15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə davam etdiyi bir vaxtda dövlət vəsaitlərinin necə xərcləndiyi məsələsi ictimai maraq doğurmaqda davam edir. Son olaraq Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən qurumun avtomobillərinə texniki xidmətin “Diamond Motors” MMC-yə həvalə olunması ilə bağlı məlumatlar yeni suallar ortaya çıxarıb.
Rəsmi açıqlamaya görə, ümumi dəyəri 5,3 milyon manatdan çox olan tender çərçivəsində qurumun balansında olan müxtəlif tipli nəqliyyat vasitələrinə, o cümlədən Pajero Sport, Outlander və L-200 markalı avtomobillərə istehsalçı zəmanəti müddətində texniki qulluq göstəriləcək. Kağız üzərində bu, adi xidmət müqaviləsi kimi görünə bilər. Lakin məbləğin həcmi və tenderin detalları şəffaflıq baxımından ciddi müzakirə mövzusudur.
İlk növbədə sual yaranır, bu qədər iri məbləğli xidmət müqaviləsində rəqabət mühiti nə dərəcədə təmin olunub? Alternativ şirkətlər prosesə cəlb olunubmu, yoxsa tender formal xarakter daşıyıb? Dövlət satınalmalarında əsas prinsiplərdən biri olan açıq rəqabətin təmin olunması barədə ictimaiyyətə dolğun məlumat verilmir.
Digər tərəfdən, müqavilənin əhatə dairəsi də diqqət çəkir. Söhbət cəmi bir neçə onluq avtomobildən getsə də, xidmət xərclərinin milyonlarla manat təşkil etməsi iqtisadi əsaslandırma tələb edir. Bu məbləğin necə hesablandığı, hansı xidmətlərin daxil olduğu və qiymətlərin bazar şərtlərinə uyğunluğu barədə açıqlamalar yetərli deyil.
Məsələyə kölgə salan digər məqam isə qurumun rəhbərliyi ilə bağlıdır. İcraçı direktor Leysan Məmmədovun adı ilə yanaşı, onun ailə üzvlərinin keçmişdə qalmaqallı hadisələrdə hallanması barədə məlumatlar ictimai etimad baxımından əlavə risklər yaradır. Hərçənd bu faktlar birbaşa tender prosesinə aid olmasa da, dövlət qurumlarında reputasiya və şəffaflıq məsələləri bir-birindən ayrı düşünülə bilməz.
Bütün bunlar fonunda əsas sual dəyişməz qalır, dövlət vəsaiti xərclənərkən maksimum səmərəlilik və hesabatlılıq təmin olunurmu? İşğaldan azad edilmiş ərazilərin bərpası kimi həssas və strateji bir sahədə hər bir manatın taleyi cəmiyyət üçün açıq olmalıdır.
Nəticə etibarilə, “Diamond Motors” MMC ilə bağlanan bu müqavilə sadəcə texniki xidmət məsələsi deyil, daha geniş dövlət satınalmalarının şəffaflığı və ictimai nəzarətin gücləndirilməsi kontekstində qiymətləndirilməlidir. Əks halda, milyonluq tenderlər ətrafında yaranan suallar cavabsız qalmaqda davam edəcək.
P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Azad Aydın,
Sozcu.info