8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Masallı rayonu, Təzəkənd kənd sakini Ağayev Elşən Aydın oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Rövşən Nəbiyev adına olan tam orta məktəbin direktoru Fəxrəddin Babayev Masallı rayon Təhsil sektorunun müdiri Qoşqar Hətəmovla əlbir olub, Təzəkənd tam orta məktəbini bərbad hala salıblar:
"Mən, Ağayev Elşən Aydın oğlu, Masallı rayonu, Təzəkənd kəndində yaşayıram. Ailəm 7 nəfərdən ibarətdir. Bildirmək istəyirəm ki, Masallı rayonunun Təzəkənd kəndində yerləşən Rövşən Nəbiyev adına olan tam orta məktəbin direktoru Fəxrəddin Babayev və Masallı rayon Təhsil sektorunun müdiri Qoşqar Hətəmov əlbir olaraq, Təzəkənd tam orta məktəbini bərbad hala salıblar.
Fəxrəddin Babayevin diaqnostik balı çatmır, amma kiminsə hesabına direktor işləyir. Bundan əlavə, istədiyi qədər özünə dərs saatı götürür.
F.Babayev ixtisasca bioloqdur. Məktəbə direktor keçməmişdən qabaq Bakı şəhərində yaşayırdı.
Bildiyimizə görə, jurnalları onun yerinə başqa müəllimələr yazır. Məktəbdə işi pul yığmaq və yaxın qohumlarını texniki işlərlə təmin etməkdir.
Direktorun qardaşı Afəddin məktəbdə Fizika məllimi işləyir, sertifikatı olmadığı halda Həyat bilgisi fənnindən dərs keçir. Keçən il isə musiqi dərsi deyib.
Afəddin Babayevin həyat yoldaşı təhsilini tam başa vurmamasına baxmayaraq, məktəbdə laborant işləyir. "İşləyir" deyəndə, sadəcə adı gedir. Diplomu olmasa da, bu vəzifədə işləyir və əmək haqqı alır.
Onu da qeyd edim ki, məktəbdə saxta diplomla işləyən müəllimlər də var. Elə müəllim var ki, ailəsinin 4 üzvü də məktəbdə texniki işçi kimi gedir.
Cənab Prezident İlham Əliyev çıxışlarında vurğulayır ki, birinci növbədə şəhid ailələri, qazilər və aztəminatlı ailələr işlə təmin olunsun. Amma bu məktəbdə yalnız müəllim və müəllimlərin ailə üzvləri işləyirlər. Onlar da, sadəcə, əziyyət çəkmədən dövlətin büdcəsindən əmək haqqı almaqla məşğuldurlar.
9-10-11-ci siniflərin şagirdləri məktəbə getmirlər. Hamısı repetitor yanına gedir.
Ruhi əsəb dispanserində qeydiyyatda olan II qrup əlil insan məktəbdə müəllim və texniki işçi kimi işləyir. Əsəb dispanserinin xəstəsi necə ola bilər ki, müəllim işləsin?
Kəndin əksər sakinləri kasıb ailələrdir, torpağımız əkinçilik üçün yarasız olduğuna görə, bu sahə ilə də məşğul ola bilmirik. Mənim 2 övladım müharibə iştirakçısıdır, hal-hazırda himayəmdə yaşayırlar. Heç biri işləmir, hər birinin azyaşlı övladı var. Direktorun yaxın qohumlarından olsaydım, mənim də övladlarım işsiz olmazdı.
Məktəbin ətrafı çox pis, anti-sanitariya vəziyyətindədir. Azyaşlı uşaqlar üçün təhlükə mənbəyidir. Məktəbdə heç bir tibbi yardım ləvazimatları yoxdur.
Sizin sayt və qəzet vasitəsilə üzümü cənab Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Elm və Təhsil naziri Emin Əmrullayevə tutub xahiş edirəm ki, bu qanunsuz hallar aradan qaldırılsın və qanunu pozanlar cəzasını alsınlar.
Səbr və ümidlə gözləyəcəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.