"Şərurlu İsfəndiyar" borc qarşılığında NƏCMƏDDİN SADIKOVUN QAYNININ EVİNİ GİROV QOYUB


Elmir Məhərrəmov: "İsfəndiyar Axundov deyir ki, hara gedirsiniz, kimə şikayət edirsinizsə edin, pulu verməyəcəm, arxamda prezident və baş prokuror durur"

Bu gün Hurriyyet.az-ın redaksiyasına müraciət edən Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 106Q ünvanında yaşayan Elmir Məmməd oğlu Məhərrəmov "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovdan şikayətlənib, onun tərəfindən aldadıldığını və nəticədə küllimiqdarda ziyana uğradığını bildirib. 

Belə ki, 15 iyul 2012-ci il tarixdə "Şərur İnşaat"a Yasamal rayonunda tikintisini apardığı bina üçün 26520 manat dəyərində şifer məhsulu verdiyini deyən şikayətçinin sözlərinə görə, bu günədək qeyd olunan məbləği ala bilmir: "Bu məqsədlə dəfələrlə "Şərur İnşaat"ın rəhbəri İsfəndiyar Axundovun qəbulunda olmuşam, dayımla birlikdə bir neçə dəfə müraciət etmişik ki, kasıb adamam mənim pulumu qaytarın. O isə mənə girov kimi bir başqasının adına olan mənzilin sənədini təqdim edib və bildirib ki, pulu verəndə sənədi qaytararsız".

Elmir Məhərrəmovla söhbət əsnasında məlum oldu ki, "Şərurlu İsfəndiyar" tərəfindən girov qismində olan təqdim olunan mənzil müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkovun qaynı Gərəyxan Abdullayeviç Gərəyxanovun adınadır: "İsfəndiyar Axundov girov qismində mənzilin sənədini verdikdə dedi ki, 26520 manat borcu 2 ay ərzində ödəyəcək. Lakin üzərindən 10 il keçməsinə baxmayaraq, hələ də pulumu ondan ala bilmirəm. Onu da qeyd edim ki, İsfəndiyar Axundov borcu 2 ay müddətinə qaytaracağına dair söz verdikdən bir müddət sonra öyrəndim ki, girov qismində sənədi verilən mənzil Nəcməddin Sadıkovun qaynı Gərəyxan Abdullayeviç Gərəyxanovun adınadır. Sahəsi 62 kvadratmetr olan həmin mənzil mənim şifer veridiyim binanın, daha dəqiq desəm, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 18 ünvanındakı 14 mərtəbəli yaşayış evinin 1-ci blokunun 5-ci mərtəbəsində yerləşir. Bir qədər sonra isə məlum oldu ki, həmin mənzili 4-5 nəfərə satıblar. Beləcə, İsfəndiyar Axundov bu günə kimi aldadaraq pulumu vermir. Deyir ki, hara gedirsiniz, kimə şikayət edirsinizsə edin, pulu verməyəcəm, arxamda prezident və baş prokuror durur".

Şərurlu İsfəndiyar" tərəfindən hədə-qorxuya məruz qaldığını iddia edən Elmir Məhərrəmov məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə və baş prokuror Kamran Əliyevə rəsmi qaydada məktubla müraciət etdiyini də bildirib: "Lakin bunun da heç bir faydası olmayıb. Bu ilin may ayının 27-də isə Bakı şəhər prokurorunun qəbulunda olmuşam. O deyir ki, bu iş mülki məsələdir. Halbuki, İsfəndiyar Axundov aldatma, etibardan sui-istifadə yolu ilə pulumu alıb və hələ də qaytarmır. "Şərurlu İsfəndiyar" kimi şəxslər onun-bunun adından istifadə etməklə var-dövlət yiyəsi olub. Onun o qədər pulu var ki, hara gedirik bütün qanunverici orqanları susdurur".

Sonda Hurriyyet.az vasitəsiylə ölkə başçısı İlham Əliyevə və baş prokuror Kamran Əliyevə müraciət edən Elmir Məhərrəmov onlardan üzləşdiyi problemlərin həllində yardımçı olmalarını xahiş edib.

Hurriyyet.az

P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti