Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sozcu.info xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu bildirib.
Ekspert Dövlət Neft Fondunun (ARDNF) gecikdirərək açıqladığı 2018-ci il üçün məlumatda diqqəti çəkən bir məqama toxunduğunu xatırladır:
"Fondun gecikən açıqlamasından görünürdü ki, ötən il valyuta vəsaitlərinin idarə edilməsindən gəlirləri 6 dəfə azalıb. Bu azalmanı şərtləndirən başlıca amillərdən biri səhmlərdə yerləşdirilən sərmayənin idarə edilməsindən 42,9 milyon dollar zərərdir. Bununla bağlı Dövlət Neft Fondu cavab açıqlaması yayıb. Əgər həmin açıqlamanın girişində artıq ifadələr yer almasaydı, yəqin ki, siz bu cavabı da oxumayacaqdınız. Çünki məni bu yazını yazmağa məcbur edən özlərini ağıllı hesab edib, başqalarını aşağılayanların ARDNF-ni Norveç Pensiya Fondu, Yeni Zellaniya və ABŞ-ın Alyaska Fondu ilə müqayisəyə edib ötən ilki biabırçı göstəriciyə bəraət qazandırmalarıdır. Yazıda yer alan müqayisədən belə çıxır ki, ötən il dünyanın nəhəng fondları üçün də çətin il olub, lakin, onlara nisbətən bizdə vəziyyət daha yaxşıdır. İqtisad elmində belə müqayisələr zamanı 1 ilin göstəricinə istinad etmək qüsurlu yanaşma hesab olunur. Belə ki, ARDNF-nin açıqlamasında qeyd olunur ki, "2018-ci ildə Norveçin Dövlət Pensiya Fondunun gəlirliliyi – 6,1 faiz, Alyaska və Yeni Zelandiyanın fondlarının gəlirliliyi isə müvafiq olaraq -1,1 faiz və -2,18 faiz olub. Qeyd edilən dövr üzrə Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35 faiz olub”.
Q.İbadoğlu həmin fondların investisiya portfelinin 2010-2017-ci illərdə orta gəlir göstəricisini ARDNF ilə müqayisə edib:
"2010-2017-ci illər üzrə investisiya portfelinin orta illik gəliriliyi Norveç Pensiya Fondunda 7,6 faiz, ABŞ-ın Alyaska Fonunda 9,7 faiz, Kanadanın Alberta Fondunda 11,5 faiz, Yeni Zellandiya suveren Fondunda 15,5 faiz olub. Həmin dövr ərzində Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinin orta gəlirliyi isə 1,53 faiz olub. Diqqət edin, ARDNF-nin investisiya idarəetmə sahəsində "təcrübə”si olan, qlobal maliyyə bazarlarındakı son trendləri izləyən və səhm bazarlarındakı durumu "düzgün dəyərləndirən” mütəxəssislərin 2010-cu ildən bəri əldə etdiyi nəticə budur. Elementar iqtisadi biliyi olanlar da başa düşür ki, faizlərin artma dövrünə daxil olan iqtisadi fazada səhmlərə sərmayə qoymaqla qazanmaq olmur. Dövlət Neft Fondu nun ötən il 5 milyard dollarlıq sərmayəsi səhmlərdə olub”.
Ekspert daha sonra Fondun açıqlamasında toxunulan başqa məqamlara diqqət çəkib:
"Diqqəti çəkən ikinci məqam ARDNF-nin əsas missiyasının neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması, habelə toplanan vəsaitlərin daimi gəlir mənbəyinə çevrilməsinin xatırlamasıdır. Odur ki, bu məsələyə dair fikirlərimi də sizinlə bölüşmək istərdim. Qeyd etmək istərdim ki, neft gəlirlərinin nəsillər arasında ədalətli bölgüsünün təmin olunmasından 2 səbəbə görə danışmağa dəymir.
Birincisi, ötən 15 il ərzində vəsaitlərin yığılması və ya uzunmüddətli inkişaf layihələrinə yönəldilməsi əvəzinə onların büdcəyə transfertlər vasitəsilə cari və infrastruktur layihələrinə xərclənməsi prioritet olub. Belə ki, 1 yanvar 2019-cu ilə qədər Azəri-Çıraq- Günəşlidən 138 milyard 209 milyon dollar vəsait daxil olub, hazırda Fondun aktivləri 38 515,2 milyon ABŞ dollarına bərabərdir. Nəzərə alsaq ki, aktivlərin bir hissəsi valyuta vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər hesabına formalaşıb, onda belə çıxır ki, yalnız bir yataqdan – ACG-dən əldə edilən neft gəlirlərinin 100 milyard dollardan çoxu və ən azı hər 4 dollardan 3-ü xərclənib. Bu, son 15 ildə xərclənmiş vəsaitin məbləğini ifadə edir. Əgər, son 15 ildə ölkəni idarəedənlər neft gəlirlərinin 75 faizini xərcləyibsə, onda hansı əsasla biz neft gəlirlərinin gələcək nəsillər üçün qoruyub saxlayırıq iddiası ilə çıxış etmək olar? Belə olan halda neft gəlirlərinin nəsillər arasında ədalətli bölgüsündən danışmağa dəyərmi?
İkincisi, «Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya»nın tələbləri pozulub. Belə ki, strategiyada göstərilir ki, neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir. Neft və qaz gəlirlərindən daxilolmaların zirvə səviyyəsi hələ mübahisə predmeti olaraq qalır. Baxmayaraq ki, faktiki məlumatlara görə, ən çox gəlirlər ölkəyə 2011-2015-cü illərdə daxil olub. 2011-ci ildə xərcləmələrin səviyyəsi 61,4 faiz olduğu halda, bu göstərici 2012-ci ildə 78 faiz, 2013-cü il üçün 90,4 faiz, 2014-cü ildə 79,4 faiz, 2015-ci ildə 118,9 faiz olub. Göründüyü kimi, ARDNF «Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya» nın neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilməsi tələbinə 2011-2015 illər ərzində yalnız 1 dəfə 2011-ci ildə əməl edib, qalan 4 ildə isə startegiyanı pozub. Bütün bunlara ARDNF-nin cavablarını bilmək maraqlı olardı”.