8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mənə dedilər, “Ola bilər ki, özünüzü əlil kimi hiss edirsiniz, lakin sizə əlillik düşmür”. Mən də bildirdim ki, bəs niyə mən hərbi həkimlərin gözündə yararsız oldum və xidmətdən uzaqlaşdırıldım? Cavab bu oldu ki, “Əgər sən həqiqətən qazi olsaydın, müalicəni davam etdirərdin”. Axı mən hazırda çalışmıram. 8 aydır, nə maaş alıram, nə maddi köməklik edilir”.
Bu şikayətlə “Qafqazinfo”ya Ağdam rayon, Quzanlı qəsəbə sakini Cəfərov Şükür Bakir oğlu müraciət edib.
23 yaşlı vətəndaş bildirir ki, əlillik almaq üçün dəfələrlə müraciət etsə də, aldığı tək cavab imtinadır: “Hərbi akademiyanı bitirmişəm, leytenantam. Füzulinin müdafiəsi, Şuşanın işğaldan azad olunması döyüşlərində iştirak etmişəm. Döyüş zamanı güllə və çoxsaylı qəlpə yaraları almışdım. Nəticədə sol qolumda sinir zədələnməsi oldu və qolum demək olar ki, tamamilə öz funksiyasını itirir. Buna baxmayaraq, mən müharibədən sonra könüllü şəkildə xidmətdə qaldım. Lakin bir neçə ay sonra mənə sülh və müharibə dövrünə yararsız olduğumla bağlı sənəd verərək xidmətdən uzaqlaşdırdılar”.
Zabitin sözlərinə görə, bundan sonra əlillik almaq üçün müraciətlər etməyə başlayıb: “Bütün müraciətlərimə imtina gəlir. Səbəb də göstərilir ki, bu diaqnoz əlillik təyin etmir. Sonuncu müraciətim avqust ayında olub, senytabrda da imtina gəlib. Xidmətdə olduğum müddət zamanı mənim müalicəm olunurdu. Son 7-8 aydır ki, müalicəm də yarımçıq qalıb. Hansı ki, həkim mənə bildirmişdi, müalicə olunsam, bəlkə də müəyyən qədər sağalma ehtimalım da olardı. Özüm də bu məsələyə görə yollarda qalmışam. Qoluma görə müalicəyə gedəndə də həkimlər mənə dedi ki, sənə mütləq ki, əlillik düşəcək. İmtina gələndən sonra da yenidən həkimlə görüşdüm, bildirdi ki, verdiyi rəylə mənə əlillik düşə bilər”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”nun müraciətini belə cavablandırıb: “Cəfərov Şükür Bakir oğlu 23.08.2022-ci il tarixində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Müayinə zamanı Ş.Cəfərovun sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmadığı müəyyən edilib. Həmçinin, Mərkəzi Hərbi Həkim komissiyasının təqdim etdiyi şəhadətnamədə və tibb müəssisəsinin göndərişində qeyd edilən diaqnoz da əlillik təyinatına əsas vermir. Bu səbəbdən ona imtina qərarı verilib”.
Qeyd edək ki, Şükür Cəfərov “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.