8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"İcra başçısı Adil Məmmədovun yanına apardı. Adil müəllimin qəbulu zamanı mənimlə birlikdə iştirak edən Əlikram və Gülpaşanın yanında mənə dedi ki…”
Qobustan rayonu, Ərəbşahverdi kənd sakini Qaraş Mürşüd oğlu Allahverdiyev tərəfindənSozcu.info in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Qobustan rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədova, eləcə də digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
"Vaxtilə Qobustan rayonu Qurbançı kənd bələdiyyəsinin sədri olmuş Musayev Əlikram Ələkbər oğlu sonradan öz yerinə təyin etdiyi dostu Gülpaşa Paşayevlə gizli sövdələşərək, bizim ailəmizə məxsus 43 ha pay torpaq sahəsini, atamgilin əkib-becərməyə imkanı olmadığını bildirərək 2007-ci ildə bu torpağın bir hissəsini – 17 ha-nı, hər hektar üçün 20 manat olmaqla 5 il müddətinə icarəyə götürməyi təklif etmişlər. Lakin tərəflər arasında şifahi razılaşmadan başqa rəsmi icarə müqaviləsi imzalanmamışdır. Sonradan o vaxtkı bələdiyyə sədrləri aralıq makler rolunda çıxış edərək, atam Mürşüd Allahverdiyevi torpağın dövlət qeydiyyat aktını guya atamla icarə müqaviləsi bağlamaq adı altında ondan alıb aparmışlar. Ailəmiz razılaşdırılmış 5 illik icarə müddəti bitdikdən sonra 2012-ci ildə torpağımızı geri istədikdə, bu dələduz dəstə bizə "siz həmin torpağı bizə birdəfəlik satmısınız” dedilər. Bildirdik ki, axı torpağı satası olsaq, qanunvericiliyə görə, gərək torpaq payı müəyyən edilən hər bir ailə üzvümüz ya dövlət notarial kontoruna, ya da regional dövlət reyestr xidməti idarəsinə gedib, rəsmi razılıq ərizələrimizi təqdim edəydik. Ortalıqda isə nə belə bir razılıq ərizələri, nə də rəsmi alqı-satqı müqaviləsi var.
Son 5 ildə dəfələrlə yerli və yuxarı aidiyyatı orqanlara etdiyimiz şikayətlərə isə əsasız, formal cavab verməklə, bu dələduz dəstənin bizim ailəyə qarşı törətdikləri cinayət əməllərini ört-basdır etməklə məşğuldurlar. Bir daha xatırlatmaq yerinə düşərdi ki, ailəmizə məxsus 17 ha pay torpağımızın yerli bələdiyyə sədrinə satılması barədə nə Qobustan rayon dövlət notariat kantorunda, nə də Daşınmaz Əmlakın Şamaxı rayonu üzrə Reyestr Xidməti İdarəsində heç bir sənəd-sübut olmadığından, bizə təqdim etmədilər.
Məsələilə bağlı bu ilin mart ayında Kənd Təsərrüfatı nazirinə etdiyim rəsmi müraciətə Qobustan rayon İcra hakimiyyəti başçısının müavini Məharət Əkbərovun 01 may 2018-ci il tarixli formal cavabında bildirilir: " Sizin iştirakınızla keçirilən qəbulda həm Ə.Musayev, həm də G.Paşayev mərhum atanızın iştirakı ilə torpağın 17 ha hissəsinin satılması və qalan 26 ha əraziyə yenidən çıxarış verilməsini bildirmişdir”. Mən də öz növbəmdə bildirirəm ki, İcra Hakimiyyətində məsələnin müzakirəsi zamanı hər iki məsul vəzifəli şəxs mənə yalnız şifahi olaraq bildirmişlər ki, mərhum atamın iştirakı ilə 17 ha torpaq satılmışdır. Yenə həmin gün məni başçının müavini M.Ələkbərov Qobustan rayon İH-nin icra başçısı Adil Məmmədovun yanına apardı. Adil müəllimin qəbulu zamanı mənimlə birlikdə iştirak edən Əlikram və Gülpaşanın yanında mənə dedi ki, rəhmətlik atan torpağın 17 ha-nı satıb, ona görə də gərək 17 000 manat verəsən ki, bu işi həll edə bilək. İcra başçısının bu təklifindən mən elə başa düşdüm ki, guya atam vaxtilə həmin torpağı satarkaən aldığı 17 000 manatı torpağın indiki sahibinə qaytarmaq lazımdır ki, cənab başçı da bu problemi beləcə həll etsin. Mən cavab verdim ki, yerli bələdiyyə ilə bizim ailə arasında olan şifahi söhbətə görə 17 ha torpağımızı hər ha-ı 20 manat olmaqla 5 il müddətinə icarəyə vermişik və əvəzində bizə 1500 manat pul verilməli idi. Biz də 2013-cü ildən torpağımıza sahiblik etməli idik. Başçı bizə heç bir cavab vermədi və biz otağı tərk etdik.
Mənim 13 dekabr 2018-ci il tarixli sonuncu şikayət məktubuma cavab olaraq DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi 21 dekabr tarixli, 184120002054 saylı cavab məktubuna əlavə olraq JN 0050 N-li torpağın dövlət aktını və 14 iyul 2010-cu il tarixli torpağın alqı-satqı müqavilələrinin surətlərini təqdim etmişdir. Sağ olsun ki, Heydər Əliyev Fondunun rəhbərliyi, mənim müraciətimi nəzarətə götürmüşdür. Yoxsa, onlar mənə bu sənədləri verməzdilər.
14 iyul 2010-cu il tarixli iki alqı-satqı müqaviləsindən aydın olur ki, Qobustan rayonunun ayrı-ayrı yerlərindən olan fiziki şəxslərin adından,eləcə də mənim atam Allahverdiyev Mürşüd və anam Allahverdiyeva Gülarə Gilo qızı arasında əvvəlcə Qobustan şəhər bələdiyyəsinin sədri Vasif Novruzova Qobustan rayon Notariat Kontorunda etibarnamə verilmiş və dərhal sonra da V.Novruzovla Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mən.36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu (Bu adam Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuş və hazırda FHN-i K.Heydərovun müavini olan general Nazim Məmmədovun qardaşıdır) arasında müqavilə imzalanmışdır.
Alqı-satqı müqaviləsində qeyd edilir ki, guya Qobustan şəhərində yerləşən torpağa görə atam 4 nəfərin payı olan 13.57 ha torpağı üçün 6500 manat, anam Gülarə isə özünə məxsus 3,43 ha torpağına görə isə 1500 manat pul alıbmış. Anam bu gün də sağdır. Və qeyd edir ki, o, heç vaxt Vasif Novruzov adlı şəxslə görüşməyib və notariat kontoruna getməyib, alqı-satqı müqaviləsinə də imza etməyib. Eləcə də rəhmətlik atam bu adamı tanımayıb, etibarnamə verməyib və müqaviləyə də imza etməyib. Hələ bunlar qalsın bir kənara, rəsmi alqı-satqı müqaviləsində qeyd edilir ki, "torpaqların alqı-satqı müqaviləsi bağlanarkən ailə üzvlərinin razılığı alınmışdır”.
Sağ olsun Baş prokurorluğu ki, məslənin ciddiliyini və kütləviliyini nəzərə alaraq, araşdırma üçün Qobustan rayon Prokurorluğuna göndərmişdir. Budur, xanım müstəntiq məndən izahat alan zaman şikayəti kim yazdığını soruşdu və qeyd etdi ki, bunu sən yazmamısan. Dedim ki, təqdim etdiyim sənədlər də, başıma gələn oyunlar da sizə bəs etmirmi ki, şikayətin mənə aid olmasını sübut etməsin. Cavabı bu oldu ki, məsələ mülki xarakter daşıyır və məhkəməyə müraciət edə bilərsiniz. Mən artıq yerli prokurorluğun mənə hansı cavabı göndərəcəyi indidən məlum oldu. Və belə formal araşdırmaya qəti etirazımı bildirirəm. Budur, artıq əlimdə saxta alqı-satqı müqaviləsi, dövlət aktı, çıxarış, rəsmi cavablar var. Və mən inanmıram ki, Qobustan şəhər bələdiyyəsinin sədri olan və eyni zamanda illərdir ki, icar başçılarının birbaşa göstərişləri və iznilə hərəkət edən Vasif Novruzov bu saxtakarlıqları icra edən zaman sadəcə bir fiqur rolu oynamış və makler haqqı olaraq özünə düşən payı götürmüşdür. İndi Bakıda evləri, kommersiya obyektləri var ki, heç 50 il elmdə saqqal ağardan akademikimizin bu qədər mülkü yoxdur. Bu adam vaxtilə Nərimankənd sakinlərinə məxsus və Qobustan şəhərinin gündoğar hissəsində yerləşən hektarlarla pay torpaqlarını icra başçısı olmuş və hazırda Neftçala rayonuna rəhbərlik edən İsmayıl Vəliyevin saxta sərəncamları əsasında kənar fiziki şəxslərə hər sotu 1500-2000 manata satmaqla birlikdə külli-miqdarda pul qazanıb mənimsəmişlər. Bu məsələ, yəni 16 ailənin pay torpağını onların xəbəri və razılığı olmadan satmış rayon rəhbərliyi yerli məhkəmələrdə pul hesabına "qələbələr” çalsa da hazırda Avropa Məhkəməsində kəndlilərin xeyrinə başa çatmaq üzrədir ki, tezliklə dövlət bu haramzadalara görə Nərimankənd sakinlərinə xeyli təzminat ödəmək məcburiyyətində qalacaqdır. Yəni demək istəyirəm ki, mənim ailəmin başına gətirilən və mülkiyyəti saxtakarlıqla əlindən alınan tək mən deyiləm, minlərlə Qobustan rayonunun bütün kənd camaatının başına gətirilir. Digər fakt ondan ibarətdir ki, yenə də həmin Malik Məmmədov adlı ("Gilan” Holdinqin işçisi olan) şəxsə 2006-cı ilin aprelin 2-də Qurbançı bələdiyyəsinin sədri olmuş Əlikram Musayevlə aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında 40 ailəyə məxsus 526 ha torpaq sahəsi saxtakarlıqla mənimsənilmişdir. Artıq Malik Məmmədov Qobustan rayonunun camaata məxsus pay torpaqlarını Ordubaddan gələrək yarısını demək olar ki, mənimsəmiş və "işğal” etmişdir. Biz də fikirləşirik ki, ermənilər Azərbaycanın 20 % torpağını işğal ediblər. Bəs daxili "ermənilər”in Azərbaycanın yerdə qalan torpağının neçə faizini "işğal” etməsini hesablayan varmı?
Qurbançı bələdiyyəsinin sədri olmuş Əlikramın audioyazısını da təqdim edirəm. Adam etiraf edir ki, "məndən cənab prezidentin tapşırığı adı altında rayonda inzibati binanın tikilməsi üçün 42000 manat aldılar. Neynirəm belə vəzifəni, ondansa gedib toyuq-cücəyə baxsam yaxşı olar”. Və yenə də etiraf edir ki, rəhbərlik etdiyi kəndlərin torpaqlarını məhz onun vasitəçiliyilə etibarnamə əsasında Məmmədov Malik Xeyrulla oğluna satmışdır.
Ümidlərim hələlik ölməyib. Və hesab edirəm ki, dövlətimizin qanunları işləyir. Və hesab edirəm ki, Qobustan rayon Prokurorluğunun başdansovudu araşdırmasına rəğmən bir savadlı və cürət sahibi olan prokuror işçisi tapılacaq ki, bizim məsələni ədalətlə araşdıracaq və qəti qərar qəbul edəcəkdir.
Cənab Prezident!
Torpağım əlimdən alınandan sonra mən 6 nəfərlik ailə üzvlərimi dolandırmaq üçün Abşeron rayonunda kirayədə yaşamaq məcburiyyətindəyəm. Sizdən çox xahiş edirik, ailəmizə məxsus torpaq mülkiyyətimizi etimadımızdan (İicarə adı altında) süi-istifadə etməklə, saxta sənədləşmə yoluilə ələ keçirmiş quldur dəstəsinin qanusuz hərəkətlərinin araşdırılmasına və hüquqi qiymətin verilməsi üçün əlaqədar təşkilatlara göstəriş verəsiniz”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.