Göyçay sakini rayon Elektrik Şəbəkəsinin rəhbərliyindən ŞİKAYƏTÇİDİR – “Mağazamın qarşısından yüksək gərginlikli elektrik xətti keçdiyi üçün…”


Göyçay şəhəri, Ş.İ.Xətayi küçəsi, dalan 1, ev 1 sakini Hənifəyev Ehtibar Sabir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. E.Hənifəyev “Azərişıq” rəhbərliyindən şikayətçidir:

“Bildirirəm ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən mağazam üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına “Azərişıq” tərəfindən razılıq verilmədiyi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmirəm. Özümə məxsus qanuni torpaq sahəmin üzərində, xüsusi icazə alaraq, inşa etdirdiyi mağazanın qarşısından yüksək gərginlikli elektrik xətti keçdiyi üçün dövlət reyestrində qeydiyyata almırlar. Baxmayaraq ki, həmin yüksək gərginlikli elektrik xətti çoxlu sayda ticarət və iaşə obyektlərinin qarşısından keçir.

Hətta “Azərişıq” ASC-nin əməkdaşları ərazidə olub, baxış keçirib və mənə göndərdikləri cavab məktubunda qeyd ediblər ki, həmin yüksək gərginlikli elektrik xəttinin kənara çəkilməsi mümkündür.

Onu da qeyd edim ki, Göyçay-Bərgüşad yolunun kənarı ilə çəkilmiş yüksək gərginlikli elektrik xətti bir neçə yerdə yolun sağından sol hissəsinə keçirilmişdir.

Mənim mağaza inşa etməyimə görə Göyçay Elektrik Şəbəkəsinin rəhbərliyi ərazidə olub, baxış keçirib razılıq verilməsinə dair akta imza atmışlar. İndi isə həmin qurum yüksək gərginlikli elektrik xəttinin keçməsini əsas gətirib, mağazamın dövlət reyestrində qeydiyyata alınması üçün razılıq vermir. Buna görə, süründürməçiliyə məruz qalmışam və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmirəm.

Mən mətbuat vasitəsi ilə “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədovdan xahiş edirəm, mağazamın qarşısından keçən yüksək gərginlikli elektrik xəttinin kənara çəkilməsinə razılıq verib, köməklik göstərsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}