8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
44 günlük müharibə iştirakçılarından olan Fəqan Müseyib oğlu İsayev üç aydır ki, bel yırtığı xəstəliyi səbəbindən hərəkət etməkdə çətinlik çəkir. O, 1994-cü ilin noyabrın 9-da Göyçay rayonunun Mırtı kəndində doğulub. Ailədə üç övladdırlar. Hər üçü də evlidir. İki qardaşı və valideynləri ilə birgə köhnə, yarımçıq tikilidə yaşamaq məcburiyyətindədir.
Müharibə iştirakçısı deyir ki, 2020-ci ilin 21 sentyabrından təlimə qatılıb və 31 dekabr tarixinə qədər müharibə iştirakçısı olub. Bel nahiyyəsindən ağır zədəni də elə döyüşdə alıb. Deyir ki, həmin zədə indi səhhətinin qorxulu kabusuna çevrilib.
“Ağdərə, Talış, Suqovuşan istiqamətində döyüşdük. Birinci əməliyyatda Ağdərədə çox itkilər verdik. İkinci əməliyyatda özüm də xəsarət aldım”, – deyən Fəqan İsayevin sözlərinə görə, partlayış nəticəsində yaxınlıqdakı qayalığa çırpılıb:
“Başımdan və belimdən zədə aldım. Zərbədən huşumu itirmişəm. Sanitar köməkçilər ilkin tibbi yardım ediblər, iynə vurublar. Nəticədə özümə gələ bildim. Zədə alsam da, Vətənə olan borcumu ödəməliydim. Çünki onda sağlamlığımı düşünmürdüm, oğullara birgə torpağı almağı düşünürdük. İndi də asqıra, öskürə, yata-dura bilmirəm. Ailə üzvlərimin, bir də əl ağacının köməyi ilə yeriyirəm. Bu, nə vaxta qədər olacaq? Ağrılarım getdikcə kəskinləşir”.
“Son üç aydır ağrılarım o qədər artıb ki, bilmirəm nə edim”
Fəqan İsayev deyir ki, son üç aya qədər müxtəlif işlərdə çalışıb. İndi isə belindəki yırtıq müharibə iştirakçısına hər cür fiziki və psixoloji çətinliklər yaradır. Nə müstəqil hərəkət edə, nə də əvvəlki tək işləyə bilir. Əlindəki ağaca, valideynlərinin köməyinə möhtac durumdadır. Kəskin sinir pozuntusu da əsəblərini tarıma çəkib:
“Belimdə, kürəyimdə şiddətli ağrılarım olur. Ağrı sağ, sol ayaqlarıma, böyrəyimə vurur. Sinirlərimi iflic edib, çevrilə, əyilə bilmirəm. Yatanda belə üzü üstə yatıram, çox vaxt ağrıdan gözümə yuxu getmir. Həmişə işləyən adam olmuşam, indi işə həsrətəm. Özüm özümə əsəbiləşirəm ki, niyə bu vəziyyətə düşdüm?”
“Tikintidə usta yanında çalışmışam, təsərrüfatda, meyvə bağlarında mövsümü fəhlə kimi işləmişəm. Bir az torpağımız var, kiçik qardaşımla birgə orda istixana salmışdım. Əkdiyimiz yaxşı qiymətə getmədi”, – müharibə iştirakçısı deyir.
Fəqan İsayev evlərini göstərir, köhnə, yarımçıq tikilidir. Deyir ki, yağış yağanda evə tökülür:
“Otaqların heç təmiri, divarı, qapısı, pəncərəsi yoxdur. İki otaq müvvəqqəti yaşamaq üçündür”.
“Nə ev istəyirəm, nə maşın, müalicə olunmağımı istəyirəm.
Öncə Göyçay Rayon Mərkəzi Xəstəxanasına baş çəkən veteran deyir ki, dərdinə orda əlac tapılmır. Həkim bel nahiyəsində 6 mml ölçüdə yırtıq olduğunu bildirir. Deyir ki, əməliyyat üçün min manatdan yuxarı vəsaiti tapmadığı üçün ucuz müalicə metoduna, türkəçarəyə əl atır:
Bakıda əməliyyat üçün 1200 manat istədilər. İmkanım olmadı. Borc-xərclə Qubaya getdim. Belimə çəkilən qır bir müddət ağrılarımı azaltsa da, ancaq sağaltmayıb. Həkimin yazdığı aylıq 15 manatlıq resepti belə almaq imkanında deyiləm. İstəyim dövlət xəstəxanalarında ciddi müayinə və müalicə olunmaqdır”.
“Nə ev istəyirəm, nə maşın, müalicə olunmağımı istəyirəm. Səhhətimin əvvəlki kimi olmasını istəyirəm. Rahat yeriyə, iş görə bilim, öz qabarlı əllərimlə halal çörəyimi qazanım”, – Fəqan İsayev deyir.
“Müharibəyə yolladım sağ salamat, qayıdandan düşüb bu vəziyyətə”
Veteranın anası İzahat İsayeva da övladına aidiyyəti qurumlar tərəfindən kömək edilməsini istəyir. Ailə nə sosial yardım, nə pensiya alır. Ailənin yeganə gəliri Fəqan İsayevin adına verilən 80 manatlıq veteran təqaüdüdür: “Bu pul da iki kisə un etmir”.
Ana deyir ki, veteran müharibədə olarkən ailənin borc üzündən təbii qaz xəttini belə kəsiblər. Süpürgə yığıb satmaqla üç ailənin maddi yükünü çəkən valideynlər övladlarının səhhəti ilə bağlı çıxılmaz durumdadır. Hətta atası ağır xəstəliklərdən əziyyət çəksə belə, övladının səhhətini düşünür. Nə qapısı, nə pəncərəsi olan evinin isə əsaslı təmirə ehtiyacı var.
”Qolumdan tutub yeriyir. Deyir “çıxarın məni çölə, hava dəysin, havam çatmır”. Nə vaxta qədər övladım bu vəziyyətdə olacaq? Müharibəyə sağ-salamat yolladım, qayıdandan sonra düşüb bu vəziyyətə. Günü-gündən ağrıları artır. Xahiş edirəm, övladıma kömək edilsin. Günü 5-10 manat fəhləliklə keçirdi, indi də işləmir, dolanışıq yox”, – ana deyir.
“Rüşvət vermirəm, adamım yoxdur deyə ayrı-seçkilik edirlər.
Müharibə iştirakçısının bir müraciəti də özünəməşğulluq proqramı ilə bağlıdır. Ötən ilin oktyabrından Göyçay Rayon Məşğulluq Mərkəzində qeydiyyata düşən Fəqan İsayevin adına müharibə veteranı kimi 21 ədəd qoyun yazılıb. Hətta qurumdan bu ilin fevralında gəlib tövləsində, həyətyanı sahəsində, evində çəkiliş ediblər. Dörd ay müddətində qoyunların veriləcəyi bildirilsə də, ötən altı ay müddətində layihə gerçəkləşməyib.
Təkrar müraciətdə isə Məşğulluq Mərkəzindən bildirilib ki, köhnə çəkiliş ləğv edilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gəlib yenidən çəkiliş edəcəklər. Müharibə iştirakçısı deyir ki, onunla eyni vaxtda və sonra müraciət edənlər heyvanları təhvil alsalar da, bu gözləmə mövqeyindədir və istəyi yubadılır. Artıq aldanmaqdan yorulduğunu deyən müharibə veteranı ayrı-seçkiliyin səbəbini öyrənmək istəyir:
Bizim çəkilişi nəyə görə ləğv ediblər? Mən nə qədər gözləyim? Məndən çox sonra gedib müraciət edənlərə verildi. Kənddə şəhid və veteran ailəsinə veriblər. Hətta adi vətəndaşlara təzəlikcə inək, qoyun verdilər. Düzdür, şəhid, qazi deyiləm, ancaq veteranam. Tanıdığım 15-20 ailə var ki, özünün dolanışığı pis deyil, sağlıqlarına qismət, ancaq alıblar. Bilmirəm bəziləri rüşvət verir, ya vermir, adamı var, ya yox, ancaq məndən sonra müraciət edib alıblar. Bu faktdır. Özünün qoyunu, inəyi olanlar da var. Mənim isə heç nəyim yoxdur. Konkret verəcəklər, verməyəcəklər düzünü desinlər. Aldadılmaqdan bezmişəm, mən də bu ölkənin vətəndaşıyam, Vətənin kasıb oğluyam. İmkanlılar istirahət edəndə, biz Vətən üçün vuruşurduq. Niyə ayrı-seçkilik edirlər, rüşvət vermirəm, adamım yoxdur deyə?! “
Dövlət Məşğulluq Agentliyinin Aran Regional Məşğulluq filialının əməkdaşı Nizami Hüseynov Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Fəqan İsayevin adı 78 bal göstəricisi ilə qeydiyyat sistemindədir. O ki qaldı heyvanların təhvil verilməsində gecikməyə, bildirildi ki, qurumda struktur dəyişikliyi ilə əlaqədar əvvəlki çəkiliş ləğv edilib:
“2-3 ay olar ki, filialda struktur dəyişikliyi oldu deyə Fəqan İsayevin fevraldakı çəkilişi ləğv olunub. Artıq vətəndaşların mənzil şəraitinə baxışını Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq Qiymətləndirmə filialı gəlib həyata keçirəcək. O ki qaldı konkret vaxta onu deyə bilmərəm, bu ilə çatmaz. Çünki hazırda 4 mindən çox adam qeydiyyatdadır və bal göstəricisinə görə qeyd etdiyim qurum özü növbəli şəkildə əlaqə saxlayıb yenidən çəkiliş edəcək. Bu üzdən Fəqan İsayevlə əlaqə saxlamaq prosesi gələn ilə qədər davam edə bilər. Bakı ilə əlaqə saxlanılsa, daha yaxşı olar”.
Dövlət Məşğulluq Agentliyinə yönləndirilən sorğuya mətbuat katibi Mais Musayev qısa zamanda cavab veriləcəyini bildirsə də, mövqe öyrənmək mümkün olmadı.
YAŞAT Fondunun mətbuat katibi Elnur Niftəliyev isə Meydan TV-yə deyib ki, Fəqan Müseyib oğlu İsayevin adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin siyahısında yer almadığından qurumun subyekti hesab olunmur. Zəruri sənədləri olduğu halda o, Fondun dəstək istiqamətlərindən yararlana bilər.
TƏBİB-in mətbuat xidmətinin əməkdaşı Zamira Adilova isə Meydan TV-yə deyib ki, vətəndaşla əlaqə saxlanılıb, səhhəti ilə bağlı lazımı tədbirlərin görüləcəyinə söz verilib:
“Artıq vətəndaşla əlaqə saxlanılıb. Ona tibbi baxımdan hansı köməklik lazımdırsa, təbii ki, TƏBİB olaraq biz onu edə biləcəyik. Müayinə üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına dəvət olunub, müəyyən müalicə təyin olunacaq. Əgər ehtiyac yaranarsa, göndərişlə Bakıdakı Neyrocərrahiyyə İnstitutuna da yönləndiriləcək”. (Meydan TV)