8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi (ərzaq inflyasiyası göstəricisi) avqust ayına nisbətən 0,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 4,5 faiz artıb.Avqust ayına nisbətən bu ay ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, təzə balığın, yumurtanın, yağın, meyvə və tərəvəzlərin qiymətində müşahidə olunub. Hazırda paytaxtda mal ətinin bir kiloqramının qiyməti 14,50 AZN-dən başlayır. Satış nöqtələrinin çoxunda isə mal ətinin bir kiloqramı 15-16 manata təklif olunur. Bahalaşma qoyun ətinə də aiddir.Rəsmi statistik məlumatlara əsasən, doğranmış sümüklü mal ətinin bir kiloqramının qiyməti ötən ilin fevralında 11 manat olub. İlin sonunda 13 manata, 2023-cü ilin martında 13,5 manata, avqustun 1-də isə 14 manata çatıb. Ümumilikdə, son bir ildə mal ətinin qiyməti təxminən 4 manat bahalaşıb. Qida rasionumuz üçün önəmli olan qırmızı ətin qiyməti ilə yanaşı istehsalı da artıb. Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-avqust aylarında diri çəkidə 375,4 min ton ət istehsal olunub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz artıb. Bura quş əti də daxildir.Yuxarıda qeyd edilən rəsmi statistik rəqəmlərdən göründüyü kimi, ötən il qiymət artımı rübdə, ilin əvvəli və sonunda artıbsa, son ildə qiymət az qala hər ay artır. Bundan başqa istehsalın da ötən ilə nisbətən artdığı faktı var.Belə olduqda sual yaranır, ölkədə ətin qiymətinin artmasına səbəb nədir?DİA.AZ-ın məlumatına görə, iqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət”ə bildirib ki, son on ildə ölkədə ətin qiyməti iki dəfədən çox artıb.“Əslində, qiymət artımı davamlı şəkildə baş verirdi. Sadəcə, istehlakçı olaraq biz bunu az hiss edirdik. Onilliyi götürsək, 2003-cü ildə ətin bir kiloqramının qiyməti 7-8 manat idi, yəni 10 ildən sonra bu, iki dəfədən çox artıb. Əvvəllər cüzi artımlar olurdu, artımlar, az qala hiss olunmayacaq dərəcədə idi. İndi birdən-birə ötən ildən başlayaraq ciddi qiymət artımının olması hiss olunacaq dərəcədə istehlakına da təsir göstərir”.İqtisadçı qiymət artımının bir çox səbəblərini sadalayıb. Onun sözlərinə görə, əsas səbəb örüş yerlərinin azlığı ilə bağlıdır:“2017-ci ildə Azərbaycanda texniki bitkilərinin əkin sahələrinin artımı, pambıqçılıq və digər texniki bitkilərin inkişafı ilə bağlı qərar verildi. Bu da örüş yerlərinin və yem bazasının azalmasına səbəb oldu, O vaxtdan kifayət qədər ciddi problemlər yaşanır. Örüş yerləri və yem bazası azaldıqca yemin qiyməti artır, təbii olaraq yemin qiyməti artdıqca da bu, ətin qiymətinə təsirsiz ötüşmürdü.Bundan başqa, Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu mal-qaraya qulluq, dərman preparatları, vaksinlər və digər qulluq vasitələri ölkədə istesal olunmur, xaricdən gətirilir. Bildiyimiz kimi, inflyasiyanın dünyada yüksəlməsi ilə əlaqədar onların qiyməti artırdı, bu da təsirsiz ötüşmür. Son maya dəyərinə və qiymət artımına təsir göstərən amillərdən birinə çevrilirdi”.Natiq Cəfərli hesab edir ki, ətin qiymətinin artımı həm də digər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artımına görə baş verir:“Aqrar sahədə, maldarlıqda çalışan fermer və satıcılar da istehlakçıdılar. Hər şeyin qiyməti qalxırsa, onların gündəlik tələbat mallarının qiyməti artırsa, onlar da qiyməti artırmağa məcburdurlar. Ola bilməz ki, hər şeyin qiyməti qalxsın, amma ətin qiyməti qalxmasın. Digər ərzaq və qeyri-ərzaq məhsulların qiyməti, kommunal xərclər artıb. Onlar da məcburdurlar ki, gəlirlərini artırmaq üçün çalışsınlar. Qiyməti artırsınlar ki, öz tələblərini ödəsinlər”.O, əhalinin artımının da qiymət artımına səbəb ola biləcəyini vurğulayıb:“Əhali də artır, son 10 ildə əhalinin sayı 1 milyona yaxın artıb. Həmçinin, son zamanlar ölkəyə gələn turistlərin sayında da ötən ilə nisbətən artım olub. Təəssüf ki, quru sərhədlərimiz bağlıdır, bu artım təyyarə ilə gələnlərin sayına aiddir. Bu da ərzaq, o cümlədən, ət məhsullarının istehsalının artmasının səbəblərdən biridir. Bütün bu məslələr üst-üstə toplananda ətin qiymətinin artımını müşahidə edirik. Təəssüf ki, bundan çıxış yollarını hələ görmək mümkün deyil.Azərbaycanda kəskin şəkildə ət istehsalının artacağını proqnozlaşdırmaq çətindir. Düzdür, işğaldan azad olunmuş torpaqların maldarlıqla bağlı çox gözəl perspektivləri var. Amma orada məskunlaşma, istehsalın başlaması 5-10 il zaman alacaq. Yəni bu perspektivləri nəzərə alsaq gələcəkdə bu sahədə müəyyən yaxşı nəticələr gözləmək olar. Hər halda indinin özündə qiymət artımının davam edəcəyini, təəssüf ki, proqnozlaşdırmaq mümkündür”.