İMİŞLİDƏ “YAŞIL SOYQIRIM” - “Azərelektrik Tikinti Quraşdırma” şirkəti 250 min ədəd dekorativ şam ağacını məhv edir... / FOTO


İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinin sakini Muradov Raqif Murad oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident !

Mən uzun illər dövlət qulluğunda - müxtəlif vəzifələrdə işləmişəm. Dövlətimə və millətimə sədaqətlə xidmət etmişəm. 1998-ci il Prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin seçki qərargahının üzvü olmuşam. Cənub bölgəsində - 7 rayonda seçki marafonuna rəhbərlik etmişəm və gördüyüm işlər barədə Ulu Öndərə məruzə təqdim etmişəm.

Uzun illərdir ki, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində Bakı-Şuşa yolunun sol sahilində yerləşən bizim ailəyə məxsus 20 hektara yaxın sahədə şam ağaclarının yetişdirilməsi ilə məşğul oluruq. Ağacların əksəriyyətini toxumdan yetişdirmişik. Hal-hazırda sahəmizdə 250 mindən artıq Eldar şamı, Tuya, Arizonica (amerikan şamı), Pinius Pinea (italyan şamı), Libanni (Livan sidri), təxminən 5.5-8 metr hündürlükdə ağaclar yetişdirmişik.

Mart ayında “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin əməkdaşları bizə məxsus ərazidən “İmişli-Cəbrayıl 300 kv-lıq yüksək gərginlikli elektrik xətti”nin keçməsi ilə bağlı məlumat verdilər. Biz onlara “Torpaqların Dövlət Ehtiyatları üçün Alınması Haqqında Qanun”a uyğun olaraq mütəxəssis dəvət olunması və dəyən ziyanın kompensasiya olaraq ödənilməsi şərtilə razılıq verdik.

Onlar uzun müddət susqunluq göstərdilər. 22 may 2023-cü il tarixdə, səhər saat 09:45-də özünü İmişli rayonu polis şöbəsinin müavini kimi təqdim edən Cavid adlı polkovnik-leytnantın rəhbərliyi, təxminən 40-50 nəfər polis əməkdaşının iştirakı ilə bizə aid olan xüsusi mülkiyyətə basqın etdilər və “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin əməkdaşlarının zor gücünə sahəyə daxil olmasına şərait yaratdılar Nəticədə ağır texnika, kran və traktorlar ağacları və kolları məhv edərək sahəyə daxil oldu. MMC əməkdaşları ərazidə dəmir konstruksiyalı dirəklər basdıraraq, 2.4 ha torpaq sahəsini mühafizə zonası kimi bizdən aldılar.

Biz DİN-in 102 cağrı xidmətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng etdik. Hər iki qurumun mütəxəssisləri yerində baxış keçirdilər və bu hadisənin ekoloji cinayət olduğunu və araşdırılacağını bildirdilər. 

Mən, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları MMC-nin işçilərinə bildirdik ki, dövlətin belə ciddi bir layihəsi işlənirsə, nazirlik ekspertiza rəyi verməlidir. Lakin heç bir rəy olmadan bu işə başlanılması qanunazidd hərəkətdir.

Hadisə ilə bağlı respublikanın Baş prokuroru cənab Kamran Əliyevə müraciət etdim, polisin qanunazidd hərəkətlərinin araşdırılması üçün göstəriş verilməsini xahiş etdim. Lakin hansısa gözəgörünməz əl bu məsələnin araşdırılmasını ləngidir.

Belə ki, 10.08.2023-cü il tarixdə Respublika Prokurorluğundan hadisənin araşdırılması ilə bağlı bizə məlumat  daxil olmuşdur. Nəticə olaraq  polisin və “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin işçilərinin əməllərində cinayət tərkibi olmasına baxmayaraq, 08.09.2023-cü il tarixdə prokurorluq bizə məktub ünvanlayaraq bildirildi ki, “dövlətə dəymiş” ziyanın ödənildiyini əsas götürərək qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Məktubda bizə tövsiyyə edilir ki, məhkəməyə müraciət edə bilərsiniz.

Bütün bunlara baxmayaraq 05 oktyabr 2023-cü il tarixdə “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin 20-yə yaxın əməkdaşı yağışlı havada, səhər saat 06.00-da yenidən qanunsuz olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əraziyə basqın etmişlər. Biz onları saat 10.00-11.00 radələrində müəyyən etdik. Onlardan 8 nəfəri saxlayaraq polisə təslim etdik. Polis onlardan izahat alıb, bizə izahatları prokurorluğa təqdim edəcəyini bildirdi və eyni qaydada bizdən izahat alaraq işinə yekun vurdu.

Polisin və “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin bu hərəkətləri sahibkar kimi bizim konstitusion hüquqlarımızı kobud şəkildə pozaraq dövlət adına utancverici  bir hərəkətdir. Onların bu əməli mənə maddi və mənəvi ziyan vurduğu qədər, ölkəmizin ekoloji tarazlığının pozulmasına da gətirib çıxarır.

Hadisələrin belə davam etməsi və hüquq mühafizə orqanlarının biganə münasibəti daha ağır cinayət əməllərinin baş verməsinə gətirib çıxara bilər ki, bu da bizi cinayətə təhrik etmək üçün əsaslar verir. “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin işçiləri bizə bildirdilər ki, onlar MMC-nin direktoru Ziya Əşrəfzadənin əmrini yerinə yetirirlər. Ziya müəllim də öz növbəsində onlara bildirib ki, polis və prokurorluqla bütün “məsələləri” həll edib.

Cənab Prezident!

Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinə təklif etmişik ki, aran bölgəsində min bir əziyyətlə yetişdirdiyimiz bu ağacların hesabına yaranmış meşəni (ərazi transformator, işıqlandırma sistemi, motor stansiyası, çiləmə və damlama sistemləri ilə təchiz edilib) qiymətləndirib, nazirliyin meşə fondunun balansına daxil etsinlər ki, dövlət tərəfindən bu ağacların qorunması təmin edilsin. Lakin onlardan heç bir cavab yoxdur.

Halbuki, hər bir şam ağacı təxminən 80-120 ədə adi ağacın verdiyi oksigenə bərabər oksigen verir. Bu da təxminən 25 milyon adi ağacın verdiyi oksigen deməkdir.

Lakin çox təəssüflə qeyd edirik ki, ərazidən keçən 330 kv-lıq yüksək gərginlikli elektrik xətti hər iki tərəfə 100 metr məsafədə magnit dalğaları yaradır ki, bu da yüksək radiasiya yaratmaqla, ağacların tamamilə məhvinə aparır. Bütün dünyanın ekoloji mübarizə apararaq qlobal istiləşmənin qarşısının aldığı bir vaxtda, hər bir ağacın hansı əziyyətlə yetişdirilməsini  nəzərə almadan, bu qədər ağacın məhv edilməsi ciddi cinayət hadisəsidir.

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, qanunun aliliyini nəzərə alıb, təkrar-təkrar mülkiyyətimizə basqın edərək min bir əziyyətlə yetişdirdiyimiz ağacların məhvinə aparacaq “Azərelektrik Tikinti Quraşdırma” MMC-nin bu hərəkətlərinə hüquqi qiymətin verilməsində bizə köməklik göstərəsiniz.

Sizə əvvəlcədən təşəkkürümüzü bildiririk”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}