Adımızdakı tariximizin diz çökdürmə törəni



ey dili qafil fil failim məchul fani f...

derlər,

unudulmuş oxucu,

yəqin ağabəyim ağa  (ağabacı1782-ci ildə xankəndində doğulub, 1832-ci ildə tehranda dünyasın dəyişib) haqqında ortabab təhsili olan azərbaycanlı nəsə eşitmiş olar. bu şairə, qarabağ xanlığının ikinci xanı ibrahimxəlil xanın qızı və qacar şahı fətəli şahın xanımı, bir digər məşhur şairə xurşudbanu natəvanın bibisi olub. şeirlərini ağabacı ləqəbi ilə yazan bu imza barəsində (bu yazı üçün) verilən bilgi kifayətdir.

mənim marağımı oyadan məsələ heç də bu azərbaycan xanımının şəxsiyyəti, tarixdəki rolu, şeir yazması, hansısa məhşur bir nəslə, şəcərəyə mənsub olması deyil. məni olduqca maraqlandıran bu xanımın adıdır:- ağabəyim ağa. dilimizdə o qədər mürəkkəb sözlər, söz birləşmələri var ki. ancaq bu addan, bu adın adamı düşündürən ilginc mahiyyətindən qətiyyən yoxdur və mən belə ad tarixiliyinin incə hüznünə rast gəlməmişəm. iki addan:  “ağa” və “bəyim”  - dən oluşan bu adın digər bir düşündürücü tərəfi isə kişi deyil, qadın adı olmasıdır. ağa da, bəy də dilimzdə kişilik, erkəklik bildirən mənalara qucaq açıb. özü də bu sözlərin, adların hər ikisi sinfi nöqteyi nəzər(in)dən erkəkliklə yanaşı, həm də üstünlük, zənginlik, sahibkarlıq, tarixi bir sinfi missiyaçılığı simvolizə edir. 

“ağa” ayrılıqda həm ad, həm tituldur. ağa adı həm də erkək adını təmsil edir. “bəy” sözü də həm məqam, həm də erkəklərə yönəlik ümumi bir müraciət formasıdır. yalnız bəy titulu bəy-im olanda qadın adını bildirir. faktiki olaraq “ağa” və “bəy” cəmiyyətdə titul daşıyıcılığı kimi bir başa erkəyə ünvanlanmış aksiomatik ehkamdır. qəribə olan burasıdır ki, bu iki erkəklik təmsil edən adın bir arada mürəkkəb ad kimi qadına verilməsi dünyaya yanaşma tərzimizi, anlama yöntəmimizi fərqli qılır. 

derlər,

unudulmuş oxucu, 

ayrı ayrılıqda erkək titulu anlamını daşıyan bu iki ad birləşib mürrəkkəb ad kimi çxış edəndə, bu adın sahibi bizim toplumda və mədəniyyətdə qadını xarakterizə edir. demək bu xalqın iki önəmli uca titulu bir araya gələndə kişi deyil, qadın cinsinin kimliyi olaraq təmsil olunur, dişi-lik kimliyinin iliyinə işarə verir. 

bizim təfəkkürümüzdə sadə isim kimi erkəyə yönəlik məna bildirən sözümüz, başqa bir uyğun sözlə birləşdiyi anda qadın kimliyinə salam verir, eyvallah deyir?

ağalıq və bəylik səssiz şəkildə 19-cu əsrin ortalarında bir araya gələrkən xalqımızın milli təfəkkür zəmnində qadın kimliyinin varlıq obrazında əksini tapır. 

bu cür pəjmürdəlik və sarsıntımız, anlaşılan odur ki, fərqli şəkildə təzahür edirsə, demək, məsələnin kökləri daha dərində özünə yer tapmışdır. ruslar qafqaza ayaq basanda azərbaycanın varlığı fəhlə-kəndli-ziyalı deyil, ağalıq, bəylik titulunun o zamankı tarixi şəraitin və şərtlərin fonunda bir reallıq təqdim edirdi. bu reallığın, yəni  imperiyanın bir fağır millətin kimliyi üzərində hegomoniyasının ilkin bəlasından biri elə bu şəkildə və düsturda bizim bir başa torpaq, yurd, ölkə müstəvisində sarı simimizə toxunaraq etnosun cinsəl ayrıntılarına kimi təsirini göstərmişdir. bizim erkək kultunda oturdub nizamını qurduğumuz milli əxlaqi kimliyimiz, asayişimiz, sakral özgürlüyümüz bir anda, elə 19-cu əsrin başlanğıcında yurdumuza edilən təcavüzkarlıqla mədəni etnik kimliyimizdəki erkək simvolikasını real həyatın zəmnində qadın, dişi ehkamiyyətinə məhkum edir.

bizim kimliyimiz cinsiyyətimizə məğlub oldu. bizim mədəni isterikamız milli cinsəl ayrıntıda qadınla, dişi ilə şivənini qopardı. bu şivənin nə vaxt qiyamət, nə vaxt məhşər yaşadacağını sonralar görüb bilib şahidi olacaqdıq. 


derlər,

unudulmuş oxucu, 

ağabəyim ağanın adından yola çıxaraq dilimizdə və yaddaşımızdakı tarixi-sosioloji və mədəni həqiqətimiz patriarxal xəyanətdən matriarxal düzənə çıxış yolu ayarladı. bu çıxış yolu əsrlərdir hiss etməsəniz də, bizə ot yoldurur. ağalıq, bəylik məqamımız bir- birimizə olan etibarsızlığımız, xəyanətimiz, şübhəmiz, nəfsaniyyət ağırlığımız ucbatından tarixin bir dönüm nöqtəsində adımızın ağılalmaz çaşqınlığıyla bizi üz -üzə qoydu. yaxşı ki, “kitabi dədə qorqud” adımız çevrilib “kitabi ana qorqud(ə)” olmadı. ancaq bəy-xan-ağa titulu özünün ünvanlı nişangahından qopub xanım, qadın, dişi milli formaitəsində bizi tarazlayıb ləbbeyk razılığımızı nəsillər (arası) boyunca aldıqca, “kitabi dədə qorqud” kimliyi “kitabi ana qorqudə” kimliyinə dönüşdü. bu  metafizik çevrilmə kimliyimizdən tarixiliyimizə doğru görünmədi deyil; - bilən bildi, görən gördü. hətta azərbaycan adımızdakı “azərlər”in “bəy” canları “azərinlər”in “bəyim” canları olduğunun da fərqinə varmadıq. bunu bir anlayan, dərk edən mədəniyyət çölünün güdükçüsü isa hüseynov, h.cavid, əhməd bəy ağaoğlu oldu.

mən hələ mədəni aşınma prosesimizinin genetik otmosferindən cəmiyyət sferasına dönüşümündəki ikili standart, eynilik sərgüzəştlərimizi yenə dişi, erkək, patriarxal və matriarxal qarmaşalıqda nələr təlqin etdiyini demirəm. necə ola bilər ki, metafizik və spirtual uzantısıyla kitablara bağlanan, “löhfi məhfuz” arxalı bir ruhaniyyətin sədaqətində etibar qazanmış etnosun kişisi də, qadını da bir adla çağrıla bilir: arzu, məhəbbət, izzət, afət kimi və bu sarıdan adların şamil edildiyi kişi-qadın eyniyyətindəki niyyətin təvazökarlığından nə vaxt yaxa qurtaracağıq, bax, bunu da əlavə etmək istəyirdim. hətta bunlarla yanaşı bir hərflə: rafiqi-rəfiqəyə, rasimi-rasiməyə, tahiri-tahirəyə, azimi-azimi(yy)yəyə, tofiqi-tofiqəyə-yə çevirən dilin qanunları və təfəkkürün yasalarını çağa daşımadan, böyük mədəni təfəkkürəl birikimimizi kordinatlayaraq üstün dil, düşüncə, təfəkkür, mədəniyyət sferamıza mal etmək, nədən ağlımızın ucundan heç keçənə oxşamır. 

Xanəmir Terlmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti