28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Xəbər verildiyi kimi, Milli Məclis "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliyi üçüncü oxunuşda qəbul edib.
Yeni dəyişiklik operativ nəqliyyat vasitələrinin siyahısının genişləndirilməsini nəzərdə tutur. Məqsəd hüquq-mühafizə və digər xüsusi təyinatlı dövlət qurumlarının fəaliyyətini daha çevik və səmərəli təşkil etməkdir.
Yenilənmiş siyahıya bir sıra dövlət qurumlarına məxsus xüsusi təyinatlı avtomobillər də əlavə olunub. Bunlara yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələri, hərbi avtomobil müfəttişliyi, feldyeger rabitəsi orqanları, minatəmizləmə fəaliyyəti ilə məşğul olan səlahiyyətli qurumların xüsusi nəqliyyat vasitələri, inkassasiya və qiymətli yüklərin daşınmasında istifadə olunan avtomobillər, ali vəzifəli şəxslərin mühafizəsini həyata keçirən nəqliyyat vasitələri, poçt rabitəsinin milli operatoruna məxsus poçt daşıyan avtomobillər, eləcə də prokurorluq orqanlarının kriminalistik avadanlıqlarla təchiz olunmuş xidməti maşınları daxildir.
Dəyişikliyə qədər qanunvericilikdə operativ nəqliyyat vasitələrinin siyahısı daha məhdud idi və prokurorluq orqanlarına məxsus xüsusi təyinatlı avtomobillər bu kateqoriyaya aid edilmirdi.
Qanun layihəsində bildirilir ki, bu yenilik hüquq-mühafizə və digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edəcək. Xüsusilə, prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin operativ status alması hadisə yerinə daha sürətli çatmağa, təxirəsalınmaz prosessual hərəkətləri yerinə yetirməyə və əməliyyat-axtarış tədbirlərini çevik həyata keçirməyə imkan yaradacaq.
Sənəddə vurğulanır ki, dəyişiklik hüquq-mühafizə orqanları arasında koordinasiyanı gücləndirəcək, hadisələrə operativ reaksiyanı təmin edəcək və cinayətlərin açılmasına müsbət təsir göstərəcək. Eyni zamanda bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a bildirib ki, dəyişiklik əsasən təsnifat xarakteri daşıyır:
"Burada sadəcə siyahı dəyişir. Siyahıya əlavə nəqliyyat vasitələri də operativ nəqliyyat vasitəsi kimi daxil edilir. Yəni bəzi idarə və dövlət qurumlarının balansında olan müəyyən nəqliyyat vasitələrinə operativ nəqliyyat vasitəsi statusu veriləcək və müvafiq olaraq onlar səs və işıq cihazları ilə təmin olunacaqlar. Yolda avtomobil idarə edən digər sürücülər üçün bu dəyişikliyin hər hansı xüsusi əhəmiyyəti yoxdur. Bu, sadəcə təsnifatlandırmadır. Sürücü "Yol hərəkəti haqqında" qanuna uyğun olaraq operativ nəqliyyat vasitələri sayrışan işıqlarını və səs siqnallarını qoşduqda avtomobili yolun sağ zolağına çəkməli, arxadan gələn operativ nəqliyyat vasitələrinə maneəsiz yol verməlidir"Musavat.com