8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bərdə rayon, Qazaxlar kənd sakini, II qrup əlil Qarayeva Lətafət Qarakişi qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona məxsus pay torpağını qanunsuz olaraq onun və ailəsinin əlindən alıblar:
“Mən Qarayeva Lətafət Qarakişi qızına və uşaqlarıma islahat dövründə kənddə pay torpağı verilmişdir. Həmin vaxtlar uşaqlarım körpə olduğundan torpaqla maraqlanmağa vaxtım olmamışdı. Öz səhhətim də göz qabağında idi. Kəndin bütün sakinləri kimi, mən də torpaq sahəmi icarəyə vermişdim. Torpaq sahəmi Əli müəllim adında bir məktəb direktoruna icarəyə vermişdim. Sonra isə Nemət adlı şəxsə icarəyə verdim.
O vaxtlar icarə pulu mənə su və hava kimi lazım idi. Ailə vəziyyətimlə əlaqədar maddi sıxıntılarım var idi. Bir müddət sonra Nemət yoxa çıxdı, yəni onu kənddə tapa bilmədim ki, pulumu alım. 3-4 ay olar eşitmişəm ki, mənim torpağım yoxdur. Sən demə, Nemət rəhmətlik anamı aldadaraq torpağın sənədini alıb, gedib manim və övladlarımın adına olan torpaq sahəsini öz adına keçirib. Mülkiyyətçi mənəmsə, deməli, bu torpağı mənim imzam olmadan saxta yolla mənimsəyiblər.
Bir neçə qurumun qəbuluna yazıldım, şikayətlərimi diqqətlərinə çatdırdım. Prezident Aparatında Zeynal Nağdəliyevin qəbulunda olmalı idim, onun səhhəti ilə bağlı problemləri olduğu üçün məni Yasin müəllimin otağına yönləndirdilər. O insan məni səbrlə dinlədi, dərdimə şərik olmağa çalışdı. Elə mənimlə söhbəti bitirən kimi Bərdə şəhərinin icra başçısı Vidadi İsayevlə telefon danışığı keçirdi. Bundan sonra Yasin müəllim mənə dedi ki, get Vidadi İsayevin qəbuluna, sənə köməklik göstərəcək.
Ordan-burdan borc xərc edərək, Vidadi İsayevin qəbuluna getdim. Məni qəbul etdi, sənədlərimə göz gəzdirdi. Son nəticədə mənə bildirdi ki, sənin torpağın yoxdur. Stolunun üzərində olan kağızları göstərərək dedi ki, bütün bu sənədlərdə də açıq aşkar yazılıb ki, sənin torpağın yoxdur. Həqiqətən də sənədlərdə torpağımın olmadığı qeyd olunmuşdu. Necə kökündən həll ediblərsə, heç bir sübut qalmayıb. Həmin torpaq başqa bir şəxsin adında göstərilir. Amma o torpaq illərlə mənim olub.
Mən sizin saytınız vasitəsilə Prezidentə müraciət edirəm. Haqqsızlıq baş alıb gedir. Bütün kənd camaatı təsdiq edə bilər ki, hər kəs kimi, mənim də torpağım var idi. Necə ola bilər ki, bütün kəndə pay torpağı paylana, amma mənə verilməyə. Mümkün deyil. Məhkəməyə, vəkilə ödəniş etməyə imkanım yoxdur. Çarəsiz vəziyyətdə sizə yazıram. 2 övladım var, qızımın ailəsi dağılıb, yanımda qalır. Fikirləşirdik ki, torpağımızda nəsə əkin-biçin işləri görüb, maddi cəhətdən özümüzü toparlayaq…
Mənim haqqım, hüququm tapdalanıb. Manim torpaq sahəmin yanında qonşularımın torpaq sahəsi var. Bunu qonşularım da təsdiq edə bilər.
Cənab prezident!
Sizdən xahiş edirəm, məmur özbaşınalıqlarına son qoyun. Mən deyə bilmərəm ki, Vidadi İsayev mənim torpağıma göz qoyub, yox, bunu deyə bilmərəm. 2 dəfə Vidadi İsayevin qəbuluna oldum, ikisində də mənim torpağım olmadığını dedilər.
Mən əminliklə bilirəm ki, Nemət adlı şəxs anamı aldadaraq mənim torpağımı mənimsəyib. Nemət vəfat etdiyi üçün sizin sayt vasitəsilə oğluna səslənirəm, mən kasıb, əlil qadınam, xahiş edirəm, mənim torpağımı qaytarın”.
Mövzu ilə bağlı hüquqşünaslarla da həmsöhbət olduq.
Vəkil Adəm Məmmədov deyir ki, pay torpaqlarını mülkiyyətçinin özündən başqa heç kəs sata bilməz: "Əgər xanımın əlində pay torpağını təsdiq edən sənədlər varsa, o, məhkəmə orqanına müraciət edərək torpağını geri qaytara bilər. Məkəmə də qanuna uyğun olaraq pay torpağını vətəndaşa qaytara bilər. Əlbəttə, pay torpağını təsdiq edən sənədlər varsa. Ümumiyyətlə götürdükdə isə, pay torpaqları xüsusi mülkiyyət hesab edilir.
Amma arxivdə, kökdə siz deyən kimi torpağı təsdiq edən sənəd yoxdursa, bu artıq xanımın yalan danışdığı haqda şübhə oyadır. Yox, xanımın əlində sənədləri varsa və arxivdə yoxdursa, bu, heç yerdə rast gəlinməyən bir hadisədir. Kimsə kimisə aldadıb torpağını satdıra və yaxud mənimsəyə bilər, amma kökdən, arxivdən bunu silmək mümkün deyil.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.
Hurriyyet.az