sosial şəbəkədə yazılan uydurmalar sabah unudulur. Amma görülən iş qalır, yol qalır, abad məhəllə qalır, insanların rahatlığı qalır.

Ona görə də kimlərsə ucuz böhtan kampaniyası aparmaq istəyirsə, bilsin ki, bu nə cəmiyyətə təsir edir, nə də həqiqəti dəyişir.

Böhtanın da bir həddi var.

Əl çəkin Adil Əliyev haqqında əsassız iddialar yaymaqdan. Əgər sözünüz varsa, faktla danışın. Yoxdursa, susmaq bəzən ən düzgün mövqedir.

Arzuman Loğmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti