ABŞ-da keçmiş konqres üzvünə qarşı yeni ağır ittihamlar irəli sürüldü

ABŞ-da keçmiş Nümayəndələr Palatasının üzvü Erik Svolvel barəsində cinsi zorakılıqla bağlı ittihamların sayı artmaqda davam edir. Son olaraq daha bir qadın 2018-ci ildə Los-Ancelesdə otel otağında zorakılığa məruz qaldığını iddia edib. Bununla da siyasətçiyə qarşı irəli sürülən ittihamların sayı beşə çatıb.

Los-Ancelesdə keçirilən mətbuat konfransında çıxış edən Lonna Druis bildirib ki, hadisə zamanı o, Svolvel tərəfindən içkisinə naməlum maddə qatıldıqdan sonra hərəkətsiz vəziyyətə düşüb. Onun sözlərinə görə, siyasətçi bundan istifadə edərək ona qarşı zorakılıq törədib.

Zərərçəkmiş qadın qeyd edib ki, Erik Svolvel ilə əvvəl dost münasibətləri olub və o, onu müxtəlif ictimai tədbirlərə dəvət edib. Hadisənin baş verdiyi gün isə siyasətçi onu otel otağına apararaq sənəd götürmək bəhanəsi ilə içəri daxil edib.

Druis yaşadıqlarının uzun müddət psixoloji təsirlər buraxdığını, illərlə bu barədə susmasının səbəbinin isə qorxu olduğunu deyib. O, yaxın vaxtlarda hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcəyini də açıqlayıb.

Svolvel tərəfi isə bütün ittihamları qəti şəkildə rədd edir. Onun vəkili Sara Azari yaydığı açıqlamada bu iddiaları siyasi motivli və əsassız hücum kimi qiymətləndirib.

Məlumata görə, Alvin Bragg rəhbərlik etdiyi Manhattan prokurorluğu və ABŞ Nümayəndələr Palatasının Etika Komitəsi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Xatırladaq ki, ötən günlərdə bir neçə qadının oxşar ittihamlarla çıxış etməsindən sonra Svolvel Konqresdəki vəzifəsindən istefa verib və Kaliforniya qubernatorluğu uğrunda yarışdan geri çəkilib.

Araşdırmalar davam edir və hadisənin hüquqi nəticələrinin necə olacağı hələlik qeyri-müəyyəndir.

Arzuman Loğmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti