“Rəis müavini Zülfüqar Orucov qardaşımı təhdid edirdi…” - VİDEO


Yardımlının polis əməkdaşları müharibə veteranına acımadılar; Rövşən Əliyev “narkotik alverçisi” adı altında şərlənərək öldürüldü

Xəbər verdiyimiz kimi, Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsində ölüb. "Hürriyyət"in əldə etdiyi məlumata əsasən, müharibə veteranı olan R.Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, polis şöbəsinə gətirilib.

Rəsmi mənbələr iddia edir ki, onun üzərindən satış məqsədilə külli miqdarda narkotik vasitə aşkar edilib. İlkin dindirmə zamanı R.Əliyevin halı qəfildən pisləşib, polis əməkdaşları təcili yardım çağırıblar. Bütün cəhdlərinə baxmayaraq, o, dünyasını dəyişib.

Qeyd edək ki, mərhumun yaxınları Rövşən Əliyevin polis şöbəsində zorakılığa məruz qaldığını iddia edir. Bununla bağlı “Hürriyyət”ə danışan yaxınları bildirir ki, kifayət qədər sağlam insan olan R.Əliyevin guya şöbədə dindirmə zamanı öldüyü haqda açıqlamalar həqiqətə uyğun deyil. Onun ağır fiziki və psixoloji işgəncələr nəticəsində öldüyü güman edilir.

Hadisənin tam təfərrüatlarını öyrənmək üçün mərhum Rövşən Əliyevin qardaşı Rasim Əliyevlə əlaqə saxladıq. O, bildirdi ki, qardaşını şərləyərək həbs edən polis əməkdaşları mənzilə hücum edərək, anasına və qardaşının həyat yoldaşına xəsarətlər yetiriblər: "Qardaşım Əliyev Rövşəni Yardımlı Polis Şöbəsinin rəis müavini Zülfüqar Orucov bir neçə vaxtdır təhdid edirdi. O, qardaşıma deyirdi ki, mənə ayda 1500 manat aylıq ver, mənim üçün narkotik sat. Qardaşıma isə buna görə Zülfüqar Orucova etirazını bildirmişdi. Mərhum qardaşım onun səsini yazmışdı. Deyirdi ki, bir də ona belə təkliflər gələrsə Zülfüqar Orucovun səsyazısını yayacaq. Zülfüqar Orucov, Vüqar Bəhmənov, Ramin və Səfər Nuriyev adlı polis əməkdaşları 2021-ci il avqustun 30-da, gecə saat 2 radələrində qardaşımın yaşadığı evə basqın ediblər. Anama və qardaşımın həyat yoldaşına xəsarət yetiriblər. Qardaşım həmin gün Bakıda olub. Onu ələ keçirə bilmədiklərini görən polis əməkdaşları Yardımlı sakinlərinin yaşadığı evlərə basqın ediblər. Dörd nəfəri polis şöbəsinə aparıb, onları döyərək işgəncə veriblər. İşgəncə etdikləri şəxslər guya qardaşımdan narkotik aldıqlarını yazmışdılar. Biz bununla bağlı şikayətlər etdik. Qardaşıma şər-böhtan atıldığı sübuta yetirildi. Yardımlı məhkəməsində qardaşımın günahsızlığı sübuta yetirildi və bəraət aldı. Biz bundan sonra qardaşıma şər-böhtan atan polis əməkdaşlarını məhkəməyə verdik. Zülfüqar, Səfər, Vüqar və Ramin adlı polis əməkdaşları barəsində hüquq-mühafizə orqanlarının cavab vermələrini tələb etdik".

Rasim Əliyevin sözlərinə görə, sözügedən polis əməkdaşları qardaşını Yardımlıda yerləşən çayxananın önündə əvvəlcə vəhşicəsinə döyüb, sonra isə avtomobilə mindirərək qaçırıblar. Nəticədə, Polis şöbəsinə aparılan Rövşən Əliyevin az sonra ölüm xəbəri gəlib: "Onlarla bağlı iki məhkəmə prosesi keçirildi. Birinə gəlmədilər, ikinci görüşə isə gəldilər, amma boyunlarına almadılar. Məhkəmə öz işini davam etdirməsini açıqladı. Bundan sonra Səfər Nuriyev, Zülfüqar Orucov və Vüqar Bəhmənovun qardaşıma qarşı təhdidləri başladı. Mənim özümə Zülfüqar və Vüqar

mayın 13-də “Rövşəni narkotiklə yükləyəcəyik” deməsinin, bununla yanaşı, qardaşım Rövşənə də bunu demələrinin sübutları var. İyunun 1-i saat 19.06-da qardaşım Rövşən rayon mərkəzində yerləşən çayxananın qabağında Əliyev Nazimlə söhbət etdiyi zaman ona hücum edərək vəhşicəsinə döyüblər. Daha sonra isə maşına atıb qaçırıblar. Saat 19.23 radələrində isə qardaşımın öldürülməsi xəbərini bizə rayon sakinlərindən biri zəng edərək dedi. Qardaşım qaçırılan vaxtı Yardımlı prokuroruna yaxınlaşıb yalvardım ki, işgəncəni dayandırın. Rayon prokuroru Bəhruz İbrahimov mənə açıqca bildirdi ki, polisin işinə qarışmağa səlahiyyəti yoxdur. Mənə rayon polis şöbəsinə getməyimi bildirdi. Təəssüf ki, heç bir tədbir görülmədi".

Qeyd edək ki, mərhum Rövşən Əliyevin yaxınları polislərin təqsirli olduğunu sübuta yetirmək üçün əllərində yetərincə faktların olduğunu iddia edirlər. Redaksiyamıza göndərilən meyitin fotolarından da görünür ki, Rövşən Əliyevin bədənində ağır işgəncə izləri var. Vətəndaşları şərləyərək həbs edən bu cür polis əməkdaşlarının əməlləri Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyi tərəfindən ciddi nəzarətə götürülməli və bütün təqsirkarlar cəzasını almalıdır. Görünür, azğınlaşmış polis əməkdaşları ağır işgəncələrlə üz-üzə qalan müharibə veteranına zərrə qədər də olsa acımayıblar.

 



Oxşar Xəbərlər

Xəbər lenti