"Oğluma hərbi hissədə fiziki və psixoloji işgəncə verilir" - ŞOK MÜRACİƏT


Rusiyada yaşayan Əzizov Qabil Sabir oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, oğlu Gəncə şəhərində N saylı hərbi xidmətdə qulluq edərkən, dəhşətli hadisələrlə üzləşib:

“Mən, Azərbaycan Respublikasının vətəndaşı Əzizov Qabil Sabir oğlu, yazaraq bildirirəm ki, oğlum Əzizov Ruslan Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edir. Ruslan Bərdə çağırış və səfərbərlik üzrə dövlət idarəsi tərəfindən ciddi şəkildə yoxlanılmadan, hərbi xidmətə göndərilmişdir. Halbuki Ruslanın səhhətində problemlər var. Bununla bağlı Gəncə Hərbi Klinik Hospitalında 3-cü dərəcəli ayaqaltı düzlüyü müayinəsiylə, Bakı Mərkəzi hərbi klinik hospitala göndərilmişdir. Bundan əlavə, hal-hazırda oğlumun bədənində dəri yaraları əmələ gəlib.
Ruslan sağlamlıq cəhətdən çatışmazlıqlarına və gücsüz olmasına baxmayaraq, heç vaxt hərbi xidmətdən yayınmamışdır.
Mənim sizə müraciətim ondan ibarətdir ki, oğlum Ruslan son iki ayda hərbi xidmətdə dəhşətli hadisələr yaşayıb. Belə ki, “karantin” vaxtı bitməsinə baxmayaraq, o, hələ də hərbi hissədə saxlanılır və heç bir psixoloji problemi olmasa da, hərbi hissənin 27-ci bölüyündə otuz dörd nəfər psixoloji problemli əsgərin içərisində saxlanılır.
Son iki aydır oğluma komandir və əsgər heyəti tərəfindən yüksək təzyiq olunur. Komandir heyəti və əsgərlər arasında qruplaşma yaradılıb. Ruslana qarşı nalayiq, təhqiramiz sözlər işlədilir. Həmçinin, psixoloji problemli əsgərlərin hər biri böyük qruplaşma yaradaraq, tənhalıqda Ruslana qarşı yüksək şiddət göstərmişlər.

Sözügedən qruplaşma iyirmi nəfərdən ibarətdir. Hətta şiddət zamanı soyuq silahdan belə istifadə olunmuşdur. Bundan əlavə, bir neçə nalayiq və iyrənc hərəkətlər olunmuşdur.

Bir aydır ki, duş qəbul etməsinə imkan verilmir. Duş qəbul etmək istədiyi zaman əsgərlər tərəfindən iyrənc hərəkətlərə məruz qalır. Bu əsgərlərin içərisində “heteroseksuallar” mövcuddur.

Ruslan ona göstərilən təzyiqi, şiddəti komandirlərinə bildirsə də, heç bir tədbir görülməmişdir. Əksinə, komandirlər tərəfindən ona qarşı pis sözlərdən isdifadə olunmuşdur.

Sözügedən qruplaşmaları yaradan ən başlıca şəxs hərbi hissədə xidmət göstərən Baş leytenant Nadir Quliyevdir.

Qısası, Ruslana hərbi hissədə fiziki və psixoloji işgəncə verilir. Son telefon danışığında oğlum intihar edəcəyini və vəziyyətin belə olmasından artıq cana gəldiyini dedi.

Mən altı oğul atasıyam. Bu dövlətə altı əsgər, altı igid böyüdürəm. Böyük oğlum ali təhsil alır. Cəmiyyətə, millətə xeyirli bir fərd olmaq üçün səy göstərir. Digər oğlum hərbi xidmətini müvəffəqiyyətlə yeni başa vurdu. Övladlarımı bu dövlətə layiq insanlar olması üçün böyüdürəm.

Oğlum Ruslan hərbi hissədə fiziki, psixoloji işgəncələr yaşayır. Bu, bir ata, bir valideyn üçün dözülməz haldır. Mən övlad böyütmürəm ki, ona işgəncə, əzab verilsin. Oğlumu dövlətə xidmət etməsi üçün yola salmışam. Mən dövlətimizin ədalətinə, hökmünə tam güvənirəm. Oğlum hal-hazırda Bakı Mərkəzi hərbi klinik hospitaldadır.

Bu yazını oxuyan bütün səlahiyyətli şəxslərdən xahiş edirəm ki, mənə kömək etsinlər. Bu hal təkcə mənim oğlumun başına açılmır. Mən bilirəm ki, bir çox uşaqların başına bu oyunlar açılır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti